Azərbaycan Prezidentinin Bolqarıstana səfəri enerji diplomatiyamızın uğurlu davamının təsdiqidir.

  • 28.04.2023, 11:38,
  • Gündəm
  • Baxılıb: 173
  Azərbaycan Prezidentinin Bolqarıstana səfəri enerji diplomatiyamızın uğurlu davamının təsdiqidir.

"Biz fəal enerji diplomatiyamızı davam etdiririk. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimində söyləyib. Dövlət başçısı deyib: "Bütün bunlardan əlavə, bizim aramızda güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq".
Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir. Əlavə qaz tədarükü "Həmrəylik Halqası" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Təşəbbüsü Bolqarıstan Respublikası irəli sürüb və Avropa Komissiyası tərəfindən dəstəklənib. Layihə Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın mövcud qaz nəqli infrastrukturundan istifadə etməklə Azərbaycandan əlavə həcmdə təbii qazın ötürülməsinə imkan verəcək. Bu, həmçinin Bolqarıstanın regionun digər ölkələrinə təbii qaz təchizatının başlanğıc nöqtəsi olan ölkə kimi mövqeyini daha da gücləndirəcək.
Bolqarıstanın artıq bir ildən çoxdur Azərbaycan tərəfindən etibarlı şəkildə qazla təchiz olunduğunu vurğulayan Bolqarıstan Prezidenti Rumen Radev deyib ki, bütün qlobal siyasi faktlara baxmayaraq, Azərbaycan müqavilənin şərtlərinə ciddi şəkildə əməl edir.
Azərbaycan təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşıdır. Bu, ötən ilin iyulunda, Azərbaycanın Avropa Komissiyası ilə enerji sektorunda strateji əməkdaşlığa və xüsusilə Avropa İttifaqına əlavə həcmdə qaz təchizatına dair Memorandumun imzalaması ilə təsdiq olundu. Prezident İlham Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi. Bolqarıstan ilə Azərbaycan arasında uğurlu və uzunmüddətli strateji tərəfdaşlıq mövcuddur. Rumen Radev Azərbaycanın bütün regionu səmərəli, sürətli şəkildə və ucuz qiymətə təbii qazla təmin etdiyini bildirib, imzalanmış Anlaşma Memorandumunun yeni imkanlar açacağına, ölkələr arasında qaz nəqli şəbəkəsini genişləndirəcəyinə inandığını deyib.
Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir. Bir ay əvvəl Prezident Radevin Azərbaycanda qonaq olduğunu deyən dövlətimizin başçısı qeyd edib: "Bu, həqiqətən ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini göstərir. O, siyasi dialoqun dinamikasını nümayiş etdirir və göstərir ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir". Ölkələr arasında əlaqələrin gücləndirilməsində təbii ki, qarşılıqlı səfərlər mühüm əhəmiyyət daşıyır. Bu mənada, Bolqarıstanın dövlət və hökumət başçılarının, müxtəlif rəsmi nümayəndə heyətlərinin ölkəmizə mütəmadi səfərləri deyilənlərin təsdiqidir. Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Bolqarıstana sayca beşinci səfəridir.
Ümumilikdə, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Belə ki, Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən dövr ərzində iqtisadi, siyasi, enerji, humanitar və digər sahələrdə yüksələn xətlə inkişaf edir.
Anlaşma Memorandumunun imzalanma mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, memorandum Azərbaycana Avropaya daha çox qaz tədarük etmək imkanı verəcək. Azərbaycan təkcə enerji sektorunda deyil, digər sahələrdə də Avropanın mühüm və sınaqdan çıxmış tərəfdaşıdır. Azərbaycan enerji təchizatı coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə çatdıracaq. Üç əsas enerji infrastrukturu layihəsinin uğurla tamamlanmasından sonra hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində işlər davam edir. Prezident qeyd edib ki, Anlaşma Memorandumunun imzalanması enerji resurslarının daha da şaxələndirilməsi və enerji təhlükəsizliyi baxımından çox vacib və olduqca vaxtında atılmış addımdır. Artıq Azərbaycan Avropanın enerji xəritəsinin yenidən cızılmasında mühüm rol oynayır. Uzun illər əvvəl əsası qoyulmuş TAP və TANAP layihələrinin işə düşməsi bir daha ölkə başçısının enerji siyasəti sahəsində uğurlu və uzaqgörən siyasətinin məntiqi nəticəsidir ki, bu gün bu layihələr Avropanın yeni enerji xəritəsinin çəkilməsində mühüm rol oynayır. Azərbaycan Xəzərdə, Bolqarıstan isə Qara dənizdə strateji mövqeyə malikdir. Ona görə də müvafiq potensialların reallaşdırılması Azərbaycan və Bolqarıstan üçün yeni imkanlar yaradır. Orta Dəhliz və Şərq-Qərb tranzit dəhlizi layihələri də Azərbaycan və Bolqarıstan arasında münasibətlərin möhkəmlənməsi üçün əsas istiqamətlərdəndir. Prezident İlham Əliyevin Bolqarıstana səfəri bir daha təsdiq edir ki, Avropada strateji mövqeyə sahib olan ölkələr Azərbaycanla əməkdaşlıqda və münasibətlərin daha da möhkəmlənməsində maraqlıdırlar. Çünki həm Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri, həm də beynəlxalq tranzitin mühüm subyekti kimi Azərbaycanın nüfuzu günü-gündən artır.
"Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün addımları davam etdirməyə birmənalı olaraq hazırdır". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada Anlaşma Memorandumunun imzalanması mərasimində bildirib. Eyni zamanda, dövlət başçısı əlavə edib ki, artıq Azərbaycanda ilk külək və günəş enerjisi stansiyalarının tikintisinə başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyev onu da vurğulayıb ki, Aİ-yə qaz ixracı bu il Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını təşkil edəcək. Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır və bu, sadəcə enerji sahəsində deyil, bir çox digər sahələrdə də belədir.

Arif Cəfərzadə,
YAP Göygöl rayon təşkilatı üzrə Balçılı kənd ərazi partiya təşkilatının üzvü
Mədəniyyət