Prezident İlham Əliyevin Albaniyaya səfəri də olduqca əhəmiyyətlidir

Prezident İlham Əliyevin Albaniyaya səfəri də olduqca əhəmiyyətlidir

Dünya ölkələri ilə səmərəli və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətində hər zaman mühüm rol oynayıb və bu siyasət Prezident İlham Əliyev tərəfindən ən yüksək və peşəkar səviyyədə həyata keçirilir.
Qeyd edək ki, səmərəli xarici siyasətin həyata keçirilməsi üçün, xüsusən də Vətən müharibəsindən sonra ölkəmizin artmaqda olan gücünü və bölgədə yaranmış yeni reallıqları dünya ictimaiyyətinə çatdırmaq baxımından ölkə başçısı səviyyəsində xarici səfərlərin həyata keçirilməsi də olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyevin son dövrlərdə Belçika, İtaliya, Gürcüstan, Çexiyaya etdiyi işgüzar və rəsmi səfərlər həm də ölkəmizin Avropa ilə yüksələn xətt üzrə inkişaf edən inteqrasiyasının və yaxın münasibətlərinin göstəricisidir. Bu baxımdan dövlətimizin başçısının Albaniyaya səfəri də olduqca əhəmiyyətlidir.
Prezident İlham Əliyevin Albaniyaya səfəri tarixdə bir ilkdir və bu baxımdan həqiqətən də mühüm tarixi və siyasi bir hadisədir. Baxmayaraq ki, Albaniya prezidentləri və baş nazirləri dəfələrlə ölkəmizə səfər ediblər, Azərbaycan Prezidentinin Albaniyaya səfəri ölkələrimiz arasında əməkdaşlığın daha da səmərəli, konstruktiv forma almasına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. Albaniya həmişə Azərbaycanın ərazi müstəqilliyini tanıyıb. Elə bu ilin aprel ayında Bakıda rəsmi qonaq olan Albaniyanın Baş naziri Edi Rama Albaniyanın Azərbaycana dəstəyini bir daha vurğuladı və bildirdi ki, Vətən müharibəsi başa çatdıqdan sonra da Albaniya Azərbaycanın sülh təşəbbüslərini hər zaman dəstəkləyir.
Onuda qeyd edək ki, Albaniya ilə çoxşaxəli əməkdaşlığımızda əsas yeri iqtisadi və xüsusən də enerji sahəsində əməkdaşlıq tutur. Enerji sahəsindəki bu əməkdaşlıq həm də iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanmasından sonra ölkəmizin Avropanın enerji təchizatında rolunun artması ilə əlaqədar ümumilikdə Azərbaycan-Avropa enerji əməkdaşlığının bir hissəsi kimi qiymətləndirilə bilər. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Azərbaycandan Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaq ki, bu da ölkəmiz üçün böyük nailiyyətdir. Ümumiyyətlə, Azərbaycan artıq Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi tanınır və bununla əlaqədar, hazırda Cənub Qaz Dəhlizinin mühüm hissələri olan həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Albaniya da TAP layihəsinin üzvlərindən biridir və Cənub Qaz Dəhlizinin icrasında mühüm rol oynayır. Yəni, Azərbaycandan Avropaya ixrac olunacaq qaz Albaniya ərazisindən də keçəcək ki, bu da Albaniya ilə gələcəkdə enerji sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün yeni fürsətlər yaradır. Məsələn, Cənab Prezidentin də vurğuladığı kimi Azərbaycan Albaniyada qaz şəbəkəsinin yaradılmasında investor kimi iştirak edə bilər və biz buna hazırıq.
Dövlətimizin başçısının səfərindən sonra ölkələrimiz arasında yaradılmış iqtisadiyyat və sənaye üzrə işçi qrupunun tezliklə ilk iclasının keçirilməsi planlaşdırır. Həmin iclasdan sonra enerji sektorundan başqa sahələrdə də, məsələn, kənd təsərrüfatı, turizm və digər sahələrdə fəaliyyət imkanları müəyyənləşdiriləcək və bu istiqamətlərdə də faydalı əməkdaşlıq həyata keçiriləcək. Albaniya Prezidenti Bayram Beqay da öz çıxışında xalqlarımızın bir-biri ilə daha da yaxınlaşması üçün turizm və mədəniyyət sahələrində birgə işləməyi və bu sahələrdə yeni sazişlər imzalanması imkanlarını yüksək dəyərləndirir.
Yeri gəlmişkən, Albaniya həm də NATO-nun üzvüdür, Azərbaycan isə NATO-ya üzv olmasa da, təşkilatla sıx əməkdaşlıq əlaqələrimiz var. Biz həm NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulmuşuq, həm də hərbi təhsil, hərbi təlim sahəsində əməkdaşlıq edirik. Azərbaycan hərbçiləri dəfələrlə NATO-nun hərbi təlim kurslarında iştirak etmişdir ki, bu da hərbçilərimizin bilik və bacarıqlarının artırılmasına xidmət edir. Albaniya da təşkilatın üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir.
Xüsusilə qeyd edilməlidir ki, Vətən müharibəsindəki zəfərimizdən sonra qalib dövlət kimi mövqeyimizin xeyli güclənməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artması, türk dövlətləri birliyi ideyasının möhkəmlənməsi, Türkiyənin bölgədə gücünün artması fonunda Cənubi Qafqazda gedən proseslərdən kənarda qaldığını hiss edən İranın ölkəmizə qarşı təhdidkar və aqressiv siyasətinin baş qaldırdığı, eləcə də Fransa senatının erməni lobbisinin təsirinə boyun əyərək Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul etdiyi bir vaxtda Azərbaycanın haqlı mövqeyini müdafiə edən, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən dövlətlərlə münasibətlərin inkişafı bizim üçün daha da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, biz həm işğal dövründə, həm Vətən müharibəsi zamanı Albaniyanın ölkəmizin ərazi bütövlüyünə göstərdiyi dəstəyini və bununla bağlı Albaniya rəsmilərinin bəyanatlarını yüksək qiymətləndiririk. İnanırıq ki, bu xoş və mehriban münasibət gələcəkdə də ölkələrimiz arasında yaxın əməkdaşlığı inkişaf etdirmək üçün yeni imkanlar açacaq.

İqbal Bayramov,
YAP Göygöl rayon təşkilatı üzrə Aşıqlı kənd ərazi partiya təşkilatının sədri

Mədəniyyət