Xalqımıza qarşı törədilən soyqırımı bəşəri cinayətdir

  • 01.04.2022, 11:53,
  • ---
  • Baxılıb: 119
Xalqımıza qarşı törədilən soyqırımı bəşəri cinayətdir

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü tariximizin ən ağrılı səhifələrindən biridir. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsr müddətində planlı şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə "böyük Ermənistan" dövləti yaratmaq olub. Azərbaycan xalqının başına gətirilən müsibətlər ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb. Azərbaycanda XIX-XX əsrlərdə baş verən bütün faciələr torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilatı xarakterli tədbirlər həyata keçirilib. Bu mifik ideya ilə yaşayan ermənilər məqsədlərinə nail olmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. İki yüz ildən bəri davam edən erməni millətçilərinin törətdiyi soyqırımlar nəticəsində yüz minlərlə soydaşımız qətlə yetirilib, terror və təcavüzlərə məruz qalıb, doğma torpaqlarından deportasiya olunub.

Ermənilərin törətdikləri qanlı faciələrin ən dəhşətlilərindən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Ümummilli lider Heydər Əliyev 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar deyib: "Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur".

Öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olan mart soyqırımları zamanı Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, insanlar işgəncələrə məruz qalıb. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda "Daşnaksutyun" partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetirib. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazıb: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər." Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

Erməni cəlladları bolşeviklərin köməyi ilə Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə uşaq, qoca, qadın demədən kütləvi surətdə dinc əhalini, 50 mindən çox azərbaycanlını qəddarlıqla, vəhşicəsinə qətlə yetirib, diri-diri yandırıb, 10 minlərlə insanı öz torpaqlarından qovub. Çoxlu sayda insan itkin düşüb, minlərlə yaşayış məntəqəsi, kəndlər, evlər, milli memarlıq inciləri, məscidlər, məktəb binaları, xəstəxanalar yandırılaraq dağıdılıb. Bu kütləvi qırğınlarda on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da qılıncdan, süngüdən keçirilib. Daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirərək sonrakı dövrlərdə də kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirib, dinc azərbaycanlıları qəddarlıqla kütləvi qırğına məruz qoyub, cinayətlərini ört-basdır etmək üçün müxtəlif vasitələrə əl atıb, hadisələri saxtalaşdırıblar.

Təkcə Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə törədilmiş soyqırımı barədə bu gün arxivlərdə minə yaxın səhifədən ibarət araşdırma materiallarının olması faciənin miqyasını bir daha göstərir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçıların apardıqları araşdırmaların nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. 1918-ci ilin aprel - may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi erməni vandalizmini təsdiqləyən faktlardır. Məzarlığın tədqiqi zamanı 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya hücumu zamanı insanların hər cür zorakılığa məruz qalaraq qəddarlıqla qətlə yetirilməsi və həmin məzarlığın sonradan kütləvi şəkildə basdırılmış yerli sakinlərə məxsus olduğu müəyyən edilib. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində "Soyqırımı memorial kompleksi"nin yaradılmasına qərar verib. Prezident İlham Əliyev 2013-cü il sentyabrın 18-də Soyqırımı memorial kompleksinin açılışı zamanı deyib: "1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir."

Qeyd etmək lzımdır ki, ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" Fərman imzalayıb, bu dəhşətli hadisələrə adekvat hüquqi-siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunub. 1998-ci ildən başlayaraq respublikamızda 31 mart hər il Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir. Fərmanda deyilir: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir". Ulu Öndərin bu Fərmanı və sonra qəbul edilmiş sənədlər tarixi həqiqətlərin üzə çıxmasına və unudulmamasına xidmət edir. Bununla da XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə indiki və gələcək nəsillərdə milli yaddaş formalaşdırılıb. Məhz həmin tarixi sənədin imzalanmasından sonra hər il nəinki ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində soyqırımı ilə əlaqədar müxtəlif anım mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin və qəddarlığının bütün qanlı əməlləri pislənilir. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunub. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb. Aşkarlanan tarixi faktlar erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalayıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin edib, Milli Məclis soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclas keçirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünya siyasətinə ciddi təsiri olan böyük dövlətlərlə müntəzəm və məhsuldar iş aparır, onilliklər boyu formalaşmış stereotipləri, yanlış yanaşmaları dağıtmağa uğurla müvəffəq oluruq. İkili standartlara və ermənipərəst qüvvələrin təzyiqlərinə baxmayaraq, beynəlxalq ictimaiyyət aşkar faktlar qarşısında həqiqəti daha tez-tez etiraf etməli olur. Soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri bütün dünyada getdikcə daha geniş xarakter alır və ciddi əks-səda doğurur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəlik bacarığı, qətiyyəti ilə müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində erməni faşizminin məhvi, tarixi ədalətin bərpa edilməsi, torpaqlarımızın əsl sahiblərinə qaytarılması, bir sözlə, düşmən üzərində tarixi Qələbə, Zəfər böyük geosiyasi məkanda proseslərin bütöv məcrasını tamamilə dəyişib. Dövlətimizin başçısı böyük xilaskarlıq missiyasını qətiyyətlə yerinə yetirməklə son 200 ilin ən şanlı Zəfər tarixini, xalqımızın qəhrəmanlıq salnaməsini yenidən yazıb, Ermənistanı diz çökdürüb, ölkəmizin ərazi bütövlüyünü bərpa edib, dünya hərb tarixində, diplomatiya tarixində yaddaşlara həkk olunan yeni bir iz qoyub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı". Bu şanlı tarix yalnız bir region çərçivəsi ilə məhdudlaşmır, bütövlükdə qloballaşan dünyamızda tərəfdaşlığa can atan bütün dövlətlər üçün mühüm əhəmiyyətə malikdir.

Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.

Samir Baxşəliyev ,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix Üzrə Fəlsəfə Doktoru
Mədəniyyət