Zəngilan rayonu Azərbaycan iqtisadiyyatına xüsusi tövhə verən rayonlardan birinə çevriləcək
- 04.10.2023, 09:52,
- Gündəm
- Baxılıb: 170
Facebook
Вконтакте
Одноклассники
Google+
Məlumdur ki, ikinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistikaimkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Azad olunan ərazilər arasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanın potensialı orada böyük infrastruktur layihələrin həyata keçirilməsinə imkan verir. Dünyada 2-ci, Avropada isə 1-ci çinar meşələri ilə tanınan Zəngilan üçün yeni dövr başlayır. Rayonun ölkənin nəqliyyat logistika mərkəzinə çevrilməsi prioritet məsələlərdəndir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır. İndi işğal dövründə erməni vandalları tərəfindən yerlə yeksan edilən, dağıdılan yurd yerlərinin bərpası işinə başlanılıb. “Böyük Qayıdış” layihəsi uğurla həyata keçirilir. Birinci pilot layihəyə əsasən Zəngilanın Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi nəzərdə tutulub. Burada yaşayış üçün lazım olan bütün şərait yaradılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bütün Qarabağlılar kimi uzun illər vətən həsrəti ilə yaşayan Zəngilanlılar öz doğma Zəngilanlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bölgənin yol infrastrukturu surətlə şaxələnir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq.
Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Nəzərə alsaq ki, Zəngilan təbii ehtiyyatlarla zəngin olan rayonlarımızdandır. Bu da da təbii ki, Zəngilanda fərqli sənaye sahələrinin qurulmasına imkan yaradır. Və gözlənilir ki, emaledici sənaye bu rayonda daha çox inkişaf edəcək. Eyni zamanda turizm potensialı da böyükdür. Çünki Zəngilanın təbiəti və eyni zamanda tarixliyi daha çox xarici turisti cəlb etməyə imkan verir. Bu sektorun inkişafını stimullaşdırmaq mümkün olacaq
Zəngilan həm də nəqliyyat və logistik baxımdan seçilən rayonlarımızdandır. Çünki hava limanının istifadəyə verilməsi, Zəngilan üzərindən dəmiryolu və eləcə də avtomobil yollarının inşa edilməsi və gələcəkdə Zəngəzur dəhlizinə Zəngilanda formalaşan nəqliyyat şəbəkəsinin inteqrasiyası da nəticə etibarı ilə bu rayonumuzda logistikanın inkişafı baxımından da yeni imkanlar yaradacaq.
Ən əsası, Zəngilan rayonu çox qısa zamanda məskunlaşmadan sonra Azərbaycan iqtisadiyyatına xüsusi tövhə verən rayonlardan birinə çevriləcək.
Cavid Əsgərzadə,
YAP Göygöl rayon təşkilatı Aparatının məsləhətçisi