Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq

 Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq

Məlum olduğu kimi, Böyük zəfərlə başa çatan Vətən müharibəsinin tarixi nailiyyətlərindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslərə başlanılmasıdır. Bu məsələdə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı, Azərbaycanın zəfərini rəsmiləşdirən 10 noyabr Bəyanatında nəzərdə tutulan öhdəliklərin mühüm rolu var. Zəngəzur dəhlizi regional və beynəlxalq əhəmiyyətə malik olduğundan Azərbaycan dünyanın strateji hədəfləri üçün açar dövlətdir. Qeyd edək ki, artıq Azərbaycan birmənalı şəkildə bölgənin lider dövləti və dünya üçün strateji ölkə olmasını açıq şəkildə ortaya qoyub.
Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə Özbəkistana səfəri zamanı Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitindəki çıxışında demişdir: "2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradır. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq".
Yeri gəlmişkən, Prezident İlham Əliyev hələ Vətən müharibəsinin gedişi zamanı bölgədə kommunikasiya xətlərinin açılmasının, Zəngəzur dəhlizinin bərpa olunmasının vacibliyini dəfələrlə vurğulamışdır. Yeni reallıqların yaxın gələcəkdə böyük əhəmiyyətini və səmərəsini hiss edən dünya gücləri də Zəngəzur dəhlizinin yaradılmasında birmənalı olaraq Azərbaycanı dəstəkləyirlər. Zəngəzur dəhlizinin bərpası nəticəsində regionun mənzərəsinin dəyişəcəyi haqda Gürcüstan, İran, Türkiyə və Rusiya, habelə regionda marağı olan Qərb, ərəb dövlətləri, o cümlədən Çin, Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər xarici ölkələrin kütləvi informasiya vasitələrində çoxsaylı materiallar dərc edilib. Özbəkistan və Türkmənistan prezidentləri səviyyəsində Cənubi Asiya və Cənubi Qafqazın nəqliyyat-logistika imkanlarına yanaşma da deməyə əsas verir ki, Mərkəzi Asiya ölkələrinin yeni nəqliyyat dəhlizlərindən, o cümlədən Azərbaycanın tranzit imkanlarından istifadədə maraqlar böyükdür. Zəngəzur dəhlizi ilə bağlı digər vacib məqamlardan biri də Aşqabad müqaviləsi ölkələrinin Avropaya reinteqrasiyası üçün yeni perspektivlər yaratmasıdır. Aşqabad müqaviləsi Türkmənistan, Özbəkistan, Qazaxıstan, İran, Oman, Hindistan və Pakistan arasında Avrasiya regionunda nəqliyyat əlaqələrinin inkişafı və digər nəqliyyat dəhlizləri ilə birgə fəaliyyətin təmin edilməsi məqsədilə imzalanıb. Bu ölkələr vasitəsilə həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizi vasitəsilə Avrasiya bazarlarına çatdırılması Şərqi Zəngəzur və Qarabağın iqtisadi potensialının artırılmasında da xüsusi rol oynaya bilər. Artıq bir çox Asiya ölkələri yeni imkanların fərqindədir. Xüsusilə Mərkəzi Asiya ölkələrinin yeni bazarlara çıxışında Zəngəzur dəhlizinin iqtisadi önəmi çox dəyərlidir. Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitində bu məsələyə toxunan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirmişdir ki, nəqliyyat-kommunikasiya və iqtisadi-ticari sahələrdə Azərbaycan ilə regional əməkdaşlığın inkişaf etdirilməsi xüsusi maraq doğurur.
Lakin hələ ki, Ermənistan elə özü üçün də yeni imkanlar yaradacaq, iqtisadiyyatını dirçəldəcək dəhlizin açılmasına mane olmağa, müxtəlif bəhanələrlə münasibətlərin normallaşma prosesinə zərər vurmağa çalışır.
Azərbaycanın mövqeyi bütün dünyaya bəllidir. Məqsəd Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunan razılaşmaların şərtlərini tam icra etməkdir. Azərbaycan həm qalib ölkədir, həm də davamlı sülhün təmin edilməsini istəyir. Bu istiqamətdə qarşı tərəfə təkliflər verir. Amma görünən odur ki, ermənilər müxtəlif manevrlərlə prosesi ləngidir, heç kimə faydası olmayan hərəkətlər edirlər. İqtidarda olan şəxslər fərqli fikirlərlə erməni xalqının onsuz da dumanlı düşüncələrini bir qədər də bulandırır. Ermənistan baş nazirinin bir-biri ilə heç bir əlaqəsi olmayan vədlər verməsi, açıqlamalar etməsi də bunu təsdiqləyir. Bir gün Zəngəzur dəhlizinin yaradılmasının öz ölkəsi üçün faydalarından danışan erməni rəhbər, ertəsi gün bununla heç bir əlaqəsi olmayan ifadələr işlədir. Qeyd edək ki, ermənilər doğru seçim etsələr, bu, onların iqtisadiyyatı üçün faydalı ola bilər. Bununla əhalisinin rifah səviyyəsinin bir qədər yüksələ biləcəyi də heç kəsdə şübhə yaratmır. Lakin ölkə daxilindəki xaosu, anarxiyanı həll etmək görünür, ermənilər üçün o qədər də asan deyil. Çünki bu ölkədə hər ağızdan bir avaz gəlir. Belə olan halda xalq da nə edəcəyini, kimə inanacağını bilmir. Reallıq isə odur ki, nə olursa-olsun Ermənistan üçtərəfli Bəyanatın müddəalarını icra etməlidir.
Burada qeyd edilməli əsas məsələlərdən biri də odur ki, ermənilərin seçim haqqı yoxdur. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə, ictimaiyyətlə görüşlərində dəfələrlə dediyi kimi, Zəngəzur dəhlizi açılmadan heç bir davamlı sülhdən söhbət gedə bilməz. Belə olan halda əməkdaşlıq da müzakirə mövzusu deyil. Odur ki, Ermənistan tezliklə rəsmi şəkildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, dəhlizin açılmasına və bu istiqamətdə işlərin yüksək səviyyədə davam etdirilməsinə şərait yaratmalıdır.

Türanə Quliyeva,
YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının üzvü
Mədəniyyət