Vətən Sənə borcludur, HEYDƏR ƏLİYEV!..

  • 09.06.2023, 18:48,
  • Gündəm
  • Baxılıb: 256
Vətən Sənə borcludur, HEYDƏR ƏLİYEV!..
Böyük şəxsiyyətlər haqqında yazmağın məsuliyyəti yaradıcı çətinliyindən daha böyükdür. Hələ əgər o şəxsiyyət xalqın milli dövlətçilik tarixinin son yarım əsrdəki çox əhəmiyyətli bir dövrünün müəllifidirsə, ilk cümləni yazmadan əvvəl istər-istəməz düşünməli olursan: görəsən, düşüncələri hansı yöndən qələmə almağa başlasan yaxşı olar?!
Onun həyat və fəaliyyətini, irsini lazımi qədər bilirikmi?!
Yazdıqlarımız oxucu üçün nə dərəcədə yeni və faydalı olacaq?!
Bədii-publisistik yaradıcılığımda indiyə qədər Heydər Əliyev şəxsiyyəti mövzusuna çox müraciət etmişəm. Bu böyük Azərbaycanlının tarixi irsi haqqında yaddaşımda da, qeyd dəftərlərimdə də, arxiv qovluqlarımda da yetərli qədər material var.
Üstəlik, həyatımın əsas hissəsi Heydər Əliyevin gözlərim önündə qurub yaratdığı Azərbaycanda keçib. Ulu Öndərimizin müasirlərindən olmuşam. Xoşbəxtəm ki, bu gün də Onun ideyaları işığında inkişaf edən, tarixinin yeni dönəmlərinə qədəm qoyan ölkənin sakiniyəm.
Təvazökarlıqdan uzaq olsa da, özümü bu yarıməsrlik dövrün əli qələmli canlı salnaməçilərindən biri saya bilərəm. Ona görə də Heydər Əliyev mövzusunda özümü, əslində çox rahat hiss etməliyəm. Bununla belə,yenə də hər dəfə tərəddüdlərim olur. Çünki haqqında yazdığım şəxsiyyətə aid nə varsa, Azərbaycan xalqı və dövləti üçün tarixdir. Onun həyat və şəxsiyyətinin bütün məqamları milli dövlətçilik tariximizin ayrılmaz parçasıdır. Dolayısı ilə Azərbaycan tarixinin çox mühüm bir hissəsi məhz Heydər Əliyev şəxsiyyəti ətrafında mərkəzləşir.
Özü də mən bura təkcə Ulu Öndərin ötən əsrin 60-cı illərinin sonlarında ölkəyə rəhbərliyindən, Azərbaycan üçün gördüyü işlərdən başlanan yarıməsrlik tarixi nəzərdə tutmuram. Milli dövlətçilik tariximizin daha qədim qatları da bu şəxsiyyətdə qovuşur. Zamanın müxtəlif çağlarında Azərbaycan üçün çalışıb-vuruşan, bu ölkənin keçmişində, bu günündə izi olan digər böyük şəxsiyyətlərimizin mənəvi idealları, dövlətçilik amalları da Heydər Əliyev irsində təcəlla tapır.
Ulu öndər bu tarixi şəxsiyyətlərin də Azərbaycanın gələcəyi ilə bağlı arzu və ümidlərinin çıraqbanı kimi çıxış edir. Böyük çətinliklə yaradıb formalaşdırdığı müstəqil dövlətimizin ideya əsasları, azərbaycançılıq məfkurəsi bu şəxsiyyətlərin tarixi irsinə söykənir, gücünü onlardan alır, ona görə sarsılmazdır, xalqımıza doğmadır, insanlarımız bu ideyaları gündəlik həyati dəyərlər kimi asanlıqla duya bilirlər.
***
Yeri gəlmişkən çoxdan bəri düşündüyüm bir maraqlı reallığı da dəyərli oxucularımla bölüşmək istərdim. Heydər Əliyevin xalqın təkidli tələbi ilə müstəqil Azərbaycan dövləti rəhbərliyinə qayıdışından danışarkən bir çox tarixçilər, publisistlər 1993-cü ilin iyununda baş verən hadisələri, ölkənin vətəndaş müharibəsi həddinə, çıxılmaz vəziyyətə gəlməsini xüsusi qeyd edirlər. Səbəb-nəticə əlaqəsi daha çox bu hadisələrdə axtarılmış kimi görünür. Amma bununla razılaşmaq çətindir. Çünki Heydər Əliyevin hakimiyyət rəhbərliyinə qayıdışı hələ Azərbaycanın dövlət müstəqilliyinin bərpasından da xeyli əvvəl, 90-cı illərin ilk aylarından real və arzuedilən idi.
Xalq hərəkatının, müxtəlif xarakterli münaqişələrin təşkili ilə önə çıxan qaragüruh qüvvələrin dövlət idarəçiliyi işini yarıtmayacaqları ilk baxışdan görünəndə və başlı-başına, taleyin ümidinə qalmış ölkəyə kiminsə yiyə çıxması zərurəti çoxları üçün aktuallaşanda qurmaq istədiyimiz Azərbaycanın məhz Heydər Əliyevin Azərbaycanı ola bilməsi bütün aydınlığı ilə ortaya çıxmışdı.
