Bildiyimiz kimi, Azərbaycan həqiqətlərinin dünyaya dəqiq və düzgün çatdırılması istiqamətlərində həyata keçirdiyi işlər çərçivəsində ölkə başçısı cənab İlham Əliyev dəfələrlə tanınmış kütləvi informasiya vasitələrinə geniş müsahibələr verib. Cari ilin dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova Prezident cənab İlham Əliyevin verdiyi müsahibədə bir sıra mühüm əhəmiyyətli məsələlərə toxunulub.
Məlumdur ki, Azərbaycan-Rusiya əlaqələri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. Bildiyimiz kimi, Moskvada “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması iki dövlət arasında münasibətlərin daha da dərinləşməsi, bir-birinin maraqlarının qarşılıqlı hörmət təməlləri üzərində qurulması baxımından əhəmiyyətlidir. Qeyd edək ki, Azərbaycan və Rusiya arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb. Belə bir Bəyannamənin imzalanması iki ölkə arasında 30 ildən artıq bir müddətdə birlikdə keçirilən, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialının artırıldıldığı və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız böyük yolun nümayiş etdirilməsidir. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır. Əgər nəzərə alsaq ki, iki dövlət həm Qafqazda, həm də Xəzər regionunda qonşudur, bir çox cəhətdən ölkələrin xarici siyasət prioritetləri üst-üstə düşür, deməli belə bir sənəd tarixi hadisədir. Bu gün aparılan işlər, görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Xüsusilə 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.
Prezident İlham Əliyev müsahibəsi zamanı Azərbaycan və Rusiya arasındakı iqtisadi əlaqələrin genişlənməsinə, Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işlərində Rusiya şirkətlərinin iştirakına xüsusi olaraq toxundu. Qeyd edildi ki, bu yaxınlarda Həştərxan vilayətinin qubernatorunun tapşırığına əsasən uşaq bağçasının tikintisinə başlanılıb. Azərbaycana səfəri çərçivəsində Həştərxanlı qonaqlar bu sosial infrastruktur obyektinin tikildiyi Qubadlı rayonunda olublar. İşğaldan azad edilən ərazılərimizdə Rusiya Federasiyasından ilk investisiya layihəsi Tatarıstan tərəfindən həyata keçirilib. Bu, Cəbrayıl rayonunda istifadəyə verilən “KamAZ” avtomobillərinin xidmət mərkəzidir. Ümidvarıq ki, bu istiqamətdəki əlaqələr daha da genişlənəcək və inkişaf edəcəkdir.
Bu gün ikitərəfli münasibətlər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının maraqlarına tam şəkildə cavab verir, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verir. Dövlətlərarası siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Müstəqillik dövründa iki ölkə arasında mövcud olan münasibətləri qoruyub saxlayaraq keyfiyyət və mahiyyətcə yeni səviyyəyə çıxarmaq mümkün olmuşdur. Bu gün Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, təhsil, mədəniyyət, humanitar istiqamətləri nəzərdə tutur, eyni zamanda böyük həcmdə hərbi-texniki əməkdaşlığı əhatə edir. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb. Beləliklə, görülən işlər ölkələr arasında münasibətlərin inkişafına yeni və mühüm töhfələr verəcək. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi prioritet vəzifələrdəndir.
Mətanət Əsgərova
Salyan rayon Qaraçala qəsəbə ümumi orta ümumtəhsil məktəbinin direktor əvəzi