Ötən 2020-ci il Azərbaycan tarixinə şanlı zəfər ili kimi daxil oldu. Otuz ilə yaxın davam edən Qarabağ müharibəsi cəmi 44 gün ərzində ölkəmizin qələbəsi ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən tapdağında qalan doğma torpaqlarımızı işğaldan azad etdi. Ermənistan təslimçilik Bəyanatına imza atmağa məcbur oldu.
Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması gözlənilən müharibəni qaçılmaz etdi. Azərbaycan Silahlı Qüvvələri də həmən andan etibarən ölüm-dirim savaşına qalxdı. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağ və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs döyüşə atıldı. Vətən Müharibəsi başlayandan bir neçə saat sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev xalq müraciət edərək cəbhədə yaranmış vəziyyətlə bağlı birbaşa məlumat verdi. Xalq Ermənistanın növbəti dəfə də Azərbaycana hərbi təcavüz aktına əl atdığı faktını rəsmən eşitdi.
Xalqımız Dövlət Başçısının dilindən eşitdi ki, bu təxribat Ermənistan tərəfindən başlanıb, düşmən danışıqlar prosesini pozmaq, ərazilərin işğalda qalmasını qeyri-müəyyən müddətədək uzatmaq məqsədi ilə təxribata əl atıb. Dövlət Başçısının informasiya və çağırış xarakterli müraciəti həm də ölkədə hər bir vətəndaşın nə etməli olduğunu göstərmək baxımından çox əhəmiyyətli idi. Bunu vətənin müdafiəsinə hər kəsin qalxmasına çağırış kimi də qəbul etmək olardı.
Cənab Prezident müraciətini bu fikirlərlə başa vurmuşdur: “Bu gün Azərbaycan Ordusu öz torpaqlarında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağlarımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ Ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.”
Ölkə Rəhbərinin dediyi kimi də oldu, ilk gündən ön müdafiə xətti yarıldı, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edildi. Qələbəyə doğru inamla irəliləyən cəsur əsgərlərimiz işğal olunmuş torpaqlarımızı sürətlə düşməndən təmizlədi.
Qarabağ qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Cəbhədən gələn bütün sevindirici, müjdəli xəbərləri Azərbaycan xalqına birbaşa Ali Baş Komandan özü verdi. Oktyabrın 4-də Cəbrayıl şəhəri və bu rayonun 9 kəndinin, 5 gün sonra Hadrut qəsəbəsinin və 8 kəndin işğaldan azad edilməsini tarixi qələbəmiz adlandırdı. 17 oktyabrda Ali Baş Komandan böyük məmunluq və sevinc hissi ilə Füzuli şəhərini və bir neçə kəndin, 3 gün sonra isə Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azad edilmiş yaşayış məntəqələrinin siyahısını çatdırmaqla yanaşı Zəngilan şəhərinin və bu rayonun 6 kəndinin işğaldan azad edilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik etdi. 26 oktyabrda Qubadlı şəhəri və rayonun bəzi kəndlərinin işğaldan azad olunduğunu fəxr hissi ilə bəyan etdi. Cənab Prezident vurğuladı ki, o kəndlərin hamısı dağıdılıb, lakin Azərbaycan xalqının da, dövlətinin də o yerləri bərpa etməyə gücü çatacaq.
Vətən Müharibəsi başlanan gündən cənab Prezidentin xalqa ünvanladığı sayca yeddinci müraciəti isə ölkədə sözün həqiqi mənasında qələbə və bayram əhval-ruhiyyəsi yaratdı. Bu müraciət Vətən yolunda, Azərbaycan suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən müqəddəs şəhidlərimizin uyuduğu məkandan – Şəhidlər Xiyabanından ünvanlanırdı.
Dövlət Başçısı bu müjdəni doğma xalqına Şəhidlər Xiyabanından verməsinin təsadüfü olmadığını dedi. Şəhidlərimizin ruhu qarşısında ehtiramını bildirərək bəyan etdi ki, onların qanı yerdə qalmır. Onların intiqamını döyüş meydanında aldıq. Dövlət Başçısı Ulu Öndər Heydər Əliyevin məzarını da ziyarət etdiyini, ruhu qarşısında baş əydiyini söyləyərək ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxt olduğunu vurğuladı.
Məhz həmin tarix – xalqımızın tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan Qarabağın tacı sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi gün 8 noyabr Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda Zəfər Günü kimi təsis edildi.
44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq, heç vaxt unudulmayacaq ən parlaq səhifə kimi öz əksini tapacaq. Prezident, Ali Baş Komandan cənab İlham Əliyev şəxsi keyfiyyətləri, əzmi, qətiyyəti ilə əsrlərdir davam edən tarixi gedişatı dəyişməyi bacardı. Neçə 100 illərdir öz torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı, Qarabağın işğaldan azad olunmasına böyük məharətlə rəhbərlik etdi. Tarixi ədaləti bərpa edən Ali Baş Komandan İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə həkk etdi. Təkbaşına öz ərazi bütövlüyünü təmin etməyi bacaran Azərbaycan bu gün öz tarixi torpaqlarına, doğma Qarabağa qayıdır və artıq həmin ərazilərdə şanlı Azərbaycan bayrağı dalğalanır.
Rəşad Tağızadə,
Salyan şəhər 9 saylı tam orta məktəbin müəllimi,
Vətən müharibəsi iştirakçısı