"Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir". Bu fikirləri Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.
Dövlət başçısı qeyd edib ki, Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri, demək olar ki, başa çatmaq üzrədir. Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıb. Beləliklə, ölkəmiz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olub. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı addımlar da atılır, tədbirlər görülür. Bu tədbirlər oraya qayıdacaq soydaşlarımızın rahat, təhlükəsizlik şəraitində yaşamasına imkan yaradır. Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsi kimi təqdir olunur. Vətən müharibəsində əldə etdiyimiz Tarixi Zəfərdən sonra imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyev azad olunmuş Laçın rayonuna ilk səfəri zamanı Güləbird kəndində Azərbaycan bayrağını ucaldıb. Laçın şəhərinin mərkəzi və kəndlərinin Ermənistanla sərhəddə yerləşməsi bu ərazilərin strateji əhəmiyyətə malik olmasını təsdiq edir. Laçın şəhərinin və kəndlərin Azərbaycana qaytarılması bu ərazilərdən məcburi köçkün düşmüş, 30 il ağır psixoloji şəraitdə yaşamış insanların öz ata-baba yurdlarına qayıtması ilə bağlı ümidlərini daha da artırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonuna da həyat yenidən qayıdır. Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən biridir. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda üstünlükləri var. Təbii ehtiyatları ilə fərqlənən rayonda emaledici sənaye istehsalının təşkili mümkündür. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq olub. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq da inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanırdı. Laçın həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Belə ki, rayonda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaq. Hazırda işğaldan azad olunan ərazilərdə həyata keçirilən quruculuq işləri hər birimizə qürur verir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən rayonlara səfərləri həmişə böyük ruh yüksəkliyi ilə qarşılanır. Prezident İlham Əliyevin dediyi kimi, tezliklə doğma Qarabağımız cənnətə çevriləcək. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər bunu deməyə əsas verir. Bir sözlə, hər ötən an dədə-baba yurdundan didərgin düşən yüz minlərlə keçmiş məcburi köçkünü Böyük Qayıdışa, Qarabağa və Şərqi Zəngəzura daha da yaxınlaşdırır. Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Laçın şəhərində nümunə evlər inşa edilir, yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır, beynəlxalq hava limanı tikilir. Göygöl rayonundan da Şərqi Zəngəzura yol açılır, eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa olunur. Ermənistanın işğalı zamanı Laçında mövcud olmuş 14 kiçik su elektrik stansiyaları bərpa olunacaq və əlavə 14 yeni su elektrik stansiyası tikiləcək. Beləliklə, 28 su elektrik stansiyasının ümumi gücü 120 meqavat olacaq. Bu, Laçının enerji tələbatından bir neçə dəfə çoxdur. Bu stansiyalarda istehsal olunan elektrik enerjisi "Laçın" qovşaq yarımstansiyası və digər yarımstansiyaları birləşdirən 400 kilometrdən artıq ötürücü xətlər vasitəsilə Azərbaycanın ümumi enerjisinə ötürüləcək. Bununla da Qarabağda və Şərqi Zəngəzurda enerjinin verilişində fasilə yaranmayacaq. Ən çox tunellər də məhz Kəlbəcər və Laçın rayonlarındadır. Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, Göygöl rayonundan da Şərqi Zəngəzura yol açılır. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir. Burada beynəlxalq hava limanının tikilməsi bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Bu yerlərin sakinlərinin öz yurd-yuvalarına qayıtması üçün böyük layihələr həyata keçirilir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, 30-dan çox ictimai bina inşa edilir. Dövlət başçısının göstərişi ilə bütün bu işlər bu ilin sonuna qədər başa çatdırılmalıdır. Bununla da minlərlə insan ilin sonuna qədər artıq öz doğma diyarına qayıdacaqdır. Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox, Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Beləliklə, yaxın gələcəkdə Laçın rayonuna təqribən 10 minə yaxın keçmiş köçkün yerləşdiriləcək.
Dövlətin öz üzərinə düşən vəzifəni icra etdiyini, bu təyinatdan sonra azad edilmiş əksər rayonlarda xüsusi nümayəndələrin artıq fəaliyyətə başlayacağını bildirən ölkə başçısı vurğulayıb: "Bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir".
Siyavuş Quliyev,
YAP Göygöl rayon təşkilatı üzrə Sarısu kənd ərazi partiya təşkilatının sədri