Böyük qayıdışın başlanğıcı

Böyük qayıdışın başlanğıcı

2020-ci ilin oktyabrında qəhrəman Azərbaycan Ordusu Zəngilanı düşməndən azad edərkən bu rayonun quruca adı qalmışdı. Vandal ermənilər işğaldakı digər çoxsaylı yaşayış məntəqələrimiz kimi Zəngilanı da yerlə bir etmişdilər.
Zəfərimizdən keçən 18 ay ərzində artıq Qarabağ yenidən canlanır, evlər tikilir, qəsəbələr, şəhərlər salınır. Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” qurulur və bu il böyük qayıdışa start veriləcək, yaşayış məntəqəsi ilk sakinlərini qəbul edəcək.
Mayın 4-də Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndə təyin etdi. Cənab Prezident xüsusi nümayəndəsini təyin edərkən vacib tövsiyələrini verməklə yanaşı, həm də növbəti dəfə erməni faşizminin iç üzünü açdı: “Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları-hərbçilər istifadə edirdilər. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir”.
Lakin bütün bunlara baxmayaraq, Azərbaycan qurur, yaradır. Ölkə başçısının da qeyd etdiyi kimi, Zəngilan rayonunda tarixi-dini abidələrin bərpası işləri artıq başlanıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur. Azərbaycan dövləti təkbaşına, kimsədən maddi dəstək görmədən Qarabağı qurub-yaratmaqdadır, bu da dünyanın ədalətsizliyidir. Ermənistana işğalçı siyasətin qarşılığında yardım paketlərini qəbul edən çevrələr 30 il ərzində yüz milyardlarla zərər görmüş ölkəni Qarabağ xarabalıqları ilə baş-başa buraxıblar. Amma buna da dözürük və əlimizi işdən soyutmuruq. Çünki hədəf Böyük Qayıdışdır! Qarabağ Azərbaycan xalqının isti nəfəsi üçün çox darıxıb, elə vətəndaşlarımız da doğma yurd yerlərinin həsrətindədirlər, qonaq kimi gedib-gəlmək o niskili aradan qaldırmır. Ermənilər vaxtaşırı təxribatlar törətməklə hesab edirlər ki, azərbaycanlıların Qarabağa əbədilik qayıdışını əngəlləyə biləcəklər. Biz “Ağıllı Ağalı”nı tikib-bitirməkdəyik, düşmən hələ də ağıllanmayıb. Prezident böyük müjdəni verdi: “Keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir. Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar”.
Qeyd ediyimiz kimi, Azərbaycanın əsas hədəfi Böyük Qayıdışın təmin olunmasıdır. Ölkə rəhbəri də qeyd etdi ki, keçirilən sorğularda məcburi köçkünlərin böyük əksəriyyəti geri dönməyə hazır olduğunu bildirib. Amma Prezident İlham Əliyev detallara da toxundu və bildirdi ki, qayıdışın təmin olunması üçün həyata keçirilməli olan işlər var. Yəni evlər tikildi, infrastruktur quruldu, bununla məsələ bitmir. Əhalinin məşğulluğu vacib məsələlərdən biridir. Ağalı kəndində bu məsələ nəzərdə tutulub. Bu il orada yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olacaqdır.
İki dövlətlə həmsərhəd olan Zəngilan ərazisinin beynəlxalq əhəmiyyəti də danılmazdır. Prezidentin qeyd etdiyi kimi, Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq. Zəngəzur və bu yolda Zəngilanın önəmi böyükdür. Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Zəngilandakı hava limanının önəmi misilsiz olacaq.
Şərqi Zəngəzurun mühüm bir parçası olan Zəngilanda görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq. Azad edilmiş torpaqlarda kənd təsərrüfatı ilə bağlı çox böyük planlar var. Ərzaq təhlükəsizliyi ön plandadır. Ölkə başçısı da qeyd etdi ki, son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir.
Zəngilan rayonunun həmçinin, böyük turizm potensialı vardır. Gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. Otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq. O günə doğru dövlətimiz inamla irəliləyir. Yolumuz açıq, işlərimiz avand, yurdlarımız abad olsun! Böyük Qayıdışın “zəng”ı çalınmaq üzrədir.

Məlakə Məlikova,
Salyan şəhər 5 saylı ümumi orta məktəbin direktoru

Mədəniyyət