“İlham Əliyevin qətiyyətli duruşu, sarsılmaz iradəsi, Qarabağ zəfərini bizə bəxş etdi”

Bir xalqın böyüklüyü onun heç bir zaman işğalla barışmaması, daim döyüşə hazır olmasındadır. Azərbaycan xalqı da heç bir zaman torpaqlarının işğalı ilə barışmadı və doğru zaman yetişənədək dövlətinin başçısı, Ali Baş Komandanı İlham Əliyevin əmrini gözlədi.

Təsadüfi deyil ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirən zaman xalqımız da bütünlüklə dövlətimizin başçısının ətrafında sıx birləşərək səfərbər oldu.

Son ana qədər səbir

2019-cu ildən etibarən Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozdu. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin status-kvonu möhkəmləndirmək və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirdi.

Ermənistanın işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, yeni ərazilər uğrunda müharibə çağırışı, mülki şəxslərdən ibarət könüllü dəstələri yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması müharibənin qacınılmaz olduğunu göstərdi.

Müharibənin qaçınılmaz olduğunu anladıqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olundu, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edildi.

Qələbənin sirri

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə müharibənin ilk günündən etibarən mənfur düşmən diz çökdürüldü. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Xüsusi ilə qeyd etmək lazımdır ki, müharibənin ilk anından etibarən Ali Baş Komandan İlham Əliyev keçirilən hərbi əməliyyatlara bir başa nəzarət edir, qabaqlayıcı və adekvat tapşırıqlarını verirdi. Ümumiyyətlə müasir hərb tarixində ölkə Prezidentin Ali Baş Komandan sifəti ilə müharibəyə bir başa komandanlıq etməsi döyüş tapşırıqlarını verməsi nadir haldır.

44 günlük vətən müharibəsi gedişində Ermənistan silahlı qüvvələri ənənələrinə sadiq qalaraq Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlardakı mülki infrastruktur obyektlərini və s əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə müharibə cinayətləri törətdi.

Beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə riayət edən Azərbaycan Ermənistan tərəfindən dinc sakinlərin hədəfə alınması kimi qəddar hərbi cinayətlərə oxşar formada cavab vermədi.

Azərbaycan 44 gün ərzində bir gün də olmadı ki, Ali Baş Komandanın rəhbərliyi altında geri çəkilsin. Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam, mobillik, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə etməsi qələbəmizi şərtləndirən amillərdən oldu. Təsadüfi deyil ki, bu gün inkişaf etmiş ölkələr bizim döyüş təcrübəmizdən yararlanmaq üçün əməkdaşlıq təklif edir.

Cəbhədə bir müharibə diplomatiya və mediada başqa müharibə
“İlham Əliyevin qətiyyətli duruşu, sarsılmaz iradəsi, Qarabağ zəfərini bizə bəxş etdi”

Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatiya və informasiya cəbhəsində də misilsiz rəşadət göstərmiş, müharibənin gedişində və müharibədən sonra 30-a qədər aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Azərbaycan Prezidentinin Vətən müharibəsi ərəfəsində və gedişində xüsusilə “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” “TRT Haber”, “Pervıy Kanal”, “CNN Türk”, “Euronews”, “CNN International”, “Sky News”, “RBK”, “Haber Global”, “Haber Türk”, “NTV”, “France 24”, televiziya kanallarına, Rusiyanın TASS , Ria Novosti agentliyi üçün, “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb etdi.

Ali Baş Komandanın müharibə ilə bağlı verdiyi müsahibələr XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi.

Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağın statusu məsələsinə də “nida” işarəsi qoyaraq bildirdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri də məhz xülya və əsassız istəklər idi. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da şərtləndirdi və tarixi qələbəmizin əsası qoydu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də qələbə qazandıq.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl rayon komitəsinin sədri Dilarə Mövlayeva

Hazırladı: Astanov Rəcəb şöbə müdiri
Mədəniyyət