Bildiyimiz kimi, dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyov Prezident İlham Əliyevin qonağı olaraq ondan müsahibə alıb. Müsahibədə Rusiya Azərbaycan münasibətlərinin genişləndirilməsi perspektivləri, Bakıda keçirilən yüksək səviyyəli beynəlxalq tədbir olan COP29-un yekunları, bir sıra dövlətlərin bölgədə vəziyyəti gərginləşdirmək məqsədi ilə Ermənistanı silahlandırması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətindəki işlərin vəziyyəti, Azərbaycanda rus dilinə olan münasibət və digər mühüm əhəmiyyət daşıyan məsələlərə toxunulub. Qeyd edilib ki, bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. “Ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq”, – deyən dövlətimizin başçısı bundan sonra da belə olacağına əminliyini ifadə edib.
Prezident İlham Əliyev müsahibəsi zamanı Azərbaycan və Rusiya arasındakı iqtisadi əlaqələrin genişlənməsinə, Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işlərində Rusiya şirkətlərinin iştirakına xüsusi olaraq toxundu. Qeyd etdi ki, bu yaxınlarda Həştərxan vilayətinin qubernatorunun tapşırığına əsasən uşaq bağçasının tikintisinə başlanılıb. Azərbaycana səfəri çərçivəsində Həştərxanlı qonaqlar bu sosial infrastruktur obyektinin tikildiyi Qubadlı rayonunda olublar.
Qeyd edilməlidir ki, işğaldan azad edilən ərazılərimizdə Rusiya Federasiyasından ilk investisiya layihəsi Tatarıstan tərəfindən həyata keçirilib. Bu, Cəbrayıl rayonunda istifadəyə verilən “KamAZ” avtomobillərinin xidmət mərkəzidir. Ümidvarıq ki, bu istiqamətdəki əlaqələr daha da genişlənəcəkdir.
Müsahibəsində Ermənistandan qovulmuş azərbaycanlılardan danışan dövlət başçısı deyib ki, Azərbaycanda Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Hazırki mərhələdə Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı milli vəzifə kimi müəyyənləşdirilib.
Məlumdur ki, 2022-ci il dekabrın 24-də İlham Əliyev bir qrup Qərbi azərbaycanlı ziyalılarla görüş keçirən zaman həmin məsələnin konseptual əsasını milli prioritet kimi müəyyənləşdirmişdi. Bundan sonra Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında həmin qayıdış beynəlxalq hüquqa uyğun olaraq sülh prinsipləri əsasında formalaşıb. Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Ermənistanın Baş naziri Nikol Paşinyana müraciətləri olub. Amma Ermənistan tərəfindən hansısa cavab alınmayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev sözügedən müsahibəsində məhz həmin məsələyə toxunaraq beynəlxalq hüququn təməl prinsipləri olan hər bir insanın doğulduğu yerdə yaşamaq hüququnun tanınmasına Ermənistanın cavab verməməsini vurğulayıb. Ermənistan Azərbaycanla bağlı imzalanmalı olan sülh sənədinin mətniylə bağlı rəsmi Bakının haqlı tələbini iqnor etdiyi kimi, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq məsələsinə də etinasız yanaşır. Ermənistanın bu addımı isə yolverilməzdir.
Nəticə etibarilə biz bu gün yeni reallıqdan, iki ölkə arasında mümkün sülhdən danışırıqsa, sülhün tərkib hissəsindən biri də Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmaq hüququnun təmin olunması olmalıdır. Həmin zaman sülh daha etibarlı, uzunömürlü olar və Azərbaycan-Ermənistan arasında iqtisadi, siyasi, mədəni, humanitar inteqrasiya üçün fundamental zəmin yarada bilər.
Rəşad Vəliyev,
Salyan rayon Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə