Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verdi.Dövlət başçısı cənabİlham Əliyevin hər bir müsahibəsi ölkədə və dünyada baş verən hadisələr, onlara Azərbaycan dövlətinin münasibəti barədə məlumatların daha dolğun şəkildə əldə olunmasında zəngin mənbədir. Bu müsahibə bir daha Azərbaycanın regionda və dünyada möhkəmlənən mövqeyinə, artan roluna işıq saldı. Xarici siyasətimizin prioritet istiqaməti kimi istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələrdən, salınan yeni körpülərdən bəhs edən dövlətimizin başçısının əsas diqqət göstərdiyi məsələlərdən biri 2022-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından sonra iki ölkə arasında əlaqələrin hazırkı inkişaf səviyyəsi oldu.Regionumuzda və bütövlükdə dünyada vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyini önə çəkən cənab İlham Əliyev vurğuladı ki, bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Qeyd olunan Bəyannamənin imzalanması 30 ildən artıq bir müddətdə iki ölkənin birlikdə keçdiyi yolun nümayişidir.Azərbaycan və Rusiya həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərdir və bir çox cəhətdən xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman belə bir sənəd tarixi hadisədir. Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır.
Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət yetirilən məsələlərdən biri sülh müqaviləsinin imzalanması üçün mühüm şəraitin mövcud olduğu bir zamanda Ermənistanın Fransa, Hindistan və ABŞ tərəfindən silahlandırılması oldu. Azərbaycan dövlətinin başçısı bildirdi ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür. Bu silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır. Bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Dəfələrlə Azərbaycan Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına buna son qoymağı çatdırıb. Amma təəssüf ki, səsimiz eşidilmir. Ermənistanın silahlanması prosesi sıçrayışla gedir.Tarixi Zəfərimizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə baxmayaraq, dövlətimizin başçısı cənab İlham Əliyev qarşıda dayanan hədəflərdən bəhs edərkən daim hərbi qüdrətimizin artırılmasının vacibliyini xüsusi qeyd edir. Dövlət büdcəsindən ayırmalarda, müdafiə xərclərində nəzərəçarpan artım da bunun bariz nümunəsidir.44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra bu çağırış xüsusi qeyd edildi ki, Ermənistanda revanşist qüvvələrin baş qaldıracağı istisna deyil. Buna hər zaman hazır olmalıyıq. Ötən ilin sentyabr ayında bir günlük lokal antiterror tədbirlərinə qədər Ermənistanın törətdiyi hərbi təxribatlar, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməkdən yayınması bu məsələnin aktuallığını bir daha sübut edir. Ermənistanın bütün bu cəhdləri sonda Azərbaycan Ordusunun lokal antiterror tədbirlərini həyata keçirməsini qaçılmaz etdi. Azərbaycan Silahlı Qüvvələri növbəti dəfə gücünü, qüdrətini nümayiş etdirdi, yeni Zəfərə imza atdı. Ordu quruculuğu istiqamətində addımların davamlılığı yeni dövrün hədəfləri sırasında da xüsusi yer tutur. Bu günlərdə Milli Məclisdə qəbul olunan 2025-ci ilin dövlət büdcəsindən ayırmalarda da müdafiə xərclərinin artırılması diqqətdən kənarda qalmır. Dövlətimizin başçısı cənab İlham Əliyev müsahibəsində bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq.
Azərbaycan və Türkiyə bir-biri ilə sıx tellərlə bağlı iki dost, qardaş, müttəfiq ölkələrdir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir. Həmin vaxtdan iki dost ölkə arasında digər sahələr kimi, hərbi sahədə də əməkdaşlıq mövcuddur. Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində, həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıb. İki ölkə arasında imzalanan Müttəfiqlik Bəyannaməsinə əsasən, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyi var ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Dövlətimizin başçısı İlham Əliyev bu sənədə istinadən bildirdi ki, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Türkiyə ilə Azərbaycan hər il 10-dan çox birgə təlim keçirir. Bu təlimlərin yarısı Azərbaycanda, yarısı Türkiyədə keçirilir.
Cənab İlham Əliyev müsahibədə bu reallığı bir daha vurğuladı ki, Azərbaycan istər Qərbdə, istərsə də Şərqdə müstəqil siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Ölkəmizin beynəlxalq nüfuzunun göstəricilərindən olan COP29 tədbirinin nəticələri müsahibədə əsas diqqət yönəldilən məsələlər sırasında oldu. Cənab İlham Əliyev bu tədbirin hansı səbəbdən “Bakı dönüşü” adlandırıldığını əsaslı şəkildə qeyd etdi. Azərbaycanın diplomatik təcrübəsi yeni körpülər qurmağa və nəticələr əldə etməyə kömək edir. COP29-da 197 ölkənin, 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 min iştirakçının təmsil olunması Azərbaycanın təqdimatı idi.
Məhəbbət Dadaşov
Salyan rayonu, Əməkdar müəllim