Azərbaycan xalqı tarixinin ən qüdrətli dövlətinin Zəfər salnaməsinin, ədalət uğrunda qətiyyətli qələbəsinin ikinci ilini böyük coşqu ilə qeyd edir. Çünki bu, son 200 illik tariximizdə qazandığımız ən böyük qələbədir.
Qürurluyuq, alnımız açıq, başımız dikdir!
Bu Zəfər 30 il köksümüzə dağ çəkib qaysaqlanmayan yaralara da məlhəm olub. Daha işğal tarixlərinin acı xatirələrini deyil, qələbəmizin iftixarını, təntənəsini yaşayırıq...
İki il öncə haqq savaşına qalxan Azərbaycanın cəmi 44 günə qazandığı möhtəşəm qələbə 30 illik həsrətə son qoyub şanlı tariximizdə yeni səhifə açdı. Bu möhtəşəm qələbənin, Zəfərin baş memarı isə, əlbəttə ki, Müzəffər Komandan cənab İlham Əliyevdir.
Azərbaycanın ən yeni tarixini yazan Baş Sərkərdəmiz bütün nailiyyətləri ilə yanaşı, həm də işğal altında olan torpaqlarımızın xilaskarı oldu, çox qısa zaman ərzində Azərbaycanın uğur tarixini yazdı. Bütün çıxışlarında "Qarabağ Azərbaycandır!" - deyən Prezident İlham Əliyev onu gerçəkliyə çevirdi. Uzun illər beynəlxalq təşkilatların, bəzi böyük dövlətlərin himayə etdiyi işğalçı Ermənistan Azərbaycan Prezidentinin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü.
Ali Baş Komandan uğurlu "Dəmir yumruq" əməliyyatı ilə bütün dünyaya həm də bacarıqlı, qətiyyətli Sərkərdə olduğunu isbatladı. Bu əməliyyat ilk növbədə xalq-ordu-dövlət birliyinin bariz təcəssümü oldu. Dünya müstəqilliyinin cəmi 29 yaşı olan Azərbaycanın hansı gücə sahib olduğuna şahidlik etdi və işğalçı Ermənistana illərlə havadarlıq edən hər hansı bir qüvvə haqq savaşımıza əngəl yarada bilmədi. Dünyanın ən böyük siyasi təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının illər öncə qəbul etdiyi və 2020-ci ilə qədər kağız üzərində qalan qətnamələrinin icrasını Azərbaycan güc yolu ilə reallığa çevirdi. Bununla da Ali Baş Komandan İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, yaşadığımız müasir dövrdə hüququn əsasları deyil, güc amili ən mühüm silahdır.
Böyük Zəfərə aparan gerçəkliyin əsasları
Keçmiş Dağlıq Qarabağ münaqişəsinin cəmi 44 günə tarixə çevrilməsi qürurverici reallıqdır. Lakin həmin 44 gün üçün müvafiq şəraitin, yetərli gücün əldə edilməsi heç də qısa zamanda baş vermədi. Bu, illərlə çəkilən zəhmətin, aparılan müstəqil siyasətin, hücum diplomatiyasının və qətiyyətli qərarların sayəsində reallaşdı.
Ulu Öndər Heydər Əliyevin inkişaf konsepsiyasını uğurla davam etdirən layiqli varisi, 2003-cü ildə Azərbaycan xalqının inanaraq, güvənərək etimad mandatı verib özünə Prezident seçdiyi cənab İlham Əliyev 2020-ci ilə qədər, yəni 17 ildə elə bir siyasət, elə bir diplomatiya yürütdü ki, dünya ilk növbədə Azərbaycan həqiqətlərini görüb onları qəbul etməyə başladı. Getdikcə Ermənistanı işğalçı dövlət kimi tanıyan ölkələrin sayı artdı. Beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrdə əsl reallıqlar öz əksini tapdı. Dünyanın əksər ölkələrində təşkilatlanaraq Azərbaycana qarşı müxtəlif kampaniyaların həyata keçirilməsinə hər cür dəstək verən erməni diasporu getdikcə həqiqətlər qarşısında aciz duruma düşdü. Azərbaycanın etibarlı tərəfdaşlarının sayı durmadan artdı. Qısa zamanda ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Azərbaycan qlobal miqyaslı layihələrin reallaşmasına həm müəlliflik etdi, həm də təşəbbüskarlıq göstərdi. Beynəlxalq siyasi arenada qazanılan uğurlar Azərbaycana siyasi dividendlər qazandırdı.
