200 ildən çox davam edən erməni düşmənçilik siyasəti

 200 ildən çox davam edən erməni düşmənçilik siyasəti

Ermənistan-Azərbaycan münaqişəsinin dərin tarixi kökləri vardır. Əsası XIX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə qoyulmuş bu proses 1905-1906 və 1918-1920-ci illərdə azərbaycanlıların qəddar kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçmişdir.
XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən-min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilmişdir.
1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilmiş, yüzlərlə Azərbaycan kəndi yer üzündən silinmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail oldular.Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular. SSRİ Nazirlər Sovetinin bu qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktları olub. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq qovulmuşlar. Azərbaycanlıların hüquqları kobudcasına pozulmuş, onlara qarşı sərt repressiyalar həyata keçirilmişdir.
Bundan sonra isə erməni millətçiləri öz havadarlarının köməyi ilə 1950-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başlayıblar. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilmiş, toponimika tarixində misli görünməyən hadisə-qədim toponimlərin müasir erməni adları ilə əvəzolunma prosesi baş vermişdir.90 –cı illərin əvvəlində SSRİ –nin dağılmasından istifadə edən Ermənistan öz havadarlarının dəstəyi ilə ölkəmizə növbəti təcavüzkar siyasətini həyata keçirmiş və nəticədə Dağlıq Qarabağa və ətraf rayonlara nəzarət itirilmişdir.
Azərbaycanın bütün sahələrdə güclənməsinə baxmayaraq, Ermənistana himayəçilik etmək, münaqişəni dondurmaq və Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirmək üçün təsis edilmiş ATƏT-in Minsk qrupu 30 il ərzində problemin hərbi yolla həllinə imkan verməmişdi. Hətta BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin qəbul etdiyi 5 qətnamə, habelə AŞPA və ATƏT-in özünün qəbul etdiyi qətnamə və qərarlar da kağız üzərində qalmışdı.
2020-ci ilin 12 iyul və 27 avqust tarixlərində Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar Ermənistan rəhbərliyinin yeni müharibə hazırlığından xəbər verirdi. Sonuncu təxribat sentyabrın 27-də səhər saatlarında baş verdi ki, bu, Azərbaycan Ordusunu cavab tədbirlərinə vadar etdi və noyabrın 10-a qədər davam edən döyüşlər Ermənistan Respublikasının kapitulyasiyası ilə başa çatdı.
Azərbaycan xalqının bu möhtəşəm qələbəsi Ermənistanda ciddi çaşqınlıq və olduqca mürəkkəb vəziyyət yaratdı. Ermənistanın “qüdrəti”, lobbisinin “gücü”, erməni quldur dəstələrinin “məğlubedilməzliyi” haqqında onilliklərboyu formalaşdırılmış miflər Milli Ordumuzun aramsız zərbələri altında dünyanın gözü qarşısında məhv oldu. Azərbaycan Ordusu öz xilaskar missiyasını, Vətənimizi qorumaq, torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi. Torpaqlarımız uğrunda canını qanını fəda etmiş qəhrəman oğullarımızın, şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı.
Bu gün qürurumuza qürur qatan, hər birimizə xoşbəxtlik bəxş edən və gələcəyə sonsuz ümidlər verən hadisələr içərisində Prezident İlham Əliyevin xalqın müzəffər sərkərdəsi kimi düşmən işğalından azad edilmiş ərazilərə mütəmadi səfərlər etməsi və möhtəşəm infrastruktur layihələrinin təməlini qoymasıdır. İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması kompleks şəkildə həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin təkmil idarəçilik sisteminə əsaslanan uğurlu siyasəti nəticəsində artan iqtisadi və maliyyə imkanlarımız, dost ölkələrlə əməkdaşlıq əlaqələrin genişləndirilməsi fonunda erməni faşizminin ağır yaralar vurduğu bu ərazilərimiz tezliklə, sözün əsl mənasında, cənnətməkana çevriləcəkdir. Prezident İlham Əliyev “Yenə işğaldan azad edilmiş torpaqlardayam” söyləyərək 30 ilin işğalına son qoyulmasından keçirdiyi sonsuz qürur hissini nümayiş etdirir və bu fikirdə belə bir əminlik öz aydın ifadəsini tapır ki, tezliklə soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Oktay Nəhmədov,
Salyan rayon Qırx Çıraq qəsəbə ümumi orta məktəbin direktoru
Mədəniyyət