Bir-birinin ardınca baş verən hadisələrin axını, get-gedə güclənən xaos ölkənin sahibini tələb edirdi. Hüdudsuz demokratiyanın, müxtəlif mərkəzlərdən idarə olunan hərc-mərcliyin, hakimiyyət uğrunda mübarizənin mahiyyəti, iç üzü ortaya çıxdıqca, ən mühümü isə Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə qurub-yaratdıqları xalqın gözü önündə yağı malı kimi talan edildikcə nəzərlər böyük dövlət qurucusuna yönəlirdi.
Bu epizodu heç vaxt unutmaram. Olardı 1990-ci ilin payız ayları, Bakıda taksiyə minmişdim. Yolumuz Neftçilər prospekti tərəfdən, Dənizkənarı Bulvarın yanından keçirdi. Sürücü orta yaşlarında bir kişi idi, onda bulvarın çox bərbad, hüznlü, xüsusilə payız vaxtı adama qüssə gətirən bir görkəmi vardı, onillər əvvəl burada yaradılmış abadlıq, infrastruktur baxımsızlıqdan dağılıb gedirdi.
Onda camaatın sözü-söhbəti siyasət idi, biz də yola nərdivan salmaq üçün sürücü ilə ordan-burdan söhbət edirdik.
Birdən qayıtdı ki, deyirlər, Heydər Əliyev Moskvadan Bakıya qayıdandan sonra şəhəri gəzməyə çıxıb. Bulvara da gəlib, buraları belə halda görəndə kişi kövrəlib ki, mənim qurub-yaratdıqlarımı niyə belə dağıtmısınız?!
Orta yaşlı taksi sürücüsünün o zaman danışdığı bu epizodun nə dərəcədə real fakt, yaxud xalq yaradıcılığı nümunəsi olduğunu, əfsus ki, dəqiqləşdirmək imkanım yoxdur. Amma o dövrdə qədirbilən sadə insanlarımızın Heydər Əliyevə münasibətinin, onun Azərbaycan üçün qurub-yaratdıqlarına qiymətinin və ölkənin gələcəyi üçün bu böyük dövlət adamının üzərinə qoyduğu ağır məsuliyyətin ifadəsi kimi maraq doğurur.
***
Heydər Əliyev Azərbaycan üçün kimdir, xalqımız üçün hansı tarixi xidmətləri göstərib, onun dünya siyasətindəki miqyası necə görünür - bunu yaşlı və orta nəslə izah etməyə ehtiyac yoxdur. Çünki bu insanlar Heydər Əliyev ideyaları işığında yetişib tərbiyələniblər.
Böyük liderlərin bir özəlliyi də bundan ibarətdir ki, onlar öz cəmiyyətlərini formalaşdırırlar, toplumun ümumi baxışlarında, ictimai təfəkküründə Liderdən əxz edilmiş bir çox keyfiyyətlər, düşüncə tərzi, yanaşmalar nəzərə çarpır. Azərbaycanda da Heydər Əliyevdən görüb-götürən, onun Lider kimi böyüklüyünü, əzəmətini birmənalı şəkildə qəbul edən bütöv bir nəsil var.
Fikir müxtəlifliyinin təmin olunduğu cəmiyyətdə hamıdan eyni cür düşüncə gözləmək düzgün və mümkün deyil. Bu, insanların ayrı-ayrı şəxsiyyətlərə münasibətində də belədir. Ola bilər ki, qeyd etdiyim nəslin nümayəndələri arasında Heydər Əliyevin hansısa tarixi xidmətlərini lazımi qədər qiymətləndirəcək zəkada olmayanlar, vaxtilə ona qarşı müxalif mövqedə dayananlar və bu mövqedən yenə də geri çəkilmək istəməyənlər olsun. Cəmiyyətdir, nə qədər insan varsa, bir o qədər də rəy və düşüncə var. Amma əgər söhbət Heydər Əliyev şəxsiyyətindən, Ulu Öndərin Liderlik keyfiyyətlərindən, dövlətçilik təfəkküründən, idarəçilik məharətindən gedirsə, Azərbaycandakı yaşlı və orta nəslin bütün nümayəndələrinin, hətta vaxtilə Ümummilli Liderin ən qəti əleyhdarı olmuş insanların da yekdil fikrini eşidəcəksən ki, bu məqamlarda Heydər Əliyevin tayı-bərabəri yox idi.
***
Heydər Əliyev Azərbaycan insanı üçün bir dəyərdir, qürurdur.
O, XX əsrdə yetişdirdiyimiz ən böyük dövlət adamıdır. Vaxt olub ki, böyük bir coğrafiyada bizi Vətənimiz, xalqımız, milli özəlliklərimizlə yanaşı, həm də məhz onun adı ilə tanıyıblar.
Heydər Əliyevin Vətənindən gəlmiş insanlar kimi hörmət qoyublar, biz də belə bir şəxsiyyətlə eyni xalqa, eyni mədəniyyətə mənsubluğumuza görə fəxarət hissi keçirmişik. Ulu Öndərin dünyanın ən mötəbər, ali kürsülərində ucalan boyuna, şax qədd-qamətinə təkcə bir şəxsiyyətin yox, ümumən xalqımızın boyu, yenilməzliyi kimi baxıb sevinmişik.