Azərbaycan reallaşdırdığı qlobal layihələrlə Avropanın enerji xəritəsini dəyişdi və çox keçmədi ki, ölkəmiz həm də beynəlxalq təşkilatlara rəhbərlik etməyə başladı. Təkcə BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi göstərmək yetərlidir.
İlham Əliyev yürütdüyü tam müstəqil siyasətlə, reallaşdırdığı qlobal miqyaslı layihələrlə ən islahatçı Prezident, sözünə, vədinə sadiq lider kimi nüfuzunu getdikcə artırdı. Elə bir beynəlxalq tədbir olmadı ki, cənab İlham Əliyev oradakı ali kürsüdə çıxış edərkən Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan etməsin.
Bütün bunlarla yanaşı, ölkə daxilində həyata keçirilən mütərəqqi sosial-iqtisadi islahatlar Azərbaycanda sürətli inkişafa real zəmin yaratdı. Məhz bunun səbəbi idi ki, Azərbaycan dünyanı bürüyən qlobal iqtisadi böhranlardan hər zaman ən az itki ilə çıxan ölkə oldu. Qısa zamanda Azərbaycan həm iqtisadi, həm də siyasi müstəqilliyini təmin edən ölkəyə çevrildi. Bütün bu uğurları Azərbaycan torpaqlarının 20 faizi işğal altında olan, daim ikili standartlar prinsipləri ilə üzləşən, qarayaxma, böhtan kampaniyaları ilə mübarizə aparan ölkə olaraq əldə etdi.
Təbii ki, iqtisadi güc artdıqca torpaqları işğal altında olan dövlət ordu quruculuğu, silahlı qüvvələrinin arsenalının gücləndirilməsi prosesini də reallaşdırmalı idi. Çünki uzaqgörən lider kimi İlham Əliyev bilirdi ki, hüququn gücünün həll edə bilməyəcəyi məsələni lazım gəldikdə hərbi güc həll edə bilər.
Məhz bu səbəbdən də cənab İlham Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ordu quruculuğuna dair bütün mühüm tədbirləri ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirdi. Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar milli ordumuzun dünyanın ən qüdrətli silahlı birləşmələri sırasına daxil olmasına imkan yaratdı. Prezident İlham Əliyev dövlət quruculuğunda ordu ilə bağlı məsələlərin mahiyyətini açıqlayaraq bildirirdi ki, orduya hər il ayrılan xərclər artır və bu siyasət davam etdiriləcək. Əlbəttə ki, ölkəmizin artan iqtisadi qüdrəti imkan verirdi ki, ordumuzun maddi-texniki bazası daha da güclənsin.
2015-ci il noyabrın 24-də keçirilən beşinci çağırış Milli Məclisin ilk iclasında çıxış edən dövlət başçısı vurğuladı ki, bu gün əfsuslar olsun dünyada beynəlxalq hüquq normaları arxa plana keçib. İndi güc amili əsas rol oynayır. Kim güclüdür, o da haqlıdır. Ona görə də biz daha da güclü olmalıyıq. Cənab Prezident bir daha ölkənin hərbi potensialının möhkəmləndirilməsinin vacibliyini qeyd edərək həm siyasi, həm iqtisadi, həm də hərbi gücün daha da artırılmasının prioritet məsələ olduğunu dedi. Prezident haqlı olaraq məsələni belə əsaslandırdı ki, bu, həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və eyni zamanda ölkəmizin təhlükəsizliyini təmin etmək üçün lazımdır.
Beləliklə, yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Silahlı Qüvvələrində böyük dəyişikliklər baş verir. Bu prosesə xüsusi diqqət göstərən Ali Baş Komandanın tapşırıqlarına uyğun olaraq müasir standartlara uyğun yeni-yeni hərbi hissələr qurulur, şəxsi heyətin həyat və məişət şəraiti daha da yaxşılaşdırılır, ordumuzun arsenalı ən müasir silah-sursatla, hərbi texnikalarla təmin edilir. Məhz bu qərarların sayəsində Silahlı Qüvvələrimiz Cənubi Qafqazın ən güclü ordusuna çevrilir.
