44 günlük Vətən müharibəsi şanlı tariximizdir

44 günlük Vətən müharibəsi şanlı tariximizdir

27 sentyabr 2020-ci il… O gün Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı.
O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı.
O gün Silahlı Qüvvələrimiz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs döyüşə başladı.
Düşmən tapdağında qalan el-obamızı kafir caynağından qurtarmaq, üçrəngli müqəddəs bayrağımızı azad olunmuş yaşayış məntəqələrində asmaq üçün başlayan bu yürüş hamının ürəyindən soraq verdi.
Ali Baş Komandan İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmri xalqın sevincinə, coşqusuna səbəb oldu, qürurla qarşılandı. Elə ilk gündən düşmən üzərində qazandığımız hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında sıx birləşdi. Minlərlə igid, cəsur oğullarımız mənfur düşmənlə vuruşmaq üçün səfərbərlik şöbələrinə axışdı. Dövlət-xalq, xalq-dövlət bir yerdə oldu, barmaqlar dəmir yumruqda birləşib düşmənin başına endirilən sarsıdıcı zərbəyə çevrildi.
Qələbəyə doğru inamla irəliləyən mərd, qorxmaz əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını, canlı qüvvəsini darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə düşməndən təmizlədi. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndləri daxil olmaqla 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Üçrəngli şanlı bayrağımız yenidən doğma torpaqlarımızda ucaldıldı.
8 noyabrda Qarabağın tacı sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edildi. Bu gün Azərbaycan tarixinə Qələbə günü kimi düşdü.
2 gün sonra – 10 noyabr gecəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.
Bəli, o gün 30 illik Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. Haqq savaşımız əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı… Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi.

Vətən müharibəmiz şanlı Qələbə ilə tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. 30 illik yurd həsrətimiz, Qarabağ nisgilimiz sona yetdi, məcburi köçkünlərimiz qəribçilikdən qurtularaq doğma el-obalarına qovuşdular.
Bu möhtəşəm qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.
“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Canlarını Vətənə sipər edərək, qanlarını qurban verərək bayrağımızı zirvələrdə dalğalandırmaq naminə bizi zəfərlə müjdələdilər.
Dekabrın 10-da isə Azərbaycan xalqı bu igidlərimizin müəyyən hissəsini böyük fəxr, qürur, minnətdarlıq duyğusu ilə seyr etdi. Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradında Azərbaycan xalqı ordusu ilə qürur hissi keçirdi.

Bakıda 3 mindən çox şəxsi heyətin və 150-dək hərbi texnikanın, o cümlədən müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin iştirakı ilə Zəfər paradı Vətənimizin azadlığı uğrunda apardığımız müharibədə qazanılan qələbənin, Azərbaycan Ordusunun hərbi qüdrətinin növbəti təntənəsi oldu. Zəfər paradı 44 günlük müharibədə Azərbaycan Ordusunun böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi.
10 dekabr paradı müzəffər Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu, Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi.
Azərbaycan Ordusu Zəfər paradında hərbi gücünü nümayiş etdirərək beynəlxalq aləmə də mesajını çatdırdı – ölkəmizə qarşı istənilən təhdid və hücumların qarşısını ala biləcək qüdrətli Ordumuz, bu Orduya rəhbərlik edən qətiyyətli sərkərdəmiz var.
Azərbaycanın necə güclü dövlət, əzmli xalq olması bir daha dünyaya tanıdıldı.
XXI əsrin müharibəsi kimi dünya hərb salnamələrinə qızıl hərflərlə yazılan şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi həm də xalqımızın haqq mübarizəsinə qalxaraq Zəfər çaldığı Vətən müharibəsi kimi tarix səhifələrinə əbədi həkk olundu. 30 ildən çox idi ki, davam edən münaqişəyə cəmi 44 gün ərzində son qoyan bu savaş həm xalqımızın böyük tarixinin, həm də gələcək rifahının təməlinin qoyulduğu müqəddəs hadisə oldu. Milli kimliyimizin, varlığımızın, ən əsası isə həqiqətin aynası olan bu qürurlu günlərimiz parlaq gələcəyimizin də üzərində bərqərar olan zəngin tarixi səltənətdir.
Buna görə də Vətən müharibəsinin hər gününü dərindən araşdırmaq, həmin günlər ərəfəsində döyüş meydanında, arxa cəbhədə, beynəlxalq arenada yaşananları ən incə detallarına qədər bilmək və onları olduğu kimi yaddaşımıza, tarixə yazmaq vacibdir. Bu məsuliyyət isə qismətinə qələbəmizə şahidlik etmək yazılmış bugünkü nəslin, Vətən müharibəsinin müasirlərinin üzərinə düşür.
Xalqımızın həyatında taleyüklü rol oynayan bu şanlı prosesi təfsilatı ilə izləmək, onun gedişi, nəticələri, yaratdığı dəyişikliklər haqqında aydın məlumata malik olmaq baxımından Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanan iki qiymətli nəşr, Vətən müharibəsində qazanılan qürurlu Qələbəyə və onun tarixinə həsr edilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” və “Zəfər memuarları – Döyüşçülər Sərkərdə və müharibə haqqında” kitabları müharibə tarixinin ilk ümumiləşdirilmiş nümunəsi kimi əvəzsiz mənbələr, həm də “Şuşa ili”nə qiymətli töhfələrdir.
Sizi 8 Noyabr Zəfər gününü münasibəti ilə təbrik edirəm.

Namiq İsmaylov
Qusar rayon Quxuroba kənd bələdiyyəsinin sədri
Mədəniyyət