Azərbaycan-Tacikistan münasibətləri yüksələn xətlə inkişaf edir

  • 07.04.2023, 14:32,
  • Gündəm
  • Baxılıb: 200
Azərbaycan-Tacikistan münasibətləri yüksələn xətlə inkişaf edir

Azərbaycanla Tacikistan arasında keçmiş ittifaq dönəmindən bu günə qədər davam edən əməkdaşlıq ənənələri var. Tacikistan Orta Asiyada strateji mövqeyinə görə mühüm ölkələrdən biridir. Dağ-mədən, böyük su ehtiyatlarına malik olan bir ölkədir. Hazırkı tarixi mərhələdə Orta Asiya ölkələri ilə münasibətlərin yüksək səviyyədə olması kontekstində Tacikistanın Azərbaycanla əlaqələrinin daha da dərinləşməsi aktual məsələdir. Məhz ona görə də ölkə başçımızın bu səfəri həm iqtisadi, həm də siyasi məna etibarilə strateji əhəmiyyət daşıyır. Hər iki dövlət başçısının təkbətək və geniş tərkibdə görüşlərinin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Diplomatik münasibətlərin qurulmasından ötən otuz il ərzində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qurub və bu gün qardaş xalqlarımızın rifahına xidmət edən sanballı nəticələr əldə edə biliblər. Tacikistan Prezidenti bildirib ki, bu münasibətlərin əsası Azərbaycan xalqının görkəmli oğlu və mənim dostum Heydər Əliyev tərəfindən qoyulub. Gələn ay Heydər Əliyevin 100 illiyi Tacikistanda da qeyd ediləcək. Səfər xalqlarımızın çoxəsrlik qarşılıqlı əlaqələrinin məntiqi davamıdır. Bununla yanaşı, onu da qeyd edib ki, səmimi münasibətlərdə Tacikistanda dərin hörmət bəslənən dahi Nizami Gəncəvi amili də mühüm rol oynayıb.
Danışıqlar həmişəki kimi, qurucu xarakter daşıyıb, ikitərəfli qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə və dərinləşdirilməsinə yönəlib. İki ölkə arasında münasibətlərin tarixi uzaq əsrlərə söykənir. Belə ki, tacik-fars ədəbiyyatının klassikləri kimi ehtiram bəslənilən Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Nizami Gəncəvi də tacik xalqı tərəfindən daim hörmətlə xatırlanıb.
Ölkəmiz son illərdə Mərkəzi Asiya dövlətləri ilə ciddi əlaqələr qurur, münasibətlərdə böyük canlanma müşahidə olunur. Prezident İlham Əliyevin ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyənləşdirir.
"Mən əziz dostum, qardaşım Emoməli Şərifoviç Rəhmona qonaqpərvərliyə, əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Emoməli Şərifoviç, fürsətdən istifadə edib Sizi Azərbaycana səfərə dəvət etmək istərdim". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında deyib. Qeyd edib ki, Emoməli Rəhmon Azərbaycana üç rəsmi səfər edib, mən də Tacikistana üç rəsmi səfər etmişəm. Bu, bizim münasibətlərin dinamikasına dəlalət edir. Fikrimcə, gələcəkdə bu səfərlər daha intensiv olacaq, birlikdə işləyəcək, dostluq edəcək və birgə gələcəyimizi quracağıq. Öz növbəsində dəvətə görə təşəkkür edən Tacikistan Prezidenti vurğulayıb ki, münasib imkan yaranan kimi lütfkar dəvətinizdən mütləq istifadə edəcəyəm.
Xatırladaq ki, ölkələrimizin səmimi dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayan qarşılıqlı səfərlərin reallaşmasının əsası ulu öndərimiz tərəfindən qoyulmuşdur. 1997-ci il dekabrın 10-da Azərbaycan Prezidenti Heydər Əliyev İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin rəhbərlərinin VIII zirvə görüşündə iştirak etmək üçün Tehranda səfərdə olarkən Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb. Görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşdən məmnun qaldığını xüsusi qeyd edən Tacikistan Prezidenti hüquqi demokratik dövlət qurulması və islahatların uğurla yerinə yetirilməsi sahəsində son illər Azərbaycanda həyata keçirilən tədbirlərə böyük maraq göstərdiyini bildirib. Görüş zamanı Prezident Heydər Əliyev bildirib: "Hər iki gənc müstəqil respublikanın nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini daim müdafiə etməsinin böyük əhəmiyyət daşıdığını nəzərə çarpdıraraq əmin olduğumu bildirirəm ki, İslam Konfransı Təşkilatının VIII Zirvə görüşü həm Azərbaycanın, həm də Tacikistanın qarşılaşdığı problemlərin tezliklə aradan qaldırılmasına kömək edən sənədlər qəbul edəcəkdir".
2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin prezidentliyi dövründə Tacikistanla münasibətlər yüksələn xətt üzrə inkişaf edib. Ölkə başçımız 2007-ci il mart ayının 15-də Tacikistanda rəsmi səfərdə olub. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla təkbətək görüş keçirib. Görüşdə Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Səfər çərçivəsində Azərbaycanla Tacikistan arasında bir sıra sənədlər, dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb. Prezident İlham Əliyevin 2014-cü il oktyabrın 16-da Tacikistana rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına təkan verib.
13 avqust 2007-ci ildə Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfərində ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial imkanlardan tam istifadə edilməsinin zəruriliyi bildirilib, bir sıra sənədlər imzalanıb. Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında Birgə Bəyannamə imzalayıblar. Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Tacikistan Prezidenti Emoməli Rəhmon Heydər Əliyev Fondunda olub. Tacikistan Prezidentinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun fəaliyyəti barədə məlumat verilib. Prezidentlərin qarşılıqlı səfərlərindən sonra əlaqələr daha da inkişaf edib.
2012-ci ilin iyul ayında ölkəmizə rəsmi səfər edən Tacikistan Prezidenti Emoməli Rəhmon ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında növbəti mühüm görüşdə iki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Dövlət başçısı Tacikistan Prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmini vurğulayıb. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb. 10 avqust 2018-ci ildə Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri qarşılıqlı əməkdaşlığın genişlənməsinə zəmin yaratmışdır.
Azərbaycan-Tacikistan münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq sahəsində də inkişaf etməkdədir. Azərbaycanla Tacikistan İKT, İƏT, MDB kimi regional təşkilatlarda, həmçinin TRACECA proqramında faydalı əməkdaşlıq edirlər. Müasir dövrdə Azərbaycanla Tacikistan arasında ticari-iqtisadi əlaqələrin əsasını idxal-ixrac, həmçinin tranzit yükdaşımalar təşkil edir.

Eşqin Ocaqverdiyev,
YAP Göygöl rayon təşkilatı üzrə Çaykənd kənd ərazi partiya tşkilatının sədri


Mədəniyyət