2016-cı ildə düşmənin cəbhənin müxtəlif istiqamətindəki təxribatlarına cavab olaraq əks-həmlə əməliyyatı keçirən Azərbaycan Ordusu nəyə qadir olduğunu göstərir. Dördgünlük Aprel döyüşləri 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsdən sonra ilk ən şiddətli savaş sayılır. Aprel Zəfəri düşmənin canına vəlvələ salır. Çünki düşmən şahidlik edir ki, Azərbaycan Ordusunun təkcə xüsusi təyinatlı qüvvələrinin kiçik həmləsi ilə erməni əsgəri işğal altında saxladığı nə qədər böyük əraziləri, strateji yüksəklikləri qoyub geri qaçdı.
Bu döyüşlər nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtərin Qazaxlar kəndi və Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu.
2018-ci ildə isə uğurlu Günnüt əməliyyatı keçirildi və düşmənə sarsıdıcı zərbələr endirildi. Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olundu, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Döyüşlər nəticəsində, ümumən, 11 min hektarlıq ərazi azad edildi və əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi.
Bir sözlə, Azərbaycan Ordusunun Aprel və Günnüt zəfərləri həm də xalqımızın mübarizə ruhunu yüksəltdi, ümidlərə işıq saçdı və hər kəsə bəlli oldu ki, Ali Baş Komandanın qüdrətli ordusu işğal altında olan torpaqlarımızı geri qaytarmağa, hər cür döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
İkinci Qarabağ savaşı, ilk qığılcım
2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri İkinci Qarabağ müharibəsinin başlanmasını şərtləndirən qığılcım oldu. İyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alındı.
Tovuz döyüşlərində ordumuzun əsgər və yüksəkrütbəli zabitləri qəhrəmanlıq və igidlik nümunələri göstərərək, erməni işğalçılarının törətdikləri təxribatların qarşısını qətiyyətlə aldılar. Bu döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha bir neçə zabit, gizir və əsgərlərimiz qəhrəmancasına savaşaraq şəhidlik zirvəsinə ucaldılar.
Nəinki Ermənistan, bütün dünya şahidlik etdi ki, Azərbaycan Ordusunun generalları və zabitləri öz əsgərləri ilə çiyin-çiyinə döyüşür, onları ruhlandırır və nümunə göstərirlər.
Şəhidlərimizin son mənzilə salınmasında böyük xalq izdihamı yaşandı. Həmin günlər Azərbaycan xalqı yenə ayaqda idi. Hər kəs döyüşmək, işğal altında olan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın ətrafında sıx birləşdiyini bəyan edirdi. Düşmənə qarşı nifrət yüksək idi, axıdılan nahaq qanların qisasının alınması üçün hər kəs "savaş" deyirdi. Bu döyüş Azərbaycanda xalq-prezident-ordu birliyini bir yumruq ətrafında birləşdirdi.
Hər zaman olduğu kimi, yenə də heç bir beynəlxalq təşkilat, hətta münaqişənin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in sabiq Minsk qrupu, digər böyük dövlətlər Ermənistana təzyiq göstərmədilər, işğalçıya, təxribatçıya qarşı hər hansı sanksiya tətbiq etmədilər. Hər zaman bu cəzasızlıq mühitindən yararlanan Ermənistan təxribatlarından əl çəkmədi. Azərbaycanda isə hər kəsə bəlli idi ki, rəsmi İrəvan bu cür çirkin əməllərindən əl çəkən deyil. Çünki bu, Ermənistanın terrorçu rəhbərliyinin ölkədə daxili çaxnaşmaları yatırmaq, diqqəti cəbhəyə yönəltmək üçün istifadə ediyi köhnə "taktika" idi.
Nikol Paşinyanın ölkədə baş nazir seçilməsindən sonra vəziyyət əvvəlcə bir qədər dəyişdi. Baş nazir müxtəlif açıqlamalarında münaqişənin sülh yolu ilə həllinin mümkünlüyünü vurğulamaqla hətta özündən əvvəlki hakimiyyəti indiyədək problemin çözülməməsi işində də qınayırdı. Lakin zaman keçdi və Paşinyanın da əsl erməni xisləti ortaya çıxdı.
