Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir
- 12.04.2023, 10:00,
- Gündəm
- Baxılıb: 150
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan və Tacikistan xalqlarının qədim tarixə söykənən ortaq ənənələri vardır. Çox xoş bir haldır ki, dövlətlərarası qarşılıqlı münasibətlər bu gün də bütün istiqamətlər üzrə inkişaf edir. Qeyd etmək lazımdır ki, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər birləşdirir və Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Ölkələrimiz arasında ümumilikdə bir çox sənədlər, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Azərbaycan və Tacikistan parlamentləri arasında da bu gün sıx əlaqələr mövcuddur. İki ölkə arasında tranzit, elmi-texniki, mədəni-humanitar, ticari-iqtisadi və digər sahələr üzrə genişmiqyaslı əlaqələr inkişaf etdirilir. Bu əlaqələrin davamı olaraq ölkə rəhbərimizin səfəri çərçivəsində turizm, bank, iqtisadi əməkdaşlıq, xarici əlaqələr, kənd təsərrüfatı, hüquq-mühafizə və digər sahələr üzrə bir sıra sənədlər imzalandı. Bundan əlavə xalