Azərbaycan ilə Tacikistan arasında diplomatik əlaqələrin otuz ildən artıq tarixi var

  • 11.04.2023, 10:50,
  • Gündəm
  • Baxılıb: 171
Azərbaycan ilə Tacikistan arasında diplomatik əlaqələrin otuz ildən artıq tarixi var

Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına rəsmi səfəri ölkəmiz Mərkəzi Asiya ölkələri ilə münasibətlərində artıq yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi. Səfər eyni zamanda xalqlarımızın çoxəsrlik qarşılıqlı əlaqələrinin məntiqi davamıdır. Hər iki dövlət başçısının təkbətək və geniş tərkibdə görüşlərinin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Diplomatik münasibətlərin qurulmasından ötən otuz il ərzində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qurub və bu gün qardaş xalqlarımızın rifahına xidmət edən nəticələr əldə edə biliblər. Tacikistan Prezidenti bildirib ki: “Bu münasibətlərin əsası Azərbaycan xalqının görkəmli oğlu və mənim dostum Heydər Əliyev tərəfindən qoyulub. Gələn ay Heydər Əliyevin 100 illiyi Tacikistanda da qeyd ediləcək”.
Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Bizim bugünkü uğurlu inkişafımız göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Həm Prezident Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar, nə tərəqqi, nə də insanların rahatlığı olar.
Prezident İlham Əliyevin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edən dövlət səfəri, həmçinin prezidentlərin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində bir-birlərinə xoş münasibət bəsləyən dövlət başçıları Azərbaycanla Tacikistan arasında əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə edərək perspektivdə əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıblar.
Görüşlər və çıxışlar zamanı parlamentlərarası əməkdaşlığın, mədəni, ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətlərinə önəm verilmiş, regional və beynəlxalq terrorizmə, ekstremizmə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinin hər iki ölkənin milli maraqlarına uyğun olduğu bir daha ifadə edilmişdir.
Ölkəmiz son illərdə Mərkəzi Asiya dövlətləri ilə ciddi əlaqələr qurur, münasibətlərdə böyük canlanma müşahidə olunur. Prezident İlham Əliyevin ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və Tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir.

Savalan Məhərrəmov,
YAP Göygöl rayon təşkilatı üzrə Göyçəkənd kənd ərazi partiya təşkilatının sədr müavini
Mədəniyyət