Əvvəlcə 2019-cu ilin mayında baş nazir Şuşada spirtli içki içib yallı getdi, ardınca Xankəndidə çıxışı zamanı "Qarabağ Ermənistandır və nöqtə" - deyib sərsəmlədi. Sonra isə "münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağın "xalqı" üçün məqbul olmalıdır" iddiasını səsləndirdi.
Prezident İlham Əliyev isə Paşinyanın bu sərsəm iddialarına Rusiyada qətiyyətli cavab verdi. Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında iştirak edən Azərbaycan Prezidenti münaqişənin tarixi və mövcud durum barədə məlumat verdikdən sonra Paşinyanın nöqtəsinin qarşısına nida işarəsi qoyaraq "Qarabağ Azərbaycandır!" söylədi.
Paşinyanın sərsəm açıqlamaları, boş-boş iddiaları və Azərbaycanın işğal edilmiş torpaqlarında qeyri-qanuni məskunlaşmanın aparılması münaqişənin sülh yolu ilə həllinə tərəfdar olan xalqımızın səbir kasasını daşırmaya bilməzdi. Bu, azmış kimi işğalçı ölkə Azərbaycanı təxribatlara çəkmək üçün cəbhənin müxtəlif istiqamətlərinə hərbi texnikalar gətirib açıq-aşkar müharibəyə hazırlaşdığını göstərirdi. Hətta yeni müharibəyə hazırlaşdıqları üçün könüllülərdən ibarət qoşunun yaradıldığını da gizlətmirdilər. Azərbaycan Prezidenti isə bütün çıxışlarında, müsahibələrində dünyaya bəyan edirdi ki, Ermənistan müharibəyə hazırlıq görür, bunun qarşısı vaxtında alınmalıdır. Yenə də beynəlxalq təşkilatlar ənənələrinə sadiq qalaraq işğalçıya heç bir xəbərdarlıq etmədilər və bunun da nəticəsi 2020-ci ilin sentyabrın 27-də özünü büruzə verdi. Cəbhənin bütün istiqamətləri boyunca təxribatlara əl atan Ermənistan tarixinin ən səhv gedişini etdi. O səhv ki, işğalçı ölkəyə hələ uzun illər sağalmayacaq sarsıdıcı, ölümcül zərbə vurdu.
Düşmənin təxribatlarına cavab olaraq Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusuna illərlə gözlənilən əmri verdi - İrəli!
Azərbaycan Ordusu Müzəffər Komandanın "Dəmir yunruq" əməliyyatının icrasına başladı. Ölkədə prezident-xalq-ordu birliyi Azərbaycanı şanlı qələbəyə apardı. Sentyabrın 27-dən başlanan Zəfər yürüşü noyabrın 8-də Qarabağın ürəyi - Şuşada dayandı.
Azərbaycana hədə-qorxu gələn, illərlə düzəltdikləri istehkamlara güvənən Ermənistan cəmi 44 günə diz çökdü. Azərbaycanın igid oğullarının döyüş əzmi qarşısında erməni əsgəri silahını, bayrağını atıb qaçmaq məcburiyyətində qaldı.
Bu dövrdə ordumuz cəbhədə hər gün uğur qazanırdısa, Prezident İlham Əliyev diplomatik məharəti ilə Azərbaycana təzyiq etmək istəyən qüvvələrə elə tutarlı cavablar verirdi ki, xalqın ürəyi dağa dönürdü. 44 gün ərzində dünyanın elə bir mötəbər KİV-i qalmadı ki, Azərbaycan Prezidentindən müsahibə götürməsin. Bütün müsahibələrində dövlət başçısı bəyan edirdi ki, Azərbaycan haqq yolundadır və kimlərsə, hansısa telefon zəngləri bizi durdura bilməz.
Bu, tariximizə yazılan möhtəşəm bir dövr idi. Ordumuzun şəhər və rayonları ard-arda işğaldan azad etməsi, dövlət başçımızın xalqa müjdəli xəbərləri, qardaş Türkiyə və Pakistanın müharibə başlayan andan son günədək Azərbaycana birmənalı mənəvi dəstək vermələri xalqımızı daha da ruhlandırdı və ürəkləri dağa döndərdi. Qardaş Türkiyə rəsmən bəyan etdi ki, haqq savaşı aparan Azərbaycanı durdurmaq istəyən istənilən qüvvə qarşısında Türkiyəni görəcək. Bu, həqiqətən də, əsl qardaş qayğısı idi. Məhz bu birlikdən güc alan Azərbaycan Silahlı Qüvvələri uğurlu missiyasını şərəflə tamamladı.
