Bəşəriyyətin dünyaya bəxş etdiyi az sayda şəxsiyyətlər vardır ki, tarixdə onların bənzəri olmur, onlar insanlığın zirvəsinə çevrilir, xalqının sevimlisi, istinad mənbəyi olur, bütün ictimai və siyasi fəaliyyətini onun xoşbəxt gələcəyi naminə qurur, bir sözlə, insanlıq tarixində əbədiyaşarlıq qazanırlar. Bu şəxsiyyətlər sırasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əlçatmaz, uca və bənzərsiz yeri var. Hələ sağlığında əfsanələşən, sarsılmaz iradəyə malik olan, bütün mənalarında zamanı qabaqlayan, xalqımızın yaddaşına Ulu Öndər kimi həkk olunan Heydər Əliyev fenomeni Azərbaycanın son 50 ilinin, xüsusilə müstəqillik dönəminin tarixini yazıb, tarixini müəyyənləşdirib.
İllər bir-birini əvəz etdikcə Ümummilli Liderimizin şərəfli ömür yolu xalqına, böyük Türk dünyasına və bəşəriyyətə nə qədər yaxın və dəyərli olduğu daha aydın görünür. Onun məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövləti azadlıq qazanaraq, qısa müddətdə dünya dövlətləri sırasında öz layiqli yerini tutdu. İnkişaf etmiş dövlətlərlə iqtisadi və siyasi əlaqələr quruldu. Ulu Öndərin sayəsində müstəqil Azərbaycan Respublikası azərbaycançılıq fəlsəfəsi əsasında qısa müddətdə tanınıb möhkəmləndi, dünya ölkələri iqtisadi və siyasi böhran keçirdiyi bir dövrdə inkişafa nail oldu.
Ulu öndər Heydər Əliyev yaşadığı dövrdə bəşəriyyətin nurlu, cəsarətli və yaradıcı dövlət xadimi kimi yaddaşlarda iz qoyub. O, tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük mütəfəkkir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dövlətin inkişaf strategiyasının əsasını qoyan, azərbaycançılıq ideologiyasını yaşadan, Azərbaycan xalqının iradəsini ifadə edən siyasi lider kimi qalacaqdır. Dahi rəhbər xalqımızın ən çətin anında - sovet imperiyasının dağıldığı, ölkənin parçalandığı, xalqın ruhdan düşdüyü bir dövrdə siyasi meydana xalqın xilaskarı kimi daxil oldu. Ulu Öndər torpaqların itirildiyi, qaçqın və köçkünlərin artdığı bir zamanda Azərbaycan xalqına ruh verdi, onu müstəqil Azərbaycan uğrunda qələbəyə apardı. Bu dahi insan XX əsrin 60-cı illərindən ömrünün sonuna qədər məqsədyönlü və ardıcıl fəaliyyət göstərdi, xalqımızın nəyə qadir olduğunu nümayiş etdirdi, insanlarda azadlıq, müstəqillik ruhunu yüksəltdi, təhlükə qarşısında qalan müstəqilliyimizi qorumaq və möhkəmləndirmək üçün özünü qadir sərkərdəyə, xalqı isə cəsur əsgərə çevirməyi bacardı. Etiraf etmək lazımdır ki, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, onun dövlətçiliyimizin ayrılmaz tərkib hissəsinə və dövlət siyasətinin aparıcı qoluna çevrilməsində ümummilli lider Heydər Əliyev şəxsiyyəti mühüm rol oynamışdır.
Böyük şəxsiyyət azərbaycançılığın yaradıcısı, ilhamçısı və müdafiəçisi olmuşdur. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam", - deyən Ulu Öndər xalqın ürəyində milli-mənəvi dəyərləri yaşatmaq üçün əbədi bir məşəl - Heydər Əliyev ideyaları məşəlini yandırmışdır. Bu məşəl ilahi bir varlığın istəyi ilə günü-gündən daha da güclənir, parlaq səmalarda Azərbaycanın simvoluna çevrilir.
Bəli, ölkəmizin müasir dönəmdə hərtərəfli inkişafı Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə qayıdışı, Azərbaycanın Prezidenti seçilməsi ilə başladı. Ulu öndər Heydər Əliyev Prezident seçilərkən xalq və dövlət qarşısında Konstitusiyaya və Qurani-Kərimə içdiyi anda sadiq qalaraq, biliyini, təcrübəsini, qüvvəsini Azərbaycan xalqının, Azərbaycan Respublikasının rifahına həsr etdi. Prezident vəzifəsini ali məqsədlər, amallar naminə yerinə yetirdi. Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün əlindən gələni əsirgəmədi. Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarının həyata keçirilməsinin təminatçısı oldu.
Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev dayanır. İnanırıq ki, dövlətimiz ümummilli liderimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində müstəqilliyini və suverenliyini qoruyub saxlayacaq, daha da inkişaf edəcəkdir.
Rahab Əhmədov,
YAP Salyan rayon təşkilatının 1 saylı ərazi partiya təşkilatının sədri