Bəli, 2020-ci il, noyabrın 10-da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazmaqla, haqqa, ədaləta gedən yolun qalib lideri Ali Baş Komandan, Prezident İlham Əliyev TARİXİ QƏLƏBƏ NİDASINI qoydu. Və Vətən Müharibəsinin 44-cü günü – noyabrın 10-da Azərbaycan- Rusiya Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı müharibənin dayandırılması haqqında TARİXİ MÜQAVİLƏ, şanlı qələbəmizin müqaviləsi, ərazi bütövlüyümüzün təmin olunması qələbəsinin qəbul olunması ilə xalqımızın 30 illək həsrətinə son qoydu.Noyabr ayının 16-da isə öz Liderinin, xalqının həsrətini çəkən o torpaqlarımızı ilk ziyarət edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl torpaqlarına ayaq basdı. Elə həmin torpaqlarda 30 illik həsrətə son qoyan Qalib SƏRKƏRDƏ bildirdi ki, bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi: “Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var”.
Azərbaycan həm Qarabağı işğaldan azad etdi, həm də Qarabağa getdi, Qarabağa qayıtdı, Qarabağa sahibləndi. Bir daha onun olduğunu və bir daha bundan sonra kimsənin ona sahibindən başqa sahiblənə, yiyələnə bilməyəcəyini göstərdi. Gedişin, qayıdışın, dirçəlişin mübarək, Cəbrayılım, Füzulim, Xudafərinim, Qarabağım, 86,6 min kvadrat kilometrlik Azərbaycanım! Gözün aydın Qarabağ, gözün aydın, Vətən! Bu günləri də gördün, bu günləri də gördük, bu günləri də yaşadıq, bu günləri də yaşatdılar…
Bunu bizə yaşadanlar – Ali Baş Komandan və onun şanlı, rəşadətli Ordusu var olsun, min yaşasınlar! 44 günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız qələbələrin, 8 noyabr Şuşa zəfərinin, 10 noyabr möhtəşəmliyinin dünən davamı – növbəti əzəməti, qüruru yaşandı. 30 il öncə o torpaqlardan necə çıxmışdıq, nə müsibətlər, nə bəlalar yaşamışdıq… Azərbaycan qalib kimi qayıtdı Qarabağına, Füzulisinə, Cəbrayılına, Xudafərininə! Vəsf etmək üçün sözlər, kəlmələr belə yetmir. Vətəndaşlarımıza, bütün dünya azərbaycanlılarına tarixi Qələbə hissi yaşadan Prezident İlham Əliyevə vətəndaş öz sevgisini səmimi şəkildə nümayiş etdirdi. Bu, Müzəffər Ali Baş Komandanın tarixi Qələbədən sonra bölgələrə ilk səfəri idi. Dövlətimizin başçısının Qələbədən sonra Bakıda getdiyi ilk ünvan yaralı hərbçilərimizin müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəz oldu. Bu, Azərbaycan xalqına neçə-neçə ilklər yaşatmış Liderin xalq və Vətən sevgisinin göstəricisidir. Beləliklə, Prezident sevincini öz əsgəri və öz xalqı ilə bölüşdü. Məhz xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev hər zaman ümumxalq məhəbbəti ilə əhatə olunub. Prezident İlham Əliyevin Füzuli və Cəbrayıla səfəri Böyük Qələbəmizin nidasıdır. “Qarabağ Azərbaycandır və nida” bəyanatı səsləndirildiyi vaxtdan milli şüara çevrildi, dillər əzbəri oldu, nəhayət, hökmə çevrildi, Azərbaycanın “dəmir” yumruğu ilə təsdiq və təsbit olundu.
Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd edir.
Qələbən mübarək Azərbaycan!
Nail Babayev
Qusar rayon Gündüzqala kənd bələdiyyəsinin sədri
Hazırladı: Şöbə müdiri Astanov Rəcəb