Ötən il dekabrın 10-da Bakıda keçirilən möhtəşəm Zəfər paradı ölkəmizin qüdrətini, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bu, eyni zamanda, ərazi bütövlüyümüzün bərpasının təqdimatı idi. Dövlət başçısı İlham Əliyev Zəfər paradındakı nitqində bildirmişdir ki, “bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”
Vətən müharibəsində Azərbaycanın Qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri iştirak etmişdi. Azərbaycan hərbçiləri tərəfindən Şuşa şəhəri üzərində qaldırılan Zəfər bayrağının gətirildiyi Zəfər paradı Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazılmış hadisə idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi də xalqların tarixində əbədi qalacaq qürurverici hadisəyə çevrildi. Həmin gün ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi isə xalqların mənəvi yaxınlığının təzahürü idi. Eyni zamanda, qardaşlığın zəfəri olan paradı Azərbaycan və Türkiyə rəhbərlərinin birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi.
Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini, Qələbə gününü gözləyirdi və müharibə dövründə də xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsinin hər günü şanlı tarix idi. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etmədi, hətta, ermənilərin yenilməzlik mifini də darmadağın etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Nəticədə noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.
Azərbaycan bu Qələbəsi ilə dünyaya sübut etdi ki, onun uğrunda ölməyi bacaran, azadlığı uğrunda qanını tökməyə hazır olan övladları var. Döyüşlərdə oğlunu, qardaşını, atasını, həyat yoldaşını itirən Azərbaycan qadını Müzəffər Ali Baş Komandana “dayanmayın, arxanızdayıq!” şüarı ilə dəstək verdi. Başına düşmən silahları yağan mülki Azərbaycan vətəndaşı “biz yağı düşməndən qorxub, öz doğma yurdumuzu tərk etməyəcəyik, ölsək də Vətən uğrunda şəhid gedəcəyik. Amma biz qorxmuruq, ordumuza və rəhbərimizə inanaraq, yerimizdən bir addım da çəkilməyəcəyik” deyib, birlik, həmrəylik göstərdilər. Şəhid valideynləri “Şəhidlər ölməz, Vətən bölünməz!, Vətən sağ olsun!” dedilər”. Budur, Azərbaycan xalqının məğrurluğu, yenilməzliyi, birliyi, həmrəyliyi, dəmir yumruq kimi birləşməsi.
Nəbi İbrahimov,
Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri