Vətən müharibəsində əldə olunmuş qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətin nəticəsidir

Vətən müharibəsində əldə olunmuş qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətin nəticəsidir

Xalqların dünyada nüfuzunu artıran yalnız onların maddi-mədəni sərvətləri deyil, həm də mütərəqqi ideyaları ilə tarixi proseslərə mühüm təsir göstərən şəxsiyyətləridir. Onların seçdiyi yol milli inkişaf strategiyasının əsasında dayanır və təmsil etdikləri ölkələrin dünya birliyində özünə layiqli yer tutmasını təmin edir. Belə şəxsiyyətlərdən biri, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyevdir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik fəaliyyətini təhlil etdikdə onun güclü siyasi iradəyə və idarəetmə bacarığına malik, xalqına və dövlətinə bağlı müdrik lider olduğunu görürük. Bunun nəticəsidir ki, Azərbaycan davamlı inkişaf və modernləşmə yolu ilə irəliləyən, dünya siyasətində öz yeri və rolu olan dövlət kimi tanınır, xarici ölkələr ona hörmət və ehtiramla yanaşırlar.
2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan müharibədə xalqımız Prezident İlham Əliyevin müzəffər komandan kimi hərbi sərkərdəlik keyfiyyətlərinin, prinsipial və qətiyyətli mövqeyinin, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütdüyünün bir daha şahidi oldu. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə erməni qəsbkarlarından azad edildi. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında həm Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, həm də ondan irəli gələrək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları, xarici siyasətdə nailiyyətləri dayanır.
Vətən müharibəsində qələbənin əldə olunması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı ardıcıl, qətiyyətli diplomatik mübarizə ilə sıx şəkildə bağlıdır. Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail olmaq üçün ötən illər ərzində fəal və çevik xarici siyasət həyata keçirilib. Dağlıq Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumatlar çatdırılıb, Ermənistanın yalançı təbliğatı ildən-ilə fiaskoya uğrayıb. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi normalar çərçivəsində nizamlanmasına çalışıb, Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə, dünya dövlətlərini isə problemin aradan qaldırılması üçün fəallıq göstərməyə çağırıb.
Müharibə dövründə xalqımız Prezident İlham Əliyevin apardığı siyasətlə bağlı həmrəylik nümayiş etdirdi. Bir daha aydın oldu ki, Azərbaycan dövlətinin bütün sahələrində uğurların əldə edilməsində vətəndaş həmrəyliyi özünəməxsus yer tutur. Milli birliyin təmin olunması, müxtəlif ictimai-siyasi qüvvələr arasında etimad mühitinin yaradılması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar ictimai fikirdə onun haqqında uzaqgörən və ədalətli lider obrazını daha da möhkəmləndirir. Doğma vətənini sevən hər bir azərbaycanlı həmrəylik göstərərək torpaqlarımızın Ermənistanın işğalından azad olunması üçün Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədi. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məhv etməklə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. 44 günlük müharibə dövründə dünyanın nüfuzlu telekanallarına verdiyi müsahibələrində Prezident İlham Əliyevin Azərbaycanla bağlı həqiqətləri beynəlxalq aləmin diqqətinə yüksək diplomatik peşəkarlıqla çatdırması dövlətimizin informasiya müharibəsində də qələbəsini təmin etdi.
Prezident İlham Əliyevə olan yüksək inamın nəticəsi idi ki, xalqımızın vətənpərvər övladları onun çağırışına qoşularaq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda səfərbər olub silaha sarıldılar. Rəşadətli Azərbaycan Ordusu "Dəmir yumruq” əməliyyatında böyük şücaət göstərərək xalqımızın tarixinə parlaq səhifələr yazdı. Vətən müharibəsinin ilk günlərindən başlayaraq Ali Baş Komandan İlham Əliyev əsgərlərimizin qəhrəmanlığı ilə fəxr etdiyini, qürur duyduğunu bildirib. Azərbaycan Ordusunun döyüşlərdə qazandığı qələbələr Prezident İlham Əliyevin xalqımızın milli maraqlarına söykənən uzaqgörən siyasətinin, güclü lider kimi beynəlxalq arenada yüksək nüfuzunun, xalq-ordu birliyinin məntiqi nəticəsidir.
Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, Milli Ordumuzun gücü, cəmiyyətdəki vətəndaş həmrəyliyi nəticəsində əldə olunmuş möhtəşəm qələbə Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir. Xalqımız bu şanlı qələbəni böyük səbirsizliklə gözləyirdi və hər birimiz üçün müqəddəs sayılan torpaqlarımızın azad olunması sübut etdi ki, Azərbaycan əsgəri Vətənimizin hər qarış torpağı uğrunda canından keçməyə hazırdır.

Yeganə Cəfərova,
Salyan şəhər 6 saylı tam orta məktəbin direktor əvəzi
Mədəniyyət