Slovakiya-Azərbaycan münasibətlərinin genişlənməsində cənab İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb.

  • 10.05.2024, 09:04,
  • Gündəm
  • Baxılıb: 309
 Slovakiya-Azərbaycan münasibətlərinin genişlənməsində  cənab İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb.

Müstəqil Azərbaycanın qarşılıqlı maraqlar, müstəqillik və suverenlik prinsipləri əsasında həyata keçirdiyi ardıcıl çoxvektorlu xarici siyasət kursu beynəlxalq miqyasda, o cümlədən də Avropa İttifaqı məkanında ölkəmizə çoxlu dostlar qazandırıb. Respublikamız Aİ-də təmsil olunan ayrı-ayrı ölkələrlə intensiv təmaslara malikdir və 9 üzv dövlətlə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb.
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bu sahədə mühüm əhəmiyyətli tədbirlər həyata keçirildi. Heydər Əliyevin siyasi kursunu layiqincə yerinə yetirən Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritet vəzifələrdən biri Azərbaycanın dünya birliyinin layiqli dövlətlərindən birinə çevirməkdir. Bu gün artıq ölkəmiz dünyada sayılıb-seçilən dövlətlərdən biridir. Bunu dövlət başçımızın xarici səfərləri və ölkəmizə səfərə gələn dövlət başçılarının fikirləri də təsdiqləyir. Bu günlərdə Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri zamanı da bunun şahidi olduq.
Azərbaycan-Slovakiya əlaqələrinin qurulması istiqamətində atılan addımlar, əsasən, hər iki respublikanın müstəqillik əldə etməsindən sonraya təsadüf edir. Hazırda ikitərəfli münasibətlər sürətlə inkişaf etməkdədir. Münasibətlərin genişlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. Səfər çərçivəsində dövlətimizin başçısı bir sıra beynəlxalq təşkilatların və xarici ölkələrin rəhbər şəxsləri ilə görüşlər keçirib. Bundan sonra qarşılıqlı səfərlər davam etdirilib və əsas məqsəd ikitərəfli münasibətlərin intensivləşdirilməsindən ibarət olub. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən Slovakiyanın dövlət və hökumət başçıları Slovakiya ilə Azərbaycanın dost ölkələr olduğunu qeyd ediblər.
Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələr tarixində əlamətdar gün kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyev də görüşdən sonra mətbuata verdiyi bəyanatında bunu diqqətə çatdırdı. Dövlətimizin başçısı Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açıldığını bildirdi. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığını diqqətə çatdıran cənab Prezident bunun çox ciddi siyasi və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəd olduğunu bildirdi. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Bir çox sahələr üzrə aparılacaq işlərə də önəmli razılıq əldə olunub. İmzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər də var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir.
Bəyanatda Azərbaycanın Avropa ölkələrinə təbii qaz ixracından da söhbət açıldığını bildirən cənab İlham Əliyev deyib ki, respublikamız hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ola bilsin ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır. Həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir.
İki ölkə arasında əməkdaşlığın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da, təbii ki, böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək.
Hazırda Slovakiya və Azərbaycan müstəqil siyasət aparan ölkələrdir. Hər iki ölkə bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar. Əməkdaşlığın getdikcə möhkəmlənməsi Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifələr açır.

Məhəmməd Ağayev,
Salyan rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü




Mədəniyyət