Prezident İlham Əliyev martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa ediləcək Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulması ilə bağlı Gülüstan Sarayında keçirilən mərasimdə çıxışı zamanı bildirib ki, bizim siyasətimiz ölkəmizin bundan sonrakı sürətli inkişafını təmin etmək, əlbəttə ki, ilk növbədə, azad edilmiş torpaqları bərpa etmək, eyni zamanda, ölkəmizin dayanıqlı inkişafını təmin etməkdir. Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri 10 min kvadrat kilometrdən çoxdur və bu torpaqlarda bərpa-quruculuq işlərini aparmaq üçün ölkənin energetika sahəsində imkanları da artırılmalıdır: “Bu, aksiomadır ki, elektrik enerjisi olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, birinci şərtdir, bu, əsas şərtdir. Xoşbəxtlikdən Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir” deyən İlham Əliyev əlavə edib ki, bununla yanaşı alternativ və bərpaolunan enerji mənbələri də işə salınır. 230 MVt generasiya gücü olacaq Qaradağ Günəş Elektrik Stansiyası bu imkanları daha da artıracaq.
“Masdar” şirkəti Azərbaycan üçün dost ölkəni– Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Ölkələr arasında ikitərəfli münasibətlər çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var və bu sahədə də artım göz qabağındadır. Bir sözlə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var və bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa artıq start verildi.
Bu ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıb. Yanvar ayında Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək elektrik stansiyasının təməli qoyulub, fevralda “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı olub, indi isə 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyuldu. Bu, ümumilikdə 855 meqavat gücündə yeni generasiya gücü deməkdir. 2023-cü ildə əlavə güclər bizim ümumi sistemimizə daxil ediləcəkdir və bu, işin sadəcə olaraq başlanğıc hissəsidir. Çünki bərpaolunan enerji növlərinin inkişafı ölkəmiz üçün prioritet məsələdir. Biz uzun illər bu məsələnin həlli ilə bağlı çalışırıq və bu gün real nəticələr görürük. Bütövlükdə Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır.
Bu sahədə böyük potensial işğaldan azad edilmiş ərazilərdədir. Artıq aparılmış hesablamalar göstərir ki, günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. İlkin addımlar atılır, BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Digər böyük şirkətlər bu bölgəyə maraq göstərirlər. Otuz ilə yaxın davam edən işğal dövründə ermənilər bu torpaqlardakı bütün binaları, tarixi, dini abidələrimizi dağıtmaqla bərabər, bütün infrastrukturu da məhv ediblər. O cümlədən işğalçılar Kəlbəcər və Laçın rayonlarını tərk etməyə məcbur olarkən 30-dan çox su elektrik stansiyasını sıradan çıxarıblar. 2021-ci ildə 4 su elektrik stansiyası bərpa edilib. Onların ümumi generasiya gücü 20 meqavatdır. Bu il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaq.
Cavid Ağayev,
Salyan rayon Peyk kənd tam orta məktəbin müəllimi