Heydər Əliyev fenomeni xalqımızın milli sərvətidir

 Heydər Əliyev fenomeni xalqımızın milli sərvətidir

Heydər Əliyev fenomeni xalqımızın milli sərvətidir. Bu gün dünyada elə bir xalq tapmaq olmaz ki, tarixinin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Belə liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar.

Hər bir xalqın tarixdəki yeri və rolu mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə müdrikcəsinə və uzaqgörənliklə sabit dövlətçilik ənənələri yaratmış dahi şəxsiyyətin fövqəladə missiyası ilə şərtlənir. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. Ruslar üçün bu şəxsiyyət I Pyotr, amerikalılar üçün Corc Vaşinqton, ingilislər üçün Uinston Çörçil, fransızlar üçün Şarl de Qoll, almanlar üçün Otto fon Bismark, çinlilər üçün Mao Tszedun, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün Heydər Əliyevdir!

XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir.

Heydər Əliyev çox maraqlı siyasi taleyi olan liderlərdəndir. O, iki dəfə Azərbaycana rəhbərlik edib. Hər dəfə də ulu öndərin hakimiyyət rəhbərliyinə gəlişini dövr, zəmanə, yaranmış tarixi zərurət özü aktuallaşdırıb. Bu mənada, Heydər Əliyev zəmanənin özünün yetirdiyi liderdir. “Siyasi taleyi maraqlı olan lider” ifadəsini isə ona görə qeyd etdim ki, bu dahi şəxsiyyət Azərbaycanda siyasi hakimiyyətə gəldiyi iki dövrün heç birində öz sələflərindən qurulu bir dövləti, abad ölkəni, uğurlu iqtisadiyyatı, ürəkaçan sosial-iqtisadi şəraiti təhvil almayıb. Əksinə, özündən əvvəlkilər onun öhdəsinə saysız-hesabsız problemlər, tənəzzülə uğrayan iqtisadiyyat, cəmiyyətdə ruh düşkünlüyü, mənəvi aşınma, gələcəyə inamsızlıq qoyub gediblər.

Müəyyən problemləri olan irili-xırdalı hər hansı quruma rəhbər vəzifəsinə təyin edilən və qarşısında bu problemlərin həlli vəzifəsi qoyulan hər kəsə belə durumlar yaxşı tanışdır. Haradan, nədən başlayacağını, məsələləri necə yoluna qoyacağını, hansı qərarları verəcəyini və bu qərarların necə nəticələnəcəyini müəyyən etmək çətindir. Bəzən insan özü də ətrafındakı problemlərin girdabında qərq olduğunu, heç cür çıxış yolu tapa bilmədiyini və vəziyyətə təslim olmaq həddinə çatdığını hiss edir, inamsızlığa qapılır. İndi gəl gör ki, böyük bir ölkəni üzləşdiyi ağır çətinliklərdən çıxarmaq üçün nə qədər çalışıb qüvvə sərf etməlisən. Üstəlik də sənə inanıb güvənən milyonlarla insan qısa zamanda fəaliyyətindən nəzərə çarpacaq nəticələr gözləyir. Bu gözləntiləri ancaq Heydər Əliyev kimi güclü xarakterə, tükənməz enerjiyə, xalqı səfərbəretmə və inandırma gücünə malik iradə sahibləri doğrulda bilərdi.

Bu gün Ümummilli Liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Bu siyasətin təməlində isə Azərbaycan dövlətinin

güclənməsi, onun müstəqilliyinin qorunması, iqtisadiyyatının inkişafı və əhalisinin maddi rifah halının yaxşılaşması durur.

Ən mühümü isə cənab İlham Əliyev Azərbaycan xalqını Heydər Əliyevin ən böyük arzusuna qovuşdurdu. Ordumuzun gücü ilə torpaqlarımızı işğaldan azad etməklə Ata vəsiyyətini yerinə yetirdi. Tarixi zəfərimiz ulu öndərin Azərbaycanın bu gününə və gələcəyinə uca, aydın səmalardan baxan müqəddəs ruhunu şad etdi.

Elmar Əhmədov,
Salyan şəhər sakini, YAP fəalı
Mədəniyyət