Ona görə də Heydər Əliyev öz böyüklüyü, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri, təkcə ölkə hüdudlarında deyil, ümumən dünya çapındakı miqyası ilə insanların hər zaman yaddaşındadır.
Amma orası da var ki, ölkədə yeni nəsil yetişir, cəmiyyət gəncləşir, Azərbaycan xalqı hazırda demoqrafik göstəricilərinə, gəncləşmə potensialına görə dünyanın öncül millətlərindəndir. Özü də mən bura təkcə fiziki-bioloji mənada gəncləşməni deyil, təfəkkürlərin yenilənməsini, baxışların müasir dünyanın çağırışlarına uyğunlaşmasını da nəzərdə tuturam.
Yeni nəsli təmsil edənlərin böyük qismi Heydər Əliyevin cismani yoxluğu dövründə dünyaya gəlmiş gənc vətəndaşlarımızdır. Bu uşaqlardan ən böyüklərinin artıq 17 yaşı var. Amerika alimləri Uilyam Ştraus və Nil Houvun 1991-ci ildə elmi ictimaiyyətə təqdim etdikləri "Nəsillər nəzəriyyəsi”nin bölgüsünə əsaslansaq, bu uşaqlar "Z nəsli”nin təmsilçiləridirlər.
Onların simasında bəşəriyyət tarixində ilk dəfə olaraq insanlar öz əcdadlarından bu dərəcədə köklü şəkildə fərqlənməyə başlayırlar. Bu uşaqlar sözün əsl mənasında, dünyanın ilk rəqəmsal insanlarıdırlar. Bu uşaqların həyata baxışları, maraqları, yanaşmaları, dəyərləri tamamilə fərqlidir. Onların aləmində real və virtual dünya tam harmoniyadadır.
Bu nəsil multikultural mühitdə yaşayır və həmsöhbətinin kimliyi, harada doğulması, zahiri görünüşü, dil-din, mədəniyyət özəllikləri ilə qətiyyən maraqlanmır, insandır, şüurlu varlıqdır, vəssalam...
Deyirlər ki, onlar tarixin ən dözümlü və sülhsevər nəsli olacaq.
Şəxsiyyət amili bu gənclər üçün hansı önəmi daşıyır, münasibətlərində hansı yeri tutur, davranışlarına nə dərəcədə təsir göstərir, bütün bunlar zamanla üzə çıxacaq, hər halda başqa cəmiyyətlərə aid müşahidələrimiz şəxsiyyət dəyərinin bu nəsil üçün də öz aktuallığını itirmədiiyini göstərir.
Reallıq bundan ibarətdir ki, biz ikinci dünya müharibəsindən sonra doğulmuşlar, yəni "uşaq partlayışı” (baby boomer) nəslinin təmsilçiləri ictimai həyatdakı yerimizi yavaş-yavaş bu nəslə ötürürük, estafeti onlara təhvil veririk, dəyərlərimizi onlara əmanət etməyə başlayırıq...
***
Gənc nəslə milli dövlətçilik tariximizin böyük bir dəyəri kimi Heydər Əliyevi də tanıtmağa çox böyük ehtiyac var. Açığını deyim ki, mən bu ehtiyacın getdikcə necə artdığını görürəm və müəyyən narahatlıqlarım yaranır.
Etiraf edək ki, gənc nəsilin heç də hamısı Heydər Əliyevi lazımi qədər, bizim istədiyimiz səviyyədə tanımır, digər böyük şəxsiyyətlərimiz kimi Ulu Öndərin də Azərbaycan tarixindəki yeri və rolu haqqında tam aydın təsəvvürlərə malik deyil.
Əlbəttə, gənclər Heydər Əliyevi digər tarixi şəxsiyyətlərimizlə müqayisədə,olsun ki, daha yaxından tanıyırlar, ümummilli liderin tarixi irsini daha asanlıqla hiss edə bilirlər, çünki bu, o qədər də uzaq tarix deyil, soruşsan hər biri cavab verəcək ki, bəli, yeni tariximizdə belə böyük bir şəxsiyyət var.
Amma Heydər Əliyev Azərbaycan üçün kimdir, bu xalq, bu dövlət üçün nələr edib, ideyaları, məramı, amalları nə idi, gənc nəslin bu barədə dərin bilgilərini, aydın düşüncələrini, Heydər Əliyev şəxsiyyəti ilə təkcə öyrənilmiş biliklər üzərindən deyil, həm də təhtəlşüur səviyyəsində bağlılıqlarını, təmasını heç də həmişə hiss etmək olmur.
Yaşlı nəslin nümayəndələrində bu, var, amma gənc nəsildə tam duyulmur. Açığı, burada təhsilin də, təşviqati işlərin də, ideoloji tərbiyənin də ciddi nöqsanlarını görürəm.
Əgər söhbət yeni nəsildən gedirsə, nəzərə almalıyıq ki, onların maraqları fərqli olduğu kimi bu marağı cəlb etməyin üsulları da fərqlənməlidir. Heydər Əliyevi gənc nəslə tanıtmaq üçün onların maraqlarını cəlb edəcək yeni və effektiv üsullar düşünmək zamanıdır.
Gözlərimiz önündə ən azı Türkiyə nümunəsi var, türk gəncliyinin zamanla daha da yüksələn Atatürk coşğusu, Atatürk sevgisi var...
