İkinci Qarabağ Müharibəsi tariximizin qəhrəmanlıq səlnaməsidir

 İkinci Qarabağ Müharibəsi  tariximizin qəhrəmanlıq səlnaməsidir

Ali Baş Komandan cənab İlham Əliyevin 18 illik prezidentlik dövrünün zirvəsi kimi dəyərləndirilən Zəfərimiz, bu gün istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə keçirilən sorğularda yüksək qiymətləndirilir. Təbii ki, belə bir uğur bugünün səylərini deyil, illərin qətiyyətinin, düşünülmüş və məqsədyönlü siyasətin, ölkəmizin istər daxildə, istərsə də beynəlxalq aləmdə qazandığı uğurların, eyni zamanda, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinin prioritetliyi fonunda atılan addımların məntiqi nəticəsidir. Prezident İlham Əliyev ötən ilin 23 dekabrında xanımı Mehriban Əliyeva ilə işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri zamanı əsgərlərlə görüşündə bir daha qeyd etdi ki, “peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat və xalq-iqtidar birliyi bizim Qələbəmizi şərtləndirdi. İstifadə etdiyimiz taktiki üsullar dünya hərb elmi üçün yenilikdir. Vaxt keçdikcə bu məsələ ilə bağlı daha geniş məlumat veriləcək. Ancaq bu gün də artıq xarici mətbuata sızan məlumatlar onu göstərir ki, bu müharibə döyüş əməliyyatlarının gedişində hərbi ekspertlər tərəfindən çox ciddi təhlil edilirdi və indi də edilir”.

30 ilə yaxın müddət ərzində həllini gözləyən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 44 gün ərzində Azərbaycanın hərbi və siyasi Qələbəsi ilə başa çatması, birbaşa cənab İlham Əliyevin uğurlu siyasətinin, qətiyyətli mövqeyinin, Ali Baş Komandandan “Azərbaycan əsgəri, irəli!” əmrini gözləyən ordumuzun qüdrətinin, döyüş ruhunun yüksəkliyinin, Vətən, torpaq sevgisinin nəticəsində əldə olundu. Faktdır ki, möhtərəm Prezidentin son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirərək davamlı inkişafa nail olması, birbaşa Qələbəmizə gedən yolu hər an bizə yaxınlaşdırdı. Beynəlxalq münasibətlər sistemində güc və beynəlxalq hüquq amillərinin önəmini nəzərə alsaq, Azərbaycanın hər iki istiqamətdə üstünlüyü göz önündədir. Müstəqil və praqmatik siyasətində dövlətin və xalqın maraqlarının ifadəsinə əsaslanan addımları ilə hər günümüzü tariximizə önəmli hadisələrlə dolu zəfər günləri kimi yazan cənab İlham Əliyevin bütün çıxışlarında, məhz bu inam öz əksini tapırdı. Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar, eyni zamanda münaqişənin həlli üçün möhkəm hüquqi bazanın yaradılması üçün əsas oldu. Ötən 30 ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmasını gözləsək də, bunların heç biri icra olunmadı. Sonda Azərbaycan Ordusu bu missiyanı təkbaşına 44 gün ərzində həyata keçirdi və erməni işğalına son qoydu. Ermənistana və ona havadarlıq edən dövlətlərə sübut etdi ki, yenilməz, məğrur ordusu olan Azərbaycandır. Ermənistanın illərdir yaratdığı “yenilməz erməni ordusu” mifi darmadağın edildi. Torpaqlarımızı heç zaman geri qaytarmayacaqları xülyası ilə yaşayan Ermənistanın hərbi-siyasi rəhbərlərinin ərazilərimizdə yaratdıqları istehkamlar dağıdıldı, işğalçı ölkənin silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında diz çökdü. 10 noyabr üçtərəfli Bəyanatı bütün dünyaya Azərbaycan Prezidentinin qətiyyətini, ordumuzun gücünü və qüdrətini göstərdi. 44 gündə Azərbaycana nə qədər təzyiqlər göstərildi, müharibənin dayandırılması ilə bağlı tələblər irəli sürüldü. Bütün təzyiq və təhdidlərə əsl Liderə xas olan mərdliklə sinə gərən dövlətimizin başçısı İlham Əliyev mövqeyindən geri çəkilməyərək, baş və boş nazir Nikol Paşinyanın 7 şərtinin qarşısında yalnız bir şərt qoydu - torpaqlarımızdan çıxsınlar, rayonların boşaldılması ilə bağlı cədvəl təqdim etsinlər. Əks təqdirdə müharibə sonadək aparılacaq deyib, ortaya qəti iradəsini qoydu.

Bir sözlə, torpaqlarımızın hər qarışının azad olunması uğrunda xüsusi rəşadət göstərən Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə, müzəffər Azərbaycan Ordusunda xidmətdə olan, yaxud da təxris olunan hər bir zabit və əsgərimizə dərin təşəkkürlərimi bildirirəm və Azərbaycanın gələcək inkişafı naminə fəaliyyətlərində uğurlar arzulayıram! Eyni zamanda qorxmadan, çəkinmədən vuruşub Vətənimizin bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Bəli, bütün bunlar bir tarix olaraq yaddaşlara həkk olundu, bizim qürurlu xalq olduğumuzu sübuta yetirdi. Əgər DQ problemi ötən əsrin son illərində əmələ gəlmişdisə, 21 əsrin əvvəllərində isə, beynəlxalq hüquq normaları çərçivəsində həllini tapdı. Bu böyük uğurun əsas səbəbkarı, məhz Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi və Azərbaycan Ordusunun yenilməzliyi oldu. Faktdır ki, bu yenilməzlik, bu milli vəhdət bizi qələbəyə apardı, bizim üzərimizdən “məğlub xalq” adını götürdü. Bəli, biz bu gün qürurluyuq, başıuca gəzməyi bacarırıq. Bütün bunları əsas tutaraq, bizə bu parlaq qələbəni nəsib edən Ali Baş Komandanımızı və şanlı Azərbaycan Ordusunu ürəkdən təbrik edirəm.

Süleyman Kərimov
Quba Suvarma Sistemləri İdarəsi
Mədəniyyət