Zəngilan rayonunda bərpa-quruculuq işləri sürətlə davam edir

  • 20.10.2023, 16:09,
  • Gündəm
  • Baxılıb: 169
 Zəngilan rayonunda bərpa-quruculuq işləri sürətlə davam edir

Zəngilanın işğaldan azad olunmasından üç il ötür. Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Həmin vaxt sayı 45 mindən çox olan Zəngilan əhalisi işğaldan sonra ölkəmizin 43 rayonunda müvəqqəti məskunlaşmağa məcbur olmuşdu. 2020-ci il oktyabrın 20-də Vətən müharibəsində rəşadətli Ordumuz tərəfindən həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində 27 il düşmən işğalı altında qalmış qədim Zəngilan torpaqları düşməndən azad edildi.
Zəngilan rayonu Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. 2020-ci il oktyabrın 20-də erməni işğalından azad olunmuş Zəngilanın ilk görüntüləri ürək ağrıdıcı idi. Digər işğal olunmuş bölgələrimizdə olduğu kimi, erməni vandalları Zəngilanı da yerlə yeksan edib, yüzlərlə tarixi-mədəni abidələrimizi, o cümlədən, bəzilərinin tarixi bizim eradan əvvəlki dövrlərə aid olan qədim məzarlıqları dağıdıb, Zəngilan ərazisindəki faydalı qazıntı yataqlarını qanunsuz olaraq vəhşicəsinə istismar ediblər. Rayon ərazisi vulkanik materiallarla yanaşı, həm də bir sıra faydalı qazıntılarla - tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı və susuzlaşdırılmış soda üçün əhəng daşı ilə zəngindir. Rayon ərazisindən keçən bol sulu Araz, Oxçuçay, Bəsitçay və Həkəri çayları işğal dövründə həddindən artıq çirkləndirilmişdi. Rayonun meşə örtüyü qırılıb yandırılmış, bütövlükdə bölgənin ekologiyasına uzun müddət bərpa oluna bilməyəcək dərəcədə ziyan vurulmuşdu.
Zəngilan Böyük Qayıdışın ilk ünvanlarından biridir. Vətən müharibəsindən dərhal sonra başlanılmış bərpa-quruculuq işləri sürətlə davam edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi iştirakı və nəzarəti altında Zəngilanda aparılan quruculuq işləri müasirliyi və innovativliyi ilə bir çox dünya ölkələrinin də diqqətini cəlb edir. Ölkəmizdə ilk “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının məhz Zəngilanda tətbiq olunması, bütövlükdə rayonun “yaşıl enerji” zonasına çevrilməsi ilə Zəngilan dünyanın ən müasir yaşayış məntəqələrindən biri olacaq. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salındı. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Ötən ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Zəngilanda yeni iş yerləri yaradılır. Vətəninə qayıdan insanlar işlə təmin edilirlər. Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaq.
Məlumdur ki, işğal dövründə Ermənistan rəhbərliyi Zəngilandan keçmək şərtilə ölkəsindən Cəbrayıla yol çəkmək istəyirdi. Amma onların bu istəyi baş tutmadı. Ali Baş Komandanın rəhbərliyi ilə, şəhidlərimizin, döyüşçülərimizin qanı, canı hesabına tarixi ərazilərimiz özümüzə qayıtdı. İnfrastruktur layihələrin qurulması çərçivəsində indi Horadizdən Zəngilana 4 və 6 zolaqlı magistral avtomobil yolu çəkilir. Sovet vaxtından qalan yol yenidən qurulur. Yeni yol həm genişliyinə görə, həm də məsafə baxımından əlverişli olacaq. Bundan vətəndaşların gediş-gəlişində və beynəlxalq yüklərin daşınmasında istifadə olunacaq. Bərpa çərçivəsində gerçəkləşdirilən layihələr sırasında hava limanlarının tikintisi həm sosial-iqtisadi, həm də strateji cəhətdən olduqca böyük önəm daşıyır. Azərbaycan dövləti mövcud imkanlardan səmərəli yararlanaraq, bu prosesi qısa müddətdə yekunlaşdırmağa çalışır. Prezident İlham Əliyevin dediyi kimi, Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır.

Fikrət Məlikov,
Salyan rayon sakini, həkim-terapevt

Mədəniyyət