Zəngilanın ölkəmiz üçün iqtisadi əhəmiyyəti

  • 20.10.2023, 16:06,
  • Gündəm
  • Baxılıb: 128
Zəngilanın ölkəmiz üçün iqtisadi əhəmiyyəti

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malikdir. Hər iki tərəfdən müxtəlif ölkələrlə həmsərhəd olan rayon qərbdə dağlıq, şərqdə düzənlik əraziyə malikdir. Bu özəlliklər Zəngilan rayonunun şaxəli resurslara malik olması ilə bağlı ilkin təəssüratları formalaşdırır. Şərqi Zəngəzur iqtisadi rayonu mineral yataqların sayı üzrə coğrafi şaxələndirməyə malikdir. Rəsmi hesablamalara görə, Qarabağ iqtisadi rayonlarında 155 müxtəlif növ mineral yataqlar mövcuddur ki, bunlar qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntılardır. Zəngilan rayonu iki ölkə ilə qonşu dəhlizlərə malik olmaqla xarici ticarət üçün unikal imkanlara sahibdir. Tranzit nöqteyi-nəzərdən, rayonun xüsusi özəlliyi var ki, İran islam Respublikası ilə ticarət münasibətlərinin daha da inkişafına töhfə verə bilər. Habelə, Şərqi Zəngəzur iqtisadi rayonunda Kəlbəcərdən sonra ikinci daha böyük və sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağı, ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları mövcuddur. Erməni işğalçıları tərəfindən istismar edilmiş bu yataqlar sözügedən ölkəni dırnaqarası “keyfiyyətli mineral ehtiyatlar” ixrac edən ölkəyə çevirmişdi. Belə ki, Ermənistanın xarici ticarətini tədqiq edən zaman ixracda dominant mövqe mineral ehtiyatlara aiddir. Qədim Azərbaycan torpağına aid Ermənistan ərazisində də mineral ehtiyatlar mövcuddur. Sözügedən ölkə Kəlbəcər və Zəngilan rayonu ərazisində yerləşən mineral ehtiyatları mənimsəyərək erməni mənşəli resurs kimi Avropa ölkələrinə və Rusiya Federasiyasına ixrac edirdi.
Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhərinin işğaldan azad olunması ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirəcəkdir. İqtisadiyyatda tikinti sektorunun drayver roluna malik olduğunu nəzərə aldıqda, daxili tələbin qarşılanmasında Zəngilan rayonunun təbii sərvətləri əhəmiyyətli rol oynacaqdır. Bundan əlavə, son illər mineral resurslarımızın ixracı qeyri-neft sektorunda lider mövqelərdə təmsil olunur. Zəngilan rayonunda sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağından istifadə ilə ölkəmiz mineral resurslar ixracını daha da artıracaqdır.
Zəngilan rayonunun iqtisadi inkişafına dəstək göstərəcək digər amil onun strateji mövqeyi ilə yanaşı, Zəngəzur dəhlizinin, yeni nəqliyyat xətlərinin istifadəsi olacaq ki, bu da rayonu bölgənin logistik habına çevirəcək. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Uzun illər işğal altında qalan torpaqlarımızda çox çəkməz həyat yenidən qaynayacaq, bu yerlərə gülüş və həyat yenidən qayıdacaqdır.

Sara Hüseynova,
Salyan şəhər 2 saylı tam orta məktəbin psixoloqu
Mədəniyyət