Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır

Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır

Məlum olduğu kimi, Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası bir daha onu göstərdi ki, Avropa Azərbaycanı öz enerji təhlükəsizliyinin əsas təminatçılarından biri olaraq qəbul edir. Ən əsası, Avropa etiraf edir ki, "Cənub qaz dəhlizi"nin reallaşması və hazırda "yaşıl enerji" sahəsində əməkdaşlıqla bağlı atılan addımlar Prezident İlham Əliyevin müdrikliyinin, uzaqgörənliyinin, qətiyyətinin, enerji layihələrində iştirak edənləri vahid komanda şəklində birləşdirməsinin və qarşıya qoyulan vəzifələri düzgün koordinasiya etməsinin nəticəsidir. İki ildən artıqdır ki, Azərbaycanın təbii qazını Avropa bazarlarına çatdıran "Cənub qaz dəhlizi"nin ərsəyə gətirilməsi ilk gündən Prezident İlham Əliyevin siyasi qətiyyətinə söykəndi. Azərbaycan Prezidenti Avropa İttifaqını, ayrı-ayrı dövlətləri, beynəlxalq maliyyə qurumlarını bu möhtəşəm layihənin ətrafında sıx səfərbər etdi, birləşdirdi. Bəzilərinə illər öncə bu layihənin reallaşması qeyri-mümkün görünürdü. Lakin İlham Əliyevin müdrikliyi və iradəsi, layihənin iştirakçılarını vahid amal ətrafında düzgün səfərbər etməsi "Cənub qaz dəhlizi"nin bütün seqmentlərinin vaxtında reallaşdırılmasını və bütövlüklə layihənin müvəffəqiyyətlə həyata vəsiqə almasını təmin etdi. Beləliklə, 3500 kilometr uzunluğu olan "Cənub qaz dəhlizi" Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan enerji infrastrukturudur.
Bu gün dərin enerji böhranı ilə üzləşmiş Avropa, əvvəldə qeyd etdiyimiz kimi, öz enerji təhlükəsizliyinin təmin olunmasında Prezident İlham Əliyevin təşəbbüslərini yüksək qiymətləndirir. 2022-ci ildə görünməmiş enerji çağırışları ilə üzləşdiklərini deyən Rumıniya Prezidenti Klaus Yohannisin "Avropa bazarına Xəzər qazının çatdırılması barədə Azərbaycan adından Prezident Əliyev tərəfindən şəxsən verilmiş təminatlar bazarlar üçün ən çətin anda çoxdan tələb olunan sabitlik və proqnozlaşdırmanı təmin edə bildi" deməsi həm də onu göstərir ki, Avropa öz enerji təhlükəsizliyinin təmin olunmasında Prezident İlham Əliyevin rolunu etiraf edir. Onu da qeyd edək ki, 2021-ci ildən başlayaraq "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin Məşvərət Şurasının gündəliyi dəyişib. Belə ki, o vaxta qədər əsas müzakirə olunan məsələlər "Cənub qaz dəhlizi"nin seqmentlərinin inşası ətrafında olurdusa, artıq müzakirələr əsas etibarilə təbii qaz təchizatının artırılması və enerji dəhlizlərinin şaxələndirilməsi ətrafında aparılır. Dünən Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında Prezident İlham Əliyev "Cənub qaz dəhlizi" barədə danışarkən bildirdi ki, bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışırıq. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın təbii qaz ixracı 2021-ci ildə təxminən 19 milyard, ötən il 22,6 milyard kubmetr olub. Bu il isə 24,5 milyard kubmetr olması gözlənilir. Qeyd edək ki, "Cənub qaz dəhlizi" çərçivəsində yaradılan Yunanıstanla Bolqarıstan arasındakı interkonnektor da bu layihənin genişləndirilməsindən xəbər verir. Bu interkonnektorun açılması Bolqarıstana təbii qazın tədarükünə başlamağa imkan verir, eyni zamanda qonşu ölkələrə qaz təchizatının genişləndirilməsini nəzərdən keçirməyə şərait yaradır.
"Biz nəinki hasilatı, o cümlədən ixracı artıracağıq və onun coğrafiyasını genişləndiririk. Əminəm ki, bu gün layihəyə qoşulmuş ölkələr bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin biz digər interkonnektorlarla Avropada daha çox ölkəni layihəyə qoşa biləcəyik" - deyə Prezident İlham Əliyev bildirib.
Neft-qaz sektorundakı layihələri qətiyyətlə reallaşdıran Azərbaycan yaşıl və bərpaolunan enerji istehsalı istiqamətində də qarşıya konkret hədəflər qoyub və yaxın vaxtlarda ölkəmiz Avropaya həm də elektrik enerjisi ixrac edəcək. Ötən il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Prezident İlham Əliyev qeyd edib ki, bu, bizim səylərimizin ümumu sinergiyasıdır: "Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq". Azərbaycanın quruda külək və günəş enerjisi potensialının həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ötən il 240 meqavat gücündə Külək-Elektrik Stansiyasının və 230 MVt gücündə Qaradağ Günəş-Elektrik Stansiyasının təməli qoyulub. BP şirkəti ilə əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunda 240 meqavatlıq enerji stansiyası yaradılacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair də danışıqlar aparılır. Prezident İlham Əliyev ölkəmizin enerji potensialını düzgün realizə etməklə, qlobal səyləri birləşdirməklə beynəlxalq enerji gündəliyində Azərbaycanın mövqelərini sürətlə möhkəmləndirir, rolunu artırır. Beləliklə, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları və bu iclaslarda söylənən fikirlər bunu bir daha təsdiqlədi.

Mahir Hacıyev,
YAP Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatının sədri
Mədəniyyət