Hər bir azərbaycanlının lideri

  • 08.05.2020, 15:27,
  • Gündəm
  • Baxılıb: 282
Hər bir azərbaycanlının lideri


Azərbaycan xalqının böyük oğlu, müstəqil dövlətimizin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, milli özünüdərk prosesinin səbəbkarı və idarəedicisi ulu öndər Heydər Əliyev, Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, yuxarıda sadaladığımız titulların heç biri onun titanik fəaliyyətini tam əhatə etmir. Biz bu gün Azərbaycan tarixində Heydər Əliyev erasını yaratmış Ulu Öndər haqqında danışarkən, adətən onu bir Ümummilli Lider kimi səciyyələndiririk. Əlbəttə, bu mübahisəsiz olaraq belədir. Amma bu zaman bizə elə gəlir ki, Heydər Əliyevin fəaliyyətini bir qədər məhdudlaşdırmış oluruq. Onun fəaliyyətinə bir qədər sırf milli kontekstdə yanaşmış oluruq. Lakin Heydər Əliyev şəxsiyyəti və onun fəaliyyəti təkcə Azərbaycanın coğrafiyası ilə bağlı deyil və Ulu Öndərin bir siyasətçi kimi fəaliyyəti Azərbaycanın etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. O, istər sovet xalqları müstəvisində, istərsə də Şərqi Avropa və Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və həyatlarına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir. Ona görə də hesab edirik ki, bu gün Ulu Öndəri hörmətlə anarkən, Heydər Əliyev sevərlərin, tədqiqatçıların araşdırmalı olduğu elmi istiqamətlərdən biri də, məhz, bu olmalıdır. Biz Ulu Öndərin fəaliyyətinə, Azərbaycan xalqı qarşısında xidmətlərinə nəzər saldıqda görəcəyik ki, dediyimiz bu era ayrı-ayrı qatlardan və mərhələlərdən ibarətdir. Bu qatların və mərhələlərin hər biri Azərbaycan xalqının tarixində ayrıca səhifədir. Ən əsası odur ki, bu səhifələr Azərbaycan xalqının və dövlətinin inkişafını özündə ehtiva edən, onu stimullaşdıran səhifələrdir. Əlbəttə ki, Ulu Öndərin hakimiyyətinin ikinci dövrü onun SSRİ rəhbərliyinə aparılması ilə bağlıdır.

Mərhum prezidentimiz Heydər Əliyev müstəqil bir dövlətin, müstəqil bir xalqın lideri funksiyasını uğurla yerinə yetirdi. Genetik olaraq liderlik keyfiyyətlərinə və yüksək xarizmaya sahib olan Ulu Öndər heç kəsin proqnozlaşdıra bilməyəcəyi proseslər baş verərkən, XX əsrin sonlarında bunları proqnozlaşdırmağı, həmçinin, öz yeri və mövqeyini bu proseslərin içində müəyyənləşdirməyi dəqiqliklə bacardı. Eyni zamanda, onun qəbul etdiyi qərarlar bir növ Azərbaycan xalqının siyasi qərarlarına çevrildi. Ən əsası isə, həmin qərarlar uzaqgörən və məqsədyönlü, konkret hədəfə doğru istiqamətlənmiş olduğu üçün, bizim ümummilli yolumuzu işıqlandıran mayaka çevrildi. Respublikamızın tarixinin əhəmiyyətli bir dövrü Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması ilə bağlıdır. Həmin vaxtlar olduqca mürəkkəb və təzadlı bir dövr idi. Azərbaycan dövləti parçalanmaq təhlükəsi ilə baş-başa qalmışdı. Həmin dövrə diqqətlə nəzər salsaq görərik ki, ulu öndər Heydər Əliyev dahi bir dövlət xadimi kimi Azərbaycan dövlətinin və dövlətçiliyinin mənzərəsini çox aydın şəkildə görür və onun struktur formulasını müəyyənləşdirərək nəyin, necə olmasını dəqiq cizgilərlə qura bilirdi. Məhz bunun nəticəsi idi ki, müstəqil Azərbaycan dövləti quruldu və Ulu Öndərin həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində, bu gün Azərbaycan müstəqil dövlət kimi, yəni, formal müstəqil deyil, həqiqi müstəqil dövlət kimi tanınır. Ulu Öndər elə böyük dövlət və siyasi xadimlərdən idi ki, dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər, eyni zamanda, onun varisliliyini də təmin etdi. Hər hansı bir dövlətin var olması üçün mütləq ideoloji-siyasi varislik lazımdır. Əgər bu olmasa, dövlət bir nüfuza, liderə, bir fiziki şəxsə bağlı olduqda, o şəxsin fiziki-bioloji mövcudluğu bitdikdən sonra dövlətin də ömrü bitir. Məhz bunu bilən Ulu öndər dövlətçiliyimizin siyasi- ideoloji varisliliyini də təmin etmiş oldu. O, bir millət mücahidi idi, xalq mücahidi idi, Azərbaycan xalqının böyük mücahidi idi, Azərbaycan xalqını beynəlxalq münasibətlərdə böyük arenaya çıxarmağı qarşısına məqsəd qoymuşdu. Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı qarşısına məqsəd qoymuşdu. Müstəqil Azərbaycan dövlətinin əbədi olmasını qarşısına məqsəd qoymuş böyük bir mücahid idi. Prezidentlikdən tutmuş digər titul və vəzifələr isə, onun üçün bu məqsədləri həyata keçirmək üçün bir vasitə idi. Ona görə də, ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Xalqımız var olduqca o da, yaşayacaq.

Tural Qasımlı
Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin müdiri
Mədəniyyət