Prezident İlham Əliyev 30 illik işğal dövründən sonra Şuşaya ayaq basan ilk dövlət başçımız oldu və Qalib Komandan kimi mədəniyyət paytaxtımızdan dünyaya mesaj verdi ki, beynəlxalq təşkilatların illərlə həll edə bilmədikləri məsələni Azərbaycan öz gücünə cəmi 44 günə bitirdi, işğalçı, terrorçu qruplaşmalar Azərbaycan torpaqlarından qovuldu.
Azərbaycan İkinci Qarabağ müharibəsində hələ heç bir dövlətin həyata keçirmədiyi döyüş taktikasını nümayiş etdirdi. Hərbi ekspertlər Azərbaycanın haqq savaşını "smart müharibə" adlandırdılar. İkinci Qarabağ savaşına qədər heç bir müharibədə bu qədər PUA-lardan, zərbə dronlarından istifadə edilməmişdi. Ordumuzun həyata keçirdiyi döyüş taktikası Azərbaycanın hərbi qüdrətini bir daha nümayiş etdirdi. Ali Baş Komandan isə bu müharibəni XXI əsrin yeni savaşı adlandırdı.
Məhz bu müasir döyüş modeli ilə Azərbaycan Ordusu sentyabrın 27-dən noyabrın 9-dək davam edən savaşda 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun 3 qəsəbəsi və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində strateji yüksəkliklər azad olundu.
Vətən savaşında Ermənistan silahlı qüvvələrinin 4 milyard dollardan artıq silah-sursatı, hərbi texnikası məhv edildi. Düşmənə məxsus xeyli sayda zirehli texnika, silah-sursatlar, yük avtomobilləri hərbi qənimət kimi götürüldü. Bu gün onların hamısı Qənimətlər Parkında nümayiş etdirilir.
Noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin başa çatması ilə bağlı birgə Bəyanat imzaladılar. Bəyanatın müddəalarına əsasən noyabrın 20-də Ağdam rayonunun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri Azərbaycana təhvil verildi. Noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın şəhəri və 126 yaşayış məntəqəsi bir güllə atılmadan Azərbaycana qaytarıldı. Sənədə əsasən hər iki ölkə üzərinə öhdəliklər götürdü.
Şuşa Bəyannaməsi, dəmir iradə ilə yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur
Sözünə, vədinə sadiq lider kimi Prezident İlham Əliyev müharibədən sonra regionda yaranan yeni reallıqlar fonunda əməli işə başladı.
2021-ci il iyul ayının 15-də, Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə prezidentləri cənab İlham Əliyevlə hörmətli Rəcəb Tayyib Ərdoğan Şuşadan dünyaya daha bir mesaj ünvanladılar. Şuşa Bəyannaməsini imzalayan qardaş prezidentlər bəyan etdilər ki, Azərbaycan və Türkiyə birliyi sarsılmazdır, əbədidir. Şuşa Bəyannaməsində ən önəmli məqamlardan biri də o idi ki, bundan sonra iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə bir-birini qoruyacaqlar. Yəni birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq. Əlbəttə ki, bu hadisə iki dost-qardaş ölkənin birliyinin növbəti təntənəsi kimi tarixə qızıl hərflərlə yazıldı.
Qalib Komandan kimi İlham Əliyevin postmüharibə dövründə qarşıya qoyduğu ən prioritet məsələlər Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizləndikdən sonra yenidən qurulması və Ermənistanla sülh müqaviləsinin imzalanması prosesi oldu.
Azərbaycan hər iki istiqamətdə aktiv fəaliyyətə başladı. İşğaldan azad edilən rayonların baş planları təsdiqləndi və bu sənədlərə uyğun olaraq tikinti-quruculuq işlərinə start verildi. Cəmi iki ildə Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan tarixində misli görünməmiş yenidənqurma işləri həyata keçirildi. Cəmi bir neçə aya Prezidentin Zəfər yolu adlandırdığı Füzuli-Şuşa avtomobil yolu istifadəyə verildi. Bundan başqa, hər iki iqtisadi rayonda 17 yol-nəqliyyat infrastrukturunun inşasına başlanıldı və hazırda onların bir neçəsi istifadəyə verilib, bir qismi bu il, bəziləri isə növbəti illərdə rahat gediş-gəlişi təmin edəcək.
