Xocalı soyqırımı erməni xislətini üzə cıxartdı

  • 24.02.2020, 09:43,
  • Gündəm
  • Baxılıb: 469
Xocalı soyqırımı erməni xislətini üzə cıxartdı


1992-ci ilin fevralı dəhşətli Malıbəyli, Quşçular, Qaradağlı, Yuxarı Veysəlli faciələri ilə yadda qaldı. Həm də həmin fevralda Xocalı faciəsi baş verdi. Xocalı faciəsi bədnam erməni ekstremistlərinin xəbis niyyətlərini həyata keçirmək, qonşu torpağını zəbt etmək üçün törətdikləri vəhşi qanlı cinayətlər, bəşər tarixinin çox nadir hallarda şahidi olduğu vəhşiliklər sırasındadır. Xocalı faciəsi 1988-ci ilin fevralında baş vermiş Sumqayıt faciəsinin 4-cü ildönümünə təsadüf etdi. Siyasi ədəbiyyatlarda haqlı olaraq heç bir ölçüyəgəlməz bu vəhşilik GENOSİD - kutləvi qırğın ünvanı adını alıbdır. Dəhşətli Xocalı soyqırımı, Xocalı genosidi, milli, etnik və dini zəmində baş vermiş bir cinayətdir. Bu cinayətə hüquqi baxımdan yanaşdıqda görünür ki, erməni-rus silahlı birləşmələrinin çirkin niyyəti bütünlüklə azərbaycanlılardan ibarət Xocalı sakinlərini məhz milli-dini zəmində son nəfərinə kimi qətlə yetirməkdən ibarət olmuşdur. Ermənilər beynəlxalq hüquqda yolverilməz hesab edilən bu soyqırımı cinayətinə məqsədli şəkildə, Xocalı faciəsini beynəlxalq hüquq normaları çərçivəsində soyqırımı cinayəti kimi qiymətləndirməyə kifayət qədər ciddi əsaslar, faktlar vardır. Hadisəni tədqiq etdikdə açıq-aşkar görürük ki, Xocalı faciəsinin kökündə məhz genosid (soyqırımı) niyyəti dayanmışdır.

Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri ünsür sayılır. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri öz xarakterinə görə şüurlu, bilərəkdən törədilir. Burada cinayətkarların fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı əvvəlcədən mövcud olan konkret niyyəti ortaya çıxarmaq tələb olunur. Soyqırımı anlayışı qadağan olunmuş əməlin ümumi nəticələrinə dair konkret niyyətin olmasını tələb edir.
Genosid aktları adətən silahlı münaqişələr zamanı baş verir. Bu ondan irəli gəlir ki, münaqişə zamanı bu cinayətə yardım olan əlverişli şərait yaranır. Genosid haqqında Konvensiyanın üçüncü maddəsində təkcə genosid cinayət cəzasına məruz qalmır, həmçinin, onun törədilməsi məqsədilə əlbir plan, bu cinayətin törədilməsinə birbaşa və ya ictimai təhrikçilik, həmçinin, bu cinayətə qəsd və cinayətdə iştirak etmək də bura daxildir. Baxmayaraq ki, genosid aktı özü bir dövlətin ərazisində baş verə bilər, amma yuxarıda göstərilən və genosidin baş verməsinə yardım edən digər cinayət aktları həmçinin digər dövlətlərin ərazisində də həyata keçirilə bilər.
Beynəlxalq hüququn qəbul olunmuş ümumi prinsip və normalarının, eləcə də insan hüquq və azadlıqlarının kobud surətdə pozulması SOYQIRIMI deməkdir. Bu nöqteyi-nəzərdən Xocalı faciəsi SOYQIRIMI kimi qiymətləndirilməlidir.
“Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, onlara əzab və işgəncə verilməsi, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 34-cü maddəsinə əsasən mülki əhalinin girov götürülməsi də qadağandır. Amma Xocalıda 1000-dən çox insanı girov götürən erməni silahlıları bu prinsipi də açıq-aşkar pozmuşlar. Üstəlik girovlarla çox sərt, amansız, alçaqcasına, insanlığa yaraşmayan tərzdə rəftar etmişlər. Xocalı faciəsi Cenevrə Konvensiyasına, Ümumdünya İnsan Haqları Bəyannaməsinə, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr, döyüşlər zamanı qadınların və uşaqların Müdafiəsi Bəyannaməsinə, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxalq Müqaviləyə qarşı yönəlmiş ağır cinayətdir.
Ermənilər tərəfindən Xocalı da azərbaycanlılara qarşı törədilmiş bütün əməllər beynəlxalq hüquq sənədlərinə uyğun olaraq qara soyqırımı kimi qiymətləndirilir. Xocalı faciəsinin beynəlxalq cinayət olaraq Ermənistanın Azərbaycan xalqına qarşı apardığı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi olması faktdır və bu, dünya ictimaiyyətinə çatdırılmışdır.
Xocalı faciəsindən illər ötsə də hələ də beynəlxalq təşkilatlar XX əsrin bu dəhşətli faciəsinə düzgün siyasi qiymət verməmişdir. Xocalı əməliyyatı koordinasiyasının müəllifləri, Xocalı şəhərini yer üzündən silməyə nail olan erməni quldurları hələ də öz layiqli cəzalarını almamışlar. Bu məsələdə hazırda dünyanın susması adamı heyrətləndirir.
İnsanlığa qarşı yönəlmiş irimiqyaslı cinayət olan Xocalı qətliamı xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq, azərbaycanlıların min illərlə yaşadıqları əraziləri, torpaqları işğal etmək, oradakı tarixi, arxeoloji, mədəniyyət abidələrini dağıdıb məhv etmək və s. bu kimi çirkin məqsədlər güdürdü. Xocalı hadisəsi, erməni vandalizmi mütəmadi şəkildə BMT Nizamnaməsini və ATƏT-in prinsiplərini kobud şəkildə pozaraq Qarabağın dağlıq hissəsini zorla Ermənistana ilhaq etməyə çalışan Ermənistan hökumətinin beynəlxalq hüquq normaları ilə bir araya gəlməyən təcavüzkar siyasətinə sadiq qaldığını bir daha təsdiq edir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımı erməni vandalizminin bariz nümunəsidir.
Dəhşətli Xocalı faciəsini törətməklə insanlığa yaraşmayan vəhşilikləri günahsız, köməksiz, əliyalın insanların taleyinə qanla həkk edən kinli ermənilər məkrli babalarının yolu ilə gedərək kifayət qədər çoxlu türk qanı içmək taktikasına sadiq qaldıqlarını bir növ sübut etdilər. Xocalı dəhşətlərinin şahidləri ilə, girovluqdan azad olmuş xocalılarla söhbətlər etdikcə adam qəlbən yanılıb-yaxılır, öz içindən odlanır, alovlanır.
Bu gün biz Xocalısız Xocalı həsrəti ilə yaşayırıq, Xocalımız bu gün düşmən əsirliyində,qollarını hər bir Azərbaycanın qeyrətli övladına tərəf uzadaraq, əsirlikdən qurtarmaq üçün imdad istəyir, inanırıq ki, Xocalı cinayəti gec-tez açılacaq, bu dəhşətli faciənin qaranlıq məqamları bütün dünya ictimiayyətinə olduğu kimi, təhrif olunmamış şəkildə çatdırılacaq, erməni faşizminin xislətini bütün çılpaqlığı ilə açan Xocalı faciəsi milli yaddaşımızdan heç vaxt silinməyəcəkdir...
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qəbirləri nurla dolsun!


Əhməd Cuma oglu Əhmədzadə,
Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri
Mədəniyyət