Müzəffər Ali Baş Komandan İlham Əliyev: “Bizim apardığımız müharibə dünyanın aparıcı hərbi məktəblərində öyrənilir. Azərbaycan əsgəri öz gücünü göstərdi”

Müzəffər Ali Baş Komandan İlham Əliyev:  “Bizim apardığımız müharibə dünyanın  aparıcı hərbi məktəblərində öyrənilir.  Azərbaycan əsgəri öz gücünü göstərdi”

Biz bir xalq olaraq özünəinamımızı geri qaytardıq, qalibiyyət hissini yaşatdıq. “Qarabağ Azərbaycandır və nida!” dediyi üçün, möhtərəm Prezidentə minnətdaram. Ötən il Ali Baş Komandan “Qələbə” sözünü qızıl hərflərlə tariximizə yazdı. Ölkə rəhbərimizin həyata keçirdiyi siyasəti, atdığı diplomatik addımları, siyasi iradəsi, əzmkarlığı və s. lazımi nəticənin əldə olunmasında müstəsna rol oynadı.
Dünyaya qarşı təkbaşına mübarizə apardı və bütün təzyiqlərə tab gətirib, ordusunun və xalqının yanında oldu. İndi ölkəmiz qalibiyyət qazanandan sonra bütün dünya deyir ki, Azərbaycan dünyanın ən müasir müharibəsi apardı və 44 gün ərzində möhtəşəm hərbi performans nümayiş etdirdi. Cənab Prezident Qudablıda əsgərlərlə görüşərkən bunları dedi: “Bizim apardığımız müharibə dünyanın aparıcı hərbi məktəblərində öyrənilir. Azərbaycan əsgəri öz gücünü göstərdi”. Bəli, Azərbaycan əsgəri ona görə öz gücünü göstərə bildi ki, onun cənab İlham Əliyev kimi Ali Baş Komandanı var. Bəli, ordumuz illərlə təlim aldı, gücləndi, ən müasir silahlarla təmin olundu. Nəticədə, Ali Baş Komandanın əmri, ordunun və xalqın ölkə başçısına inamı nəticəsində tarixi qələbəni təmin etdik. Bu gün dünya siyasətçiləri İlham Əliyevin mükəmməl siyasi lider, strateq olmasından bəhs edir. Xarici siyasəti necə məharətlə həyata keçirməsindən söz açırlar. Hətta bir sıra xarici ölkə vətəndaşları Prezidentin videoçıxışlarının altında, sosial şəbəkələrdə yazırlar ki, kaş bizim də belə liderimiz olaydı. Belə sözləri oxuyanda qürur duymamaq mümkün deyil. Vətən müharibəsi bir daha sübut etdi ki, cənab Prezident xalqını sevən, ölkəsinin rifahı, inkişafı üçün çalışan liderdir.
Onu da qeyd edək ki, ötən il heç də asan keçmədi. Bir tərəfdən koronavirusun yaratdığı çətinliklər, digər tərəfdən dünya iqtisadiyyatında baş verən çətinliklərin Azərbaycana təsir etməməsi üçün görülən işlər, ən əsası dünyanın ən şərəfsiz düşməni ilə müharibə etmək... Azərbaycan xalqı bu günlər ərzində böyük əzmkarlıq nümayiş etdirdi. Bildirdi ki, ölkə başçısının yanındadır. Evi dağılan da, övladını itirən də bir ağızdan dedi ki, “Hər şey qurban olsun Vətənə, orduya. Cənab Prezident təki dayanma, biz səninləyik!” Bəli, həmin vaxtlarda cənab Prezidentin xalqla qurduğu rabitə olduqca səmimi və dəqiq mesajlarla dolu oldu. Prezident hər çıxışında, xalqa müraciətində dəqiq hədəfləri bildirdi, xalq qarşısında hesabat verdi və ordunun işğaldan azad etdiyi əraziləri haqda məlumatları onun özü elan etdi. Ya da ki, “Twitter”də yazdı. Xalq olaraq cənab Prezidentin çıxışlarını həyəcansız izləyə bilmirdik. Prezidentin müzəffər ordumuzun işğaldan azad etdiyi əraziləri bir-bir sadalaması anı... Onun dediyi hər bir sözün sosial şəbəkələrdə tirajlanması, səsləndirdiyi ifadələrin xalq tərəfindən zərb-məsəl kimi istifadə olunmasına başlanıldı. Hər kəs Prezidentdən sitat gətirirdi. Cənab Prezident, bizə heç vaxt unutmayacağımız qürurlu anlar yaşatdı. Bizimlə bir yerdə sevindi, bir yerdə kədərləndi. Bizimlə bir yerdə azad olunmuş torpaqlara gedib, ən müqəddəs ziyarətləri ziyarət etdi. Ağdam məscidində Azərbaycan üçün birinci duanı etdi, şəhidlərimizin ruhunu birinci andı. Xalq-Prezident- Ordu birliyi bir daha onu sübut etdi ki, dünyada mümkün olmayan heç nə yoxdur. Yəni, 30 ilə yaxın müddət ərzində düşmən ölkənin ərsəyə gətirdiyi səngərlər, istehkamlar darmadağın edildi. 30 il tapdaqlar altında qalan torpaqlarımızı 44 gün ərzində geri qaytara bildik və Azərbaycan xalqına meydan oxumağa çalışan düşməni həmin müddət ərzində məhv edə bildik. Açığı, mən bu gün bir növ darıxıram. O həyəcan, o Qələbə xəbərlərini üçün, Prezidentin xalqa etdiyi müraciətlər üçün. Dünyanın aparıcı televiziyalarının qərəzli təbliğatını məntiqlə, yüksək peşəkarlıqla darmadağın etdiyi zamanlar üçün. Özlərini ağıllı göstərən aparıcılardan bəzilərinin bir qram ağıla sahib olmadıqlarını görmək üçün. Nəinki mən, bəlkə də mənim kimi darıxanlar da var. Bəli, bundan sonra bizi qarşıda böyük işlər gözləyir. Azad olunmuş torpaqlarda yaratmaq, yaşamaq, övladlarımızı orada bö­yütmək gözləyir. Bizi güclü, azad, yeni Azərbaycan gözləyir. Bütün bunlar üçün var olun, cənab Prezident! Əldə etdiyimiz parlaq qələbə münasibətilə bir daha Sizi, müzəffər Ordumuzu, bütövlükdə xalqımızı təbrik edirəm! Hər zaman qalib, hər zaman güclü, hər zaman var olaq!

KƏRİMOV ABDULLA ŞAHNAR OĞLU
ŞƏKİ RAYON MƏŞQULLUQ İDARƏSİNİN RƏHBƏRİ
Mədəniyyət