***
Bakının Xətai rayonu Türkiyənin Tarsus şəhəri ilə qardaşlaşmış şəhərdir. Tarsusda Heydər Əliyevin adını daşıyan park və Ulu Öndərin abidəsi var. Rəsmi tədbir çərçivəsində Tarsusa səfərlərimizin birində şəhər sakinlərinin əllərində Türkiyənin dövlət bayraqları, Atatürkün portretləri ilə hansısa bayramı böyük coşğunluq içində qeyd etdiklərini gördüm.
Səbəbi ilə maraqlananda məlum oldu ki, Atatürk 1923, 1925, 1926, 1937 və 1938-ci illərdə Tarsusda səfərdə olub. Adamlar bu səfərlərin hər birinin ayrıca hekayəsini danışdılar, sevə-sevə, ballandıra-ballandıra - Atatürk qatardan necə düşüb, kimlərlə nə danışıb, kimin evində müsafir olub, hansı təamlardan dadıb... O vaxtdan bəri bu səfərlərin anıları Tarsusda qeyd edilir. Təkcə Tarsusdamı?! Türkiyənin hər şəhərinin Atatürklə bağlı öz hekayəsi, öz anıları var.
Türkiyə insanı yeddidən-yetmiş yeddiyə bu anıları öz sevgisi, öz ruhu ilə yaşadır. Bu ruhu, sevgini yeni doğulan körpələrinə də ötürür. Türk körpəsi dünyaya bu sevgi ilə göz açır, Atatürk sevgisi onların canında-qanındadır. Zatən Türkiyəni güclü, yenilməz edən, dörd bir yandan üzərinə yönələn təzyiqlər qarşısında duruş gətirməsi üçün dayaq olan da elə bu sevgidir, bu hekayələrdir...
Əfsuslar olsun ki, biz gənc nəsil üçün bu hekayəni yarada bilməmişik, Heydər Əliyev şəxsiyyətini dərsliklərin, kitabların, media vasitəsilə aparılan təbliğatın hüdudlarından çıxarıb gəncliyə onlar üçün maraqlı olan hekayə tərzində tanıtmağa müyəssər olmamışıq. İndi ən çox buna ehtiyac var.
Bu, təkcə Heydər Əliyevin, təkcə bir şəxsiyyətin hekayəsi deyil, ümumən Azərbaycanın milli dövlətçilik hekayəsi olacaq...
***
Böyük təəssüf hissi ilə bir faktı qeyd edim ki, biz Ulu Öndər Heydər Əliyevin şərəf və ləyaqətinin müdafiəsi haqqında qanunun qəbuluna da gecikmişik. Hələ də Azərbaycanda belə bir qanun qəbul olunmayıb. Amma Türkiyədə var belə bir qanun... Atatürk şəxsiyyətinə qarşı göstərilən həqir münasibət cinayət məsuliyyəti yaradır. Türkiyənin Ədliyyə Nazirliyi belə yaramazlığa qalxanlara qarşı iddia qaldırır, lazımi qulaqburmasını verir. Kiminsə Atatürk şəxsiyyətinə toz qondurmasına imkan tapmır. Bununla təkcə bir şəxsiyyətə yox, bu şəxsiyyət ətrafında yaranmış böyük bir dövlətçilik hekayəsinə sahib çıxır.
İndi soruşmaq istərdim: bəyəm Heydər Əliyevin şərəf və ləyaqətini qorumaq təkcə Onun ailə üzvlərinin vəzifəsidirmi?! Heydər Əliyev ümumən Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarının sayı qədər böyük ailəmizə aid deyilmi? O zaman Ulu Öndərin şərəf və ləyaqətini qanunla qorumaq da hər birimizin boynumuzun borcudur, mənəvi vəzifəmizdir.
Ümumən, əgər böyük tarixi şəxsiyyətlərimizin küfrdən, hərzə-hədyandan, qərəzdən, bədxah münasibətdən müdafiəsini ancaq onların bioloji doğmalarından gözləyəcəyiksə, onda xalq olaraq böyük tarix yarada bilmərik.
Hər xalqın malik olduğu şəxsiyyətlər onun tarixinin böyük parçalarıdır. Xalq öz şəxsiyyətlərini nə qədər uca tutarsa, özü də o qədər ucalar, bunun əksinə, şəxsiyyətlərinə nə qədər həqir münasibət göstərərsə, başqalarından da özünə qarşı eyni səviyyədə münasibət görər. Heç zaman unutmayaq: özümüzə, şəxsiyyətlərimizə hörməti bizim özümüzdən başqa kimsə göstərməyəcək. Çünki başqalarında imkan olsa, tariximizə, ərazilərimizə, milli varlığımıza sahib çıxmaqdan ötrü bütün böyük şəxsiyyətlərimizin adını salnamələrdən silib bizi qum dənəsi boyda kiçildib zamanın sərt küləkləri ilə baş-başa buraxarlar.
Heç olmasa bunu özümüz etməyək!
