Azad edilmiş torpaqlarda ekoloji proqramlar ardıcıllıqla icra olunmaqdadır

Azad edilmiş torpaqlarda ekoloji proqramlar ardıcıllıqla icra olunmaqdadır

Prezident İlham Əliyev 04 may 2022-ci il tarixli sərəncamı ilə Vahid Hacıyevi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Prezidentin Xüsusi Nümayəndəsi təyin etmişdir. Bu münasibətlə Prezidentimiz Vahid Hacıyevi video-formatda qəbul edərək ona müvafiq tapşırıqlar vermişdir.
Çəmiyyətimiz tərəfindən Şərqi Zəngəzur iqtisadi zonasının yaranması, istərsə də Prezidentin xüsusi nümayəndəsinin təyin olunması sevinclə qarşılanmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyun 2021-ci il tarixli Sərəncamı ilə ərazi bütövlüyü şəraitində ölkəmizin coğrafi ərazisində əvvəl mövcud olmuş 10 iqtisadi rayon əvəzinə işğaldan azad edilmiş rayonların əraziləri də nəzərə alınmaqla 14 iqtisadi rayonun yaradılması Vətən müharibəsindən sonra ölkədə yaranmış yeni reallığın obyektiv ifadəsidir. Yeni ərazi-inzibati bölgü əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması Vətən müharibəsində qazanılmış tarixi Zəfərin meydana çıxardığı gerçəklikdən doğan addımlardır.
Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması vaxtilə işğal edilmiş Qərbi Zəngəzurun hüdudlarında müstəqil Azərbaycan dövlətinin sərhədlərinin daha da möhkəmləndirilməsinə və bu iqtisadi rayonun inkişafına xidmət edir. Şərqi Zəngəzur iqtisadi rayonu həm də region dövlətlərinin hərtərəfli inkişafına geniş imkanlar yaradacaq Zəngəzur dəhlizinin yaradılmasına açılmış qapıdır. Göründüyü kimi, Vətən müharibəsindəki Zəfərin ardınca Qarabağa və ətraf bölgələrə yenidən qayıdış mühüm ictimai-siyasi və iqtisadi əhəmiyyətə malik olan bir prosesə çevrilmişdir. Hazırda Qarabağın və Şərqi Zəngəzurun ayrı-ayrı rayonlarını əhatə edən genişmiqyaslı yollar şəbəkəsi Böyük Qayıdışın və Böyük Quruculuq Hərəkatının mükəmməl yol xəritəsidir. Yüksək dünya standartlarına cavab verən bu yollar şəbəkəsi Qarabağın yenidən qurulmasını və daha da inkişaf etdirilməsini təmin edən, lazım gəldikdə hərbi-strateji vəzifələrin də həyata keçirilməsi üçün əlverişli imkanlar yaradan magistrallardır. Regionda icrasına başlanmış genişmiqyaslı dəmir yolları və hava yolları şəbəkələri Qarabağın və Şərqi Zəngəzurun inkişaf etdirilməsi ilə bərabər, həm də qonşu dövlətlərlə əlaqələrin yenidən qurulmasına və turizmin inkişafına meydan açan möhtəşəm layihələrdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şərqi Zəngəzurda, Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda və Cəbrayılda təməllərini atdığı hava limanları, yaşayış məskənləri, tunellər, yollar da regionun hərtərəfli inkişafına xidmət göstərəcəkdir.
Cənab Prezident çıxışında ötən işğal dövründə erməni vandalları tərəfindən Qarabağda eləcə də, Şərqi Zəngəzur bölgəsində törədilmiş dağıntılara, vəhşiliyə və cinayətə də toxunaraq, erməni işğalçı ordusunun bəzi hərbi hissələrinin yerləşdiyi bir neçə inzibati binadan başqa Zəngilan rayonunun demək olar ki, yerlə-yeksan edilməsini xatırlatdı. Bu mənada Azərbaycanın Müzəffər Milli Ordusu təkcə torpaqlarımızı işğaldan azad etmədi, həm də dünya erməniliyi üzərində böyük qələbə çalmaqla, bölgəmizi erməni faşizmindən xilas etdi. Bu gün möhtərəm Prezidentimizin tapşırığı ilə bütün işğaldan azad olunmuş ərazilərdə olduğu kimi Zəngilan ərazisində də Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə geniş bərpa quruculuq işləri aparılır. Ölkə başçısı çıxışında demək olar ki, tam dağıdılmış Zəngilan şəhər məscidinin hazırda əsaslı təmir olunduğunu, ilk pilot layihə kimi Zəngilanın Ağalı kəndinin yüksək standartlarla yenidən qurulduğunu bildirdi. Prezidentimiz çıxışında qeyd etmişdir ki, qurulan bu smart kəndlərdə yaşayacaq keçmiş məcburi köçkün adlandırdığımız vətəndaşlarımız üçün təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq kimi bütün amillər nəzərə alınır.
Cənab Prezident Qarabağın perspektivliyindən danışarkən azad edilmiş torpaqların xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarının təbii iqliminin və coğrafiyasının geniş kənd təsərrüfatı potensialına malik olmasını və gələcəkdə görüləcək işlərin, əhalimizin ərzaq təhlükəsizliyinin təmin edilməsində xüsusi önəm daşıdığını da vurğuladı. Cənab İlham Əliyev Zəngilan rayonunun, eləcə də Qarabağın digər rayonlarının çox gözəl və füsunkar təbiətə malik olmasını qeyd edərək, turizmin inkişafı və potensialı haqqında fikirlərini söylədi: “Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. Otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq”.
Prezitentin çıxışının önəmli istiqamətlərindən biri də işğal dövründə işğal altında olan min hektarlarla torpaqların ekologiyasına ermənilərin vurduğu böyük zərər haqqında fikir və tövsiyələridir. Çıxışı zamanı Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesindən, “Bəsitçay” təbiət qoruğunun bir hissəsinin məhv edilməsindən söz açaraq, qızıl və digər qiymətli metallar yatağının vəhşicəsinə istismar olunmasından danışdı. ”Oxçuçay”ın da Ermənistanın ekoloji terroruna məruz qalmasına fikirlərini bildirərək, Ermənistanda istismar edilən mis kombinatının bütün axıntılarının “Oxçuçay”a təmizlənmədən ötürüldüyünü qeyd etdi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çıxışı Vahid Hacıyevə tövsiyə və tapşırıq olmaqla bərabər, həm də beynəlxalq ictimaiyyətə, erməni faşizmini dəstəkləyənlərə və onlarla iş birliyində olanlara da ciddi mesaj oldu.
Azad edilmiş tarixi torpaqlarımızda aparılan davamlı ekoloji tədbirlər dövlətimizin bu istiqamətdə üzünmüddətli strategiyasının tərkib hissəsidir. Bu işlərdə vətəndaş cəmiyyəti təmsilçilərinin də iştirakı etməsi çox önəmlidir. İnanırıq ki, Zəngilanda aparılan sosial- iqtisadi layihələr çox qısa zaman daxilində öz nəticəsini verəcəkdir.

Rüstəm Məlikov,
“Ana Kür” ekoloji problemlərin öyrənilməsinə kömək ictimai birliyinin sədri
Mədəniyyət