2021-ci ilin aprel ayının 26-da Prezident İlham Əliyev Böyük qayıdış planının ilk qaranquşu olan Zəngilan rayonunun Ağalı kəndinin təməlini qoymaqla bir daha dünyaya Azərbaycanla Ermənistanın fərqini göstərdi. Erməni vandalları 30 ildə işğal etdikləri torpaqlarımızda daşı-daş üstündə qoymadıqları halda, Azərbaycan cəmi 1 ildə bu yerlərdə həyatı yenidən bərpa edir və illərlə yurdundan-yuvasından didərgin düşmüş insanları öz doğma torpaqlarına qaytarmaq üçün bütün imkanlarını səfərbər edib.
Azərbaycan dövləti öz iqtisadi qüdrəti hesabına reallaşdırdığı layihələr içərisində hava limanları xüsusi yer tutur. Cəmi 8 aya tikilib istifadəyə verilən Qarabağın ilk "hava qapısı" adlandırılan Füzuli Beynəlxalq Hava Limanı hazırda yerli və xarici qonaqların ixtiyarındadır.
Ötən ilin oktyabr ayının 26-da iki qardaş Prezident - cənab İlham Əliyevlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Qarabağın ilk "hava qapısı" adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. Liderlər həmçinin yeni-yeni obyektlərin təməlini qoyub xeyir-dualarını verdilər. Az keçmədi ki, Zəngilanda Şərqi Zəngəzurun ilk aeroportu inşa edildi və bu il oktyabrın 20-də xalqımıza ikiqat bayram sevincini yaşatdı. Həmin gün Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümü idi. Məhz həmin gün açılışı olan Zəngəzurun ilk "hava qapısı" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsini qəbul etdi. Bir il əvvəl olduğu kimi, həmin gün də iki qardaş prezident təntənəli açılış mərasimində iştirak etdilər. Dövlət başçıları həm Zəngilanda, həm də Cəbrayılda yeni-yeni obyektlərin də təməlini qoydular.
Artıq işğaldan azad edilmiş torpaqlarımıza həyat qayıdıb. Zəngilanın "ağıllı kənd" konsepsiyası əsasında yaradılan Ağalı kəndində insanlar xoşbəxt həyat sürməyə başlayıblar. Burada yaşayış üçün bütün infrastrukturlar yaradılıb. Tezliklə işğaldan azad olunan bütün torpaqlarımızda həyat qaynayacaq.
Onu da xüsusi olaraq vurğulamalıyıq ki, Qarabağ və Şərqi Zəngəzuru möhtəşəm tikinti-quruculuq meydanına çevirən Azərbaycan dövləti bütün bunları yalnız öz iqtisadi qüdrəti hesabına, heç bir beynəlxalq təşkilatdan maddi yardım almadan həyata keçirməkdədir. Bütün bunlar dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına reallaşır. Düşmənin 30 ildə darmadağın etdiyi bu ərazilərdə hazırda su-elektrik stansiyaları, elektrik enerjisi stansiyaları, hava limanları, dəmir yolu xətləri, avtomobil yolları, körpülər, tunellər, magistral su xətləri, müasir yaşayış kompleksləri, sosial-iqtisadi infrastrukturlar, sənaye parkları və aqroparklar, habelə müxtəlif heyvandarlıq müəssisələri yaradılır.
Bütün bunlarla yanaşı, erməni vandallarının darmadağın etdikləri tarixi, mədəni-dini abidələrimiz də bərpa edilir. Bu prosesdə Heydər Əliyev Fondunun da böyük zəhməti var. Belə ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ciddi tapşırıq və tövsiyələri əsasında fond mədəni-dini irsimizi xalqa yenidən qaytarmaq missiyasını uğurla həyata keçirməkdədir. İndiyədək xeyli sayda dini abidələrimizin bərpa prosesi reallaşdırılıb.
Ümumiyyətlə, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəni və dini abidələrin qorunub saxlanması və bərpası istiqamətindəki fəaliyyəti hər zaman təqdirəlayiqdir. Bu gün isə fond işğaldan azad edilmiş tarixi torpaqlarımızda xalqımızın milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpasını həyata keçirməklə missiyasına sadiqliyini bir daha nümayiş etdirir.
