Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır
- 30.06.2021, 11:58,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 259
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Güclü ordu Azərbaycanın müstəqilliyinin və azərbaycançılıq məfkurəsinin zəmanətlərindən biridir. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun silah-sursatla təchiz edilməsi bizim imkanlarımızı bütün dünyaya göstərdi. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
Bu gün Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz böyük inkişaf yolu keçmişdir. Cənab Pezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü daxili və xarici siyasəti sayəsində Azərbaycanın iqtisadi gücü artmış, qüdrətli ordu formalaşmış və ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilmişdir.
Bu baxımdan Azərbaycanda ordu quruculuğu işlərində çox böyük nailiyyətlər əldə edilmişdir. Bizim artıq peşəkar ordumuz vardır. Ordumuzun döyüş qabiliyyəti çox yüksəkdir. Yüksək texniki təminat Ordumuzu daha da güclü etdi. Bütün digər sahələrdə olduğu kimi texniki təminat sahəsində də böyük işlər görülmüş və İkinci Qarabağ müharibəsində bunu nümayiş etdirdik.
Bəli, Ali Baş Komandan cənab İlham Əliyevin ordu sahəsində həyata keçirdiyi uğurlu siyasəti, əsgər və zabitlərin yüksək döyüş əzmi 44 gün davam edən Vətən müharibəsinin qələbə ilə başa çatmasına gətirib çıxardı. Qəhrəman Azərbaycan əsgəri son sözünü döyüş meydanında dedi və illərdir erməni faşistləri tərəfindən işğal olunan tarixi torpaqlarımız azad olundu. Bu gün o torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı dalğalanır. Cənab Prezidentin rəhbərliyi ilə qazanılan parlaq tarixi Qələbə respublikamızın Cənubi Qafqazdakı liderliyini və beynəlxalq mövqelərini daha da möhkəmləndirdi. İkinci Qarabağ müharibəsində qazanılan Qələbə Azərbaycanın müstəqillik və bütövlükdə dövlətçilik tarixinin mühüm hadisəsi oldu. Torpaqlarımızın işğaldan azad edilməsi göstərdi ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətən tarixinin ən qüdrətli dövrünü yaşayır.
Turanxanım Mehdiyeva,
Salyan şəhər 9 saylı tam orta məktəbin müəllimi