Xocalı soyqırımından 30 il keçir. Azərbaycan xalqı Xocalıda qətlə yetirilmiş həmvətənlərimizin xatirəsini daim əziz tutur, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanları ehtiramla yad edir.
30 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində törədilmiş Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada duran Xocalı soyqırımı baş verib. Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış həmin gecə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozan erməni silahlı qüvvələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan ediblər.
Bu qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşiliklər yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki həmin gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. "Böyük Ermənistan" dövləti yaratmaq kimi xəstə xülyanın əsiri olmuş erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın zamanı mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edilib və onlardan 76 nəfəri uşaqlardan ibarət olub. 1275 xocalılı girov götürülüb. 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil edib. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Karneqi analitik agentliyinin əməkdaşı Tomas de Vaala verdiyi müsahibəsində qeyd edib: "Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu. Onu da nəzərə almaq lazımdır ki, onlar arasında Bakıdan, Sumqayıtdan qaçanlar da var idi". Bu dəhşətli cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olub.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilib. Ümummilli Liderimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanıb. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkilib. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Xocalı soyqırımının ildönümü ilə əlaqədar hər il minlərlə insanın iştirakı ilə "Ana harayı" abidəsi önündə anım mərasimi keçirilir.
Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti nəticəsində Xocalı soyqırımının bütün dünyada tanınması, Ermənistanın həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb. XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar 26 fevral 2017-ci il tarixində Bakıda ümumxalq yürüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilmiş yürüşdə 40 mindən çox insan iştirak edib. Ümumxalq yürüşünün iştirakçıları əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar tutmuşdular.
Xocalı soyqırımı ilə əlaqədar artıq Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. Bununla bərabər, 2013-cü ilin fevral ayında İƏT İslam Zirvə Konfransının Qahirədə keçirilən 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən edib.
Yeri gəlmişkən, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya Ədalət" kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. "Xocalıya ədalət" kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir",-deyən Leyla xanım Əliyeva qeyd edib ki, birgə belə təşəbbüslər irəli sürməklə dünyamızı daha ədalətli və sülh şəraitində yaşada bilərik. Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə startı verilən "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyasının fəaliyyətini bu gün 100 minlərlə şəxs və 115 təşkilat dəstəkləyir.
Bu gün böyük qürur və fəxarət hissilə bildiririk ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 günlük Vətən müharibəsində düşmən ordusunu darmadağın edərək 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytarıb, parlaq Zəfər qazanıb, Ermənistan rəhbərliyini təslim aktını imzalamağa məcbur edib, bütün şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının qisasını alıb.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən ilin fevral ayında yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bəyan edib ki, Xocalı soyqırımının törədilməsi ilə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi. Təsadüfi deyil ki, Ermənistan rəhbərləri - hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə verərkən, bu barədə sualı cavablandırarkən qürur hissi ilə qeyd edirdilər ki, bəli, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib. Ona görə ki, Azərbaycan xalqı görsün, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər. Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq. Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın, halbuki belə meyillər görünməkdədir. Bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli addımlar atır.
Vüqar Səlimov
Uzümçülük və Tərəvəzçilik institutunun direktoru