"Xarıbülbül" festivalı milli birlik, qürur, zəfər, ləyaqət bayramıdır
- 19.05.2021, 14:30,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 186
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm "Xarıbülbül" musiqi festivalı birmənalı şəkildə Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirməkdədir. 30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır. Təcavüzkar Ermənistan ötən 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamaqla yanaşı milli-mədəni abidələrimizə, milli sərvətlərimizə qarşı da amansız münasibət sərgiləyib. Ölkə Prezidenti cənab İlham Əliyev Şuşada keçirilən "Xarıbülbül" festivalında çıxışı zamanı bildirdi ki, ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq.
Bu ildən başlayaq hər il Şuşada keçiriləcək "Xarıbülbül" musiqi festivalı isə Azərbaycanın milli mədəniyyətinin, milli kimliyinin pasportu kimi çıxış edəcək. Təsadüfi deyil ki, bu festival həm də dünyaya bir mesaj, bir çağırış xarakteri daşıdı. Hər zaman sülhün, təhlükəsizliyin tərəfdarı kimi çıxış edən, multikultural dəyərləri təbliğ edən, yaşadan Azərbaycan bir daha çoxkonfessiyalı ölkə olaraq inkişafın və qələbənin formulunu təqdim etdi. Bəli, bu musiqi festivalının keçirilməsi üçün məhz Şuşa şəhərinin seçilməsi də təsadüfi deyil. Möhtərəm Prezidentimiz "Xarıbülbül" festivalının açılış mərasimindəki çıxışında bildirdi ki, Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. 30 ildən sonra bərpa edilən bu festival isə sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramı statusunu qazandı.
Famil Məmmədov,
Salyan rayonu Şorsulu bələdiyyəsinin sədri, sahibkar