Böyük Zəfərdən cəmi iki il ötür. 24 ay o qədər də uzun zaman deyil. Amma bu müddətdə görülən işlərin miqyası, həcmi Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Bütün bunların icrası üçün son iki ildə dövlət büdcəsindən ümumilikdə 4 milyard 870 milyon manat vəsait ayrılıb. Gələn ilin dövlət büdcəsindən isə bu məqsədlə 3 milyard manat vəsaitin ayrılması planlaşdırılır. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur. Bu xərclərin növbəti ildə dövlət büdcəsi xərclərində xüsusi çəkisi 9 faiz təşkil edəcək. Göründüyü kimi, dövlət Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin həyata keçirilməsi üçün ayırdığı vəsaiti ilbəil artırır.
Bütün bunlar ilk növbədə Azərbaycanın 10 noyabr üçtərəfli Bəyanatında götürdüyü öhdəliklərə sadiqliyinin bariz nümunəsidir. Azərbaycan həm öz torpaqlarına həyat qaytarır, həm də Zəngəzur dəhlizinin açılması istiqamətində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Dəhlizin bir parçası olan avtomobil və dəmir yollarının inşası, demək olar ki, artıq başa çatmaq üzrədir.
Lakin müharibənin başa çatmasından iki il ötməsinə baxmayaraq, Ermənistan sülh müqaviləsinin imzalanması prosesini uzatdığı kimi öhdəliklərinin icrasını da reallaşdırmır. Bu da əlbəttə ki, Azərbaycanın irəli sürdüyü 5 baza prinsipinə uyğun deyil. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, sülh sazişi yalnız həmin 5 prinsip əsasında imzalana bilər. Ermənistan rəhbərliyi buna razılıq versə də, hər dəfə müxtəlif danışıqlar zamanı hansısa bəhanəni uydurmaqla prosesdən yayınır.
Həm Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə indiyədək keçirilən 3 görüşdə, həm də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə reallaşan 5 görüşdə Ermənistanın heç bir iddiası, təklifi nəzərə alınmayıb. Bütün bunlar bir daha göstərir ki, sülh gündəliyini Azərbaycan Prezidenti müəyyənləşdirir. Sülh müqaviləsi yalnız Azərbaycanın milli maraqlarının təmin olunması şərtləri əsasında imzalana bilər.
Oktyabrın 31-də Soçidə keçirilən sonuncu görüşdə Azərbaycan Prezidenti bir daha qətiyyətli mövqeyini ortaya qoyaraq bəyan etdi ki, Qarabağ münaqişəsi artıq tarixdir. Bu münaqişə iki ilə əvvəl həll edilib və yenidən bu barədə müzakirə aparmağın mənası yoxdur. Qalib Komandan Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi təkbətək görüşdə səsləndirdi ki, üçtərəfli görüşdə konkret mövzu, sülh müqaviləsinin imzalanma prosesi və tərəflərin götürdükləri öhdəliklərin icra prosesi müzakirə edilsin. Bu, Azərbaycan Prezidentinin qətiyyətli və prinsipial diplomatiyasının növbəti təntənəsi kimi qiymətləndirilir. Üçtərəfli görüşdə qəbul olunan bəyanatda göstərilənlər də təsdiq etdi ki, sülh müqaviləsi yalnız Azərbaycanın milli maraqları, irəli sürülən 5 prinsip əsasında hazırlanmalı və bundan sonra imzalanmalıdır.
Azərbaycanın qətiyyətli və uzaqgörən Prezidentinin həyata keçirdiyi siyasət onu göstərir ki, məğlub Ermənistan istənilən qədər bəhanə gətirib sülh müqaviləsinin imzalanmasını ləngitsə də, vaxtı uzatsa da, sonunda imzalanacaq sənəddə qalibin maraqları təmin ediləcək. Zəngəzur dəhlizinin açılması ilə region yeni nəqliyyat-logistika mərkəzi kimi imkanlarını genişləndirəcək və Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təminatı getdikcə daha da möhkəmlənəcək.
Sahib Əsgərov,
Sabirabad rayon Qasımbəyli kənd tam orta məktəbin direktoru