***
Şəxsiyyətlər bizə özümüzü tarixdə hiss edə bilmək üçün çox lazımdır. Biz tarixdəki mövcudluğumuzu onlarla duyuruq. Zamanın ruhunu, nəsillərin əmanətini canımızda onların adı ilə hiss edə bilirik. Yaş keçdikcə bu məqamın bir xalq, toplum üçün nə qədər böyük əhəmiyyət daşıdığını daha dərindən duymaqdayam. Son illər bədii yaradıcılığımda tarixi mövzuların əsas yer tutmasının başlıca səbəbi də elə budur.
Axır illərdə tarixi şəxsiyyətlərlə bağlı xeyli kitabım çıxıb. "Nadir şah” haqqında "Sonuncu fateh” romanını yazmışam. "İki şah - iki sultan” trilogiyam işıq üzü görüb. Burada hadisələr Qazi Bürhanəddin və Uzun Həsəndən başlayıb Şah İsmayıl Xətayiyə qədər davam edir. Bunlar elə-belə, bir neçə ayın içində yazılan əsərlər deyil. Hər birini qələmə almaqdan ötrü bir neçə illik araşdırmalar aparmışam, obrazını canlandırdığım hər bir tarixi şəxsiyyətin dövrünü diqqətlə öyrənməyə çalışmışam, o dövrə daxil olmağa can atmışam. Heydər Əliyev haqqında da 8 kitabın müəllifiyəm, bu kitablardan biri dünyanın 40-dan çox dilinə tərcümə edilərək ayrı-ayrı ölkələrdə nəşr edilib.
Bu kitabları yazmaqdan ötrü apardığım araşdırmalar zamanı dövrlər və şəxsiyyətlər arasında qəribə bir bağlılıq görürdüm. Baxırdım ki, zaman, tarixi şərait, reallıqlar fərqlidir, amma qarşıya qoyulan məqsədlər, hədəflər, amallar böyük, güclü Azərbaycan idealı hansısa nöqtədə kəsişir, tam üst-üstə düşür və bu şəxsiyyətlər eyniləşib eyni bir obraza daxil olurlar.
Bir neçə ay əvvəl əziz dostum, gözəl publisist qələmi və illərin redaktə təcrübəsi ilə çox güclü mətn duyumu olan Bəxtiyar Sadıqovla bu mövzuda söhbət edirdik. Ona tarixi faktlar əsasında tapdığım paralellər haqqında danışırdım. Onda Bəxtiyar müəllim belə bir ideya verdi ki, elə isə o kitablardakı ümumi xətləri, ortaq məqamları birləşdirib daha bir əsər yaz. Əgər o şəxsiyyətləri həqiqətən belə diqqətlə öyrənmisənsə və üzə çıxardığın məqamları, müqayisələri, paralelləri qələmə almaqdan ötrü belə aydın bədii təəssüratların yaranıbsa, çox gözəl bir əsər ərsəyə gətirə bilərsən. Bəxtiyar müəllim və digər dostlarım belə bir romanın yazılmasını yaxşı mənada boynuma qoydu və qismət olsa, özüm də tezliklə o romanı yekunlaşdırmağı çox istəyirəm. Elə gələcək kitabın adını da həmin söhbət zamanı Bəxtiyar Sadıqovla birgə əlüstü tapdıq: "Beş əsrin dörd kişisi”.
Bu, əsrlər, şəxsiyyətlər arasında körpü salan əsər olmalıdır...
Həmin əsərin anladacağı bir həqiqət də olacaq. Buna bir neçə dəfə yazılarımda toxunmuşam. Azərbaycanda Uzun Həsənin də Şah İsmayılın da, Nadir Şahın da, Cümhuriyyətimizi yaratmış qurucu atalarımızın da başlayıb amma taleyin gərdişindən axıra çatdıra bilmədikləri yarımçıq qalan işlər, gələcəklə bağlı arzular vardı.
Onların hamısı Heydər Əliyev dövründə başa vardı...
Ulu Öndər o arzuların hamısını reallığa çevirdi. Heydər Əliyevin yekunlaşdıra bilmədiyi işləri isə İlham Əliyev zirvəyə çatdırdı.
"Beş əsrin dörd kişisi”nin dövlətçilik tacı bu gün əslində beşinci kişidə - İlham Əliyevdədir...
Əgər əsrlərin o üzündə məğribdən məşriqə böyük imperiyalar quran, yanına dünyanın o başından dəstə-dəstə elçilər gələn hökmdarların bu nüfuzunu Heydər Əliyev öz şəxsiyyəti ilə Kremlə daşımışdısa, SSRİ boyda imperiyanın əsas söz sahiblərindən biri, bütün müsəlman-türk dünyasının bu ali ucalıqda parlayan ulduzu idisə, İlham Əliyev də bu gün Qoşulmama Hərəkatının, Türk Şurasının rəhbəri kimi dünya miqyasında liderdir...
Bu böyüklüyü ilə tariximizdəki dörd böyük hökmdarın ruhunun daşıyıcısıdır...
Bu gün İlham Əliyevin yerlərdə vəziyyəti fürsət bilib xalqın malını yeyən, kasıb-kusubun ruzisinə göz dikən, vəzifə kürsüsündə hər cür mənəviyyatsızlığa qol qoyan məmurcuqların başına dünyanı dar etməsi o kişilərin adilliyindəndir, Heydər Əliyev ədalətindəndir....
Bu dörd kişidən gələn zəkadan, müdriklikdən, gücdən, strateji baxışdan, qətiyyətdən, məğrurluqdan, ən əsası Vətən sevgisindəndir ki, İlham Əliyev bu gün bu qədər mətndir, onun rəhbərlik etdiyi Azərbaycan bu qədər qüdrətlidir...
Onların birləşən gücü, tarixin qədim qatlarından gələn enerjisi Azərbaycanı güclü, yenilməz edir. Nə qədər ki, əlimiz o şəxsiyyətlərdən qopmayıb bizi bu torpaqların bağrından kimsə qopara bilməyəcək, milli kimliyimizi, varlığımızı, dövlətçilik ruhumuzu, əzmimizi əlimizdən ala bilməyəcək...
Ona görə də qorumalıyıq o şəxsiyyətləri, kiminsə onların böyüklüyünə xələl gətirməsinə imkan verməməliyik. Eyni zamanda onların böyüklüyünü gənc nəslə də anlatmalıyıq. Qoy bu ruhla böyüsünlər, ürəkləri o şəxsiyyətlər kimi böyük olsun, geniş olsun, kiminsə yanında aşağılıq kompleksi keçirməsinlər.
O şəxsiyyətlərin işığı xalqımızı həmişə böyük edəcək. Amma onlara sahib çıxsaq, doğru-dürüst təqdim etməyi bacarsaq, məqsədli insanların həqir münasibətlərindən, mənasız ittihamlarından qorumağı bacarsaq...
İndi baxırsan, dərisi qara qəpiyə dəyməyən kimlərsə ara-sıra mətbuat səhifələrində, efirdə tarixi şəxsiyyətlərimizə qarşı hücuma keçirlər. Biri Şah İsmayılı aşağılayır, o biri Nadir şaha böhtan atır, başqası Uzun Həsəni mühakimə edir, digəri milli-mənəvi dəyərlərimizi aşağılamağa başlayır. Xalqın vicdanlı ziyalıları da hər dəfə onlara cavab verməyə, yerlərini göstərməyə məcbur qalırlar. İndi necə əmin ola bilərik ki, onilliklər sonra kimlərsə başqa tarixi şəxsiyyətlərimiz kimi Heydər Əliyevə qarşı da bu cür məsuliyyətsiz mövqe sərgiləməyəcəklər. Qeydlərimin əvvəlində bəhs etdiyim qanun bizə həm də bundan ötrü lazımdır.
Bunlar Azərbaycanın yeni inkişaf mərhələsində, cəmiyyətin sivil münasibətlər sistemində öz yerini tutmalı olan məsələlərdir. Belə məsələləri biz Heydər Əliyevçilər gündəmə gətirməliyik, həllinə nail olmalıyıq, Heydər Əliyevi gənc nəslə tanıtmalıyıq. Sevgimizlə, səmimiyyətimizlə, sədaqətimizlə, əməllərimizlə.
Heydər Əliyev şəxsiyyətinin, onun qurub-yaratdığı müstəqil Azərbaycan dövlətinin hekayəsini birgə yaratmaqla...
Hələ ki, bu missiyanı yalnız Azərbaycan Prezidenti və Ulu Öndərin adını daşıyan fond yerinə yetirir. Dövlət rəhbərimizin gördüyü işlər, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev ideyaları işığında reallaşdırdığı nəcib təşəbbüslər insanların həyatına böyük faydalar gətirməklə yanaşı, gənc nəslin diqqətini də ümummilli liderin şəxsiyyətinə, dövlətçilik amallarına, ali məqsədlərinə yönəldir, bu ideyaları tanıdır, sevdirir.
Bəs biz ziyalılar nə edirik?! Heydər Əliyev şəxsiyyəti qarşısındakı mənəvi borcumuzu lazımi şəkildə yerinə yetirə bilirikmi? Heydər Əliyev haqqında çoxsaylı kitabların müəllifi kimi, özümün də bu məsələdə yaxamı kənara çəkmək fikrim yoxdur. Əgər gənc nəsil o kitabları lazımi səviyyədə oxumursa, deməli, bir müəllif kimi burada mənim də suçum var. Sosioloji araşdırmalara görə, bir yaponiyalı il ərzində 25, isveçli 10, fransalı 7 kitab oxuyur. Türkiyədə hər 7 nəfərə ildə 1 kitab düşür. Azərbaycanda isə bu göstərici minimumdan da minimum səviyyədədir, əfsus ki...
İnsanlarımıza kitabı sevdirmək axı öz əlimizdədir.
Bu barədə daha ciddi düşünməliyik, imkanlarımızı bir araya gətirməliyik.
Heydər Əliyevi kitablarla tanıtmalıyıq, kitablarda tanıtmalıyıq, onun xalqına, dövlətinə, ümumbəşəri dəyərlərə fəda etdiyi ömrünü insanlar qarşısında kitab kimi açmalıyıq...
Necə ki, Türkiyədə bütün nəsillər Atatürkü ruhən, qəlbən sevir, Azərbaycanda da əgər Heydər Əliyevi gənc nəslə öz ucalığında, olduğu kimi təqdim edə bilsək, bu ruhi bağlılıq müstəqil dövlətimizin var olduğu əbədiyyətə qədər davam edəcək.
***
Heydər Əliyev haqqında mütəmadi qaydada müxtəlif kitablar, ayrı-ayrı müəllif yazıları dərc edilir. Hər biri özlüyündə dəyərlidir, maraqlıdır və təqdir olunmalıdır. Bununla belə bu məsələdə müəyyən qədər də özfəaliyyət hiss olunur, sistemsizlik nəzərə çarpır. Oxucu auditoriyasına təqdim edilən materialların heç də hamısı Heydər Əliyev şəxsiyyətini olduğu kimi əks etdirə bilmir, gözlədiyimiz faydanı vermir.
Ona görə də Əliyevşünaslığın bir elm sahəsi kimi inkişafı, bu sahənin öyrənilməsi və öyrədilməsi tarixi zərurətə çevrilirb. Heydər Əliyev şəxsiyyətinin buna ehtiyacı yoxdur. Amma cəmiyyət olaraq, Azərbaycan xalqı olaraq bizim çox böyük ehtiyacımız var.
Gənc nəslinsə, düşünürəm ki, gələcəkdə daha böyük ehtiyacı olacaq. Çünki Əliyevşünaslıq dövlətin mövcudluğu boyu ortaya çıxan həyati suallara cavab tapmaq üçün aydın mənbədir, gələcəyə doğru yol göstərən etibarlı bələdçidir.
Bir müddət əvvəl müasir dövrümüzün böyük mütəfəkkir aydınlarından olan akademik İsa Həbibbəylinin "Azərbaycan” qəzetində HeydərƏliyevşünaslıqla bağlı geniş elmi məqaləsi dərc edilmişdi. Oxudum, çox maraqlı gəldi, bəzi qeydlər də götürdüm və ilk dəfə onda anladım ki, bu elmi istiqamətin inkişafı Azərbaycanın həm bu günü, həm də gələcəyi üçün nə qədər önəmlidir. HeydərƏliyevşünaslıq - böyük siyasət haqqında elmin üzvi tərkib hissəsi olub, siyasi-tarixi xarakter daşıyan nəzəri təlimdən, Azərbaycanşünaslığın əsas aparıcı və hərəkətverici qüvvəsi olan sistemli bir nəzəriyyədən müstəqil dövlətçilik və ümummilli ideologiya haqqında elmə qədər, daim inkişafda olan, böyük gələcəyə işıq salan əbədiyaşar novator dövlətçilik təliminə qədər çox geniş istiqamətləri əhatə edir.
İsa müəllim öz məqaləsində də haqlı olaraq qeyd edirdi ki, Heydər Əliyev haqqında deyilənlər və yazılanlar dünyanın ayrı-ayrı qitələrini və xalqlarını əhatə etdiyi üçün HeydərƏliyevşünaslıq beynəlxalq miqyaslı elmi təlimdir. Bununla belə, Heydər Əliyevə həsr olunmuş rəyləri, münasibət ifadə edən fikirləri, ən müxtəlif xarakterli araşdırmaları ümumiləşdirib dəyərləndirmək Azərbaycan elminin borcu və vəzifəsidir. Azərbaycan tarixinin son 50 illik inkişaf yolunu Heydər Əliyev faktorunu əsas kimi qəbul etmədən elmi cəhətdən obyektiv şəkildə qiymətləndirmək mümkün deyildir.
Əslində ölkəmizdə dəqiq və texniki elmlər, yer elmləri və təbiət elmləri də Heydər Əliyevin azərbaycançılıq ideallarının işığında inkişaf etdirilmişdir. Bu mənada HeydərƏliyevşünaslıqla azərbaycançılıq arasında bərabərlik işarəsi qoymaq mümkündür. HeydərƏliyevşünaslıq - müstəqillik dövrü Azərbaycan elminin strategiyasını müəyyən edən metodoloji meyardır.
Biz Heydər Əliyevi tanımaq və tanıtmaq üçün bu meyardan yola çıxmalıyıq...
***
Heydər Əliyevi gənc nəslə tanıtmaq deyirəm, əslində heç biz özümüz də Ulu Öndəri yetərincə tanıya bilməmişik. Onun həyat və fəaliyyəti haqqında faktlarımız indi arzu etdiyimiz qədər deyil. Bunun bir səbəbi də Ulu Öndərin özündən gəlirdi, açıq yazaq.
O həddən artıq təvazökar dövlət adamı idi, bu gün bizim onun tarixi xidmətləri kimi dəyərləndirdiyimiz hadisələri sıradan adi bir fəaliyyət kimi qəbul edirdi, bunları açıqlamağa, təbliğ etməyə lüzum görmürdü. Deyirdi ki, burada nə var ki, adi bir fəaliyyətdir, qeyri-adi nəsə yoxdur.
Amma tarix göstərdi ki, Ulu Öndərin adilik saydıqlarının hər birində çox böyük qeyri-adiliklər, möhtəşəmliklər var. Ruhu şad olsun, amma bu məsələdə Heydər Əliyevdən yazı-pozu adamı kimi kiçik bir gileyim də var. O da digər qüdrətli türk hökmdarlarının yolunu tutdu, öz ömrü ilə yaratdığı dövlətçilik tarixinin təfərrüatlı şəkildə qələmə alınmasına, yazılı mənbələrdə bugünkü və gələcək nəsillər üçün sənədləşməsinə az vaxt ayırdı. Keşkə bu faktları özündə saxlamasaydı, xatirələrini yazmağa vaxt ayıra bilsəydi, yaxud bunu yazmaq istəyənlərə şərait yaratsaydı...
Onda Heydər Əliyevin Azərbaycan dövlətinə, xalqımıza bəxş etdiyi böyük xidmətlər haqqında faktları tamam kənar mənbələrdən öyrənmək məcburiyyətində qalmayacaqdıq. Bu yaxınlarda rastıma Moskvada nəşr olunmuş bir kitab çıxdı. Müəllifi Sov İKP MK-nın Beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini Karen Brutensadır. "Köhnə meydanda otuz il” adlanan əsər tamam başqa mövzudadır. İçərisində vur-tut yarımca səhifə Azərbaycana həsr olunub, kitabda Heydər Əliyevin adı belə çəkilmir. Amma görün, o yarımca səhifəlik materialda nə qədər əhəmiyyətli bir hadisə, fakt əks olunur.
Hadisə baş verir 1972-ci ildə. Zaman-zaman Azərbaycana qarşı ərazi iddiaları qaldıran və bu məkrli mövqeyindən sovet dövründə də əl çəkməyən Ermənistan rəhbərliyi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi təşəbbüsü ilə SSRİ rəhbərliyinə müraciət edir. Onda Sov. İKP MK-nın katibi M.A.Suslov məzuniyyətdə idi, Qafqaz Mineral sularında dincəlirdi, onun vəzifəsini A.Kirilenko icra edirdi. Ermənistan rəhbərləri bu məqamı fürsət bilmişdilər. SSRİ rəhbərliyi qaldırılan məsələnin birlikdə öyrənilməsi onun həlli üçün təkliflərin irəli sürülməsi barədə hər iki ölkənin rəhbərliyinə göstəriş verir. Mərkəzi komitələrin birinci və ikinci katibləri, Nazirlər Kabinetinin, Ali Sovetin Rəyasət Heyətinin sədrləri səviyyəsində hər iki ölkədə görüşlər keçirilir. Amma heç bir razılıq əldə olunmur, Azərbaycan tərəfi Ermənistanın məkrli təşəbbüsünü qətiyyətlə rədd edir. Ermənistan tərəfinin təkidi ilə axırda belə razılıq əldə olunur ki, daha kiçik tərkibdə mərkəz üçün birgə arayış hazırlansın. Amma nə belə bir görüşə, nə də belə bir arayışa gərək qalmır. Çünki Azərbaycan rəhbəri dərhal Suslovun istirahət etdiyi yerə gedir, durumu ona çatdırır, Suslovsa Moskvaya dönən kimi məsələni yoluna qoyub, Brejnevi ermənilərin təşəbbüsünün mənasızlığına inandırıb onları geri oturtmağa nail olur...
Həmin vaxt Suslovla görüşüb bu məsələni onunla və dolayısı ilə Brejnevlə həll edən kim idi?! Təbii ki, Heydər Əlyev!..
O zaman Heydər Əliyev Azərbaycan rəhbərliyinə hələ cəmi iki il yarım idi ki, gəlmişdi, mövqeləri o qədər də güclü deyildi. Amma görün sarmaşıq kimi dünyanın bütün nüfuzlu mərkəzlərini bürümüş, hər yerə əlləri çatan ermənilərlə necə döyüşürdü?! Azərbaycanın maraqlarını necə qoruyurdi?!
Təsadüfi deyil ki, 1972-ci ildə moratorium qoyulmuş bu məsələni ermənilər məhz Heydər Əliyev ittifaq rəhbərliyindəki vəzifəsindən gedəndən cəmi 2 həftə sonra Ağambekyanın müraciəti ilə gündəmə gətirdilər. Heydər Əliyevi kənarda gücsüz görüb üstümüzə kükrədilər, başımıza bəlalar açdılar.
Bütün bu məsələlərin təfərrüatlarını sağlığında Heydər Əliyevin özündən öyrənmək olardı. Bizdə də günah oldu əslində, xatirələrini qələmə almaq üçün israr etməyə cəsarət göstərmədik, bu məsələdə gecikdik, zaman ötdü keçdi. Amma bir daha o həqiqətə qayıdıram ki, Heydər Əliyev bütün bunları qəhrəmanlıq kimi görmürdü, özünə adi missiya, Vətən və xalq qarşısında xidməti borc bilirdi.
Əslində, belə faktlarla qarşılaşanda biz araşdırmaçıların, tarixi əsər müəlliflərinin ürəyində niyə vaxtında bilməmişik düşüncəsindən bir nisgil yaransa da, bununla yanaşı, dünyanın ən böyük azərbaycanlısının bu böyük ürəyinə bir daha heyran oluruq.
Bu böyük ürəyə hər zaman ehtiyacımız var!
Bu böyük ürəyi qorumalıyıq.
Bu, həm də Onun adı işığında Vətənin tarix qarşısındakı borcudur.
Vətən Sənə borcludur,
Heydər Əliyev...

Vətən Sənə borcludur, HEYDƏR ƏLİYEV!..

Füzuli rayonunda Dövlət “Qaçqınkom”un nümayəndəsi Elmir MÜƏLLİM

ŞÖBƏ MÜDİRİ: RƏCƏB ASTANOV
Mədəniyyət