Zəngilan rayonunun yeni inkişaf dövrü

  • 20.10.2023, 16:11,
  • Gündəm
  • Baxılıb: 133
Zəngilan rayonunun yeni inkişaf dövrü

Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə həkk olunan 2020-ci il hər zaman Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Həmin möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.
2020-ci ilin 20 oktyabr günü həm xalqımızın, həm də zəngilanlıların yaddaşına əbədi həkk olunan bir gündür. Çünki oktyabrın 20-si Zəngilanın Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən artıq 3 il ötür. Həmin tarixi günü zəngilanlılar bu gün də fəxr və qürur hissi ilə xatırlayırlar. Çünki 27 il davam etmiş işğala son qoyulub.
Bu gün Zəngilan rayonun yeni inkişaf dövrü başlayıb. “Böyük Qayıdış” layihəsi uğurla icra olunur. Bərpa-quruculuq işləri sürətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var.
Bu gün Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.
2020-ci il təkcə Zəngilanın azad edilməsi ilə deyil, həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Zəngilana səfərləri ilə də yadda qaldı. Dekabr ayının 23-də Zəngilan şəhərində Azərbaycan bayrağının qaldırılması, 2021-ci il fevral ayının 14-də etdiyi səfər görüləcək işlərin planlaşdırılması və dəymiş zərərin ümumi dəyərləndirilməsi ilə yadda qaldı.
21.10.2021-ciin oktyabr ayının 21-də etdiyi səfərdə cənab Prezident Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanında, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanışlıq oldu. Ölkə başçısı “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında, Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimində iştirak etdi. Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüş həm zəngilanlıların, həm də xalqımızın yaddaşına xoş anlarla əbədi həkk olundu. Həmin ilin oktyabr ayının 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi), Zəngilan rayonunda “Dost Aqropark”ın təməli qoyuldu, Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq oldu.
19.10.2022-ci ilin oktyabr ayının 19-da cənab Prezident növbəti səfərində Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə və sakinlərlə görüşmüş, Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olmuş, Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınmasında, Zəngilan şəhərində ilk yaşayış binasının və məktəb binasının təməlqoyma mərasimlərində iştirak etmişdir.
2023-cü ildə cənab Prezident Zəngilan rayonuna etdiyi səfərlərdə otel kompleksinin, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının, Cahangirbəyli, Alıbəyli və Zəngilan kəndlərinin, 2-ci, 3-cü ,4-cü yaşayış komplekslərinin və 160 yerlik uşaq bağçasının təməlqoyma, Zəngilan Konqres Mərkəzi Kompleksinin və “AzərEnerji” ASC-nin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılış mərasimlərində iştirak etmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər, həmin torpaqlarda dayanaraq xalqa etdiyi müraciətlər bir daha onu söyləməyə əsas verir ki, Qarabağa “Böyük Qayıdış”a artıq start verilir.

Əli Məmmədov,
Salyan rayon ”Asan Xidmət” mərkəzinin əməkdaşı, YAP fəalı

Mədəniyyət