Azərbaycan-Tacikistan əməkdaşlığının bütün sahələrdə daha da inkişafı üçün çox yaxşı perspektivlər var

  • 12.04.2023, 10:01,
  • Gündəm
  • Baxılıb: 109
Azərbaycan-Tacikistan əməkdaşlığının bütün sahələrdə daha da inkişafı üçün çox yaxşı perspektivlər var

Azərbaycanın xarici siyasət kursu qonşularla, dünya dövlətləri ilə və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmaq və münasibətləri qarşılıqlı faydalılıq prinsipi əsasında daha da möhkəmlətmək kimi fundamental prinsiplərə əsaslanır. Daim milli maraqlardan çıxış edən respublikamız, eyni zamanda, beynəlxalq hüquqa, tərəfdaşlıq münasibətlərindən irəli gələn öhdəliklərə böyük hörmətlə yanaşır. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrində xüsusi yer tutan Azərbaycan-Tacikistan əməkdaşlığı hazırda dövlətimizin başçısı İlham Əliyevin aprelin 5-də bu ölkəyə reallaşdırdığı səfər fonunda geniş müzakirə olunmaqdadır. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf etdi. Prezident İlham Əliyevin Tacikistana səfəri və orada prezidentlər arasında keçirilmiş görüşlər, imzalanmış sənədlər, iki ölkə arasındakı siyasi, beynəlxalq, iqtisadi əlaqələr, beynəlxalq arenada eyni mövqedən çıxış etmək məsələləri çox vacibdir. Həmçinin səfər zamanı kifayət qədər sənədlər imzalanıb. Azərbaycan-Tacikistan münasibətlərində logistika, iqtisadi, siyasi və digər sahələrdə əlaqələr daha çox əhəmiyyət kəsb edir. Bu səbəbdən dövlətimizin başçısının Tacikistana budəfəki səfərini iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı adlandırmaq olar. “Ümumiyyətlə, Azərbaycan və Tacikistan xalqlarını qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır. Hər iki ölkə strateji əhəmiyyətə malik bölgələrdə yerləşir. Xəzər dənizi hövzəsi və Cənubi Qafqaz bölgələrinin aparıcı ölkəsi kimi, Azərbaycanla əməkdaşlıq etmək Mərkəzi Asiyanın açar ölkəsi olan Tacikistanın maraqlarına da uyğundur. Digər yandan, BMT və İslam Əməkdaşlıq Təşkilatında Tacikistan və Azərbaycan arasında ciddi əlaqələr var. Tacikistan Əfqanıstanla sərhəddə yerləşir. Bu baxımdan da Tacikistan Mərkəzi Asiya istiqamətində terrorçuluğun, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qrupların və mütəşəkkil cinayətkar qruplaşmaların Cənubi Qafqaz, MDB coğrafiyasına yönəlməsinin qarşısını alan ölkələrdən biridir. Azərbaycan Prezidentinin dost ölkəyə dövlət səfəri və əldə edilən razılaşmalar isə inkişaf etməkdə olan münasibətləri daha da zənginləşdirəcək. İki ölkə arasında bu günədək ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Tarixi köklərə əsaslanan bu əlaqələr ayrı-ayrı sahələrdə uğurla inkişaf edir. İqtisadi sahədə əlaqələrin inkişafı üçün geniş potensial mövcuddur. Səfər çərçivəsində imzalanan sənədlər arasında “2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı”nın olması bunun bariz nümunəsidir.
Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bu məsələni də xüsusi qeyd etdi ki, Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırıq. Tacikistan həm Azərbaycana yaxın, həm də sabitlik hökm sürən ölkədir. İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur. Tacikistan dövlət başçısının Bakı səfəri və səfər zamanı səsləndirilən fikirlər göstərdi ki, Tacikistan Azərbaycanın bölgədə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya layihələrinə maraqlıdır. Buna görə də Tacikistanın gələcəkdə Bakı–Tiblisi–Qars dəmir yolu xəttinə qoşulması mümkündür. Öz növbəsində Tacikistan Prezidenti Emoməli Rəhmon da iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafından məmnunluğunu ifadə etdi.
Prezident İlham Əliyevin müharibədən sonrakı dövrdə həyata keçirdiyi səfərləri onu göstərir ki, Azərbaycanın mövqeyi gündən-günə möhkəmlənir, daha çox dəstəklənir. Artıq nəinki bizimlə hesablaşırlar, hətta Asiya, Avropa dövlətlərinin, nəhəng şirkətlərin dəstəyi, bizim mövqedən çıxış etmələri gündən-günə ölkəmizin nüfuzunu gücləndirir.

Bəhram Bağırov,
Salyan şəhər 1 saylı humanitar təmayüllü məktəb-liseyin müəllimi.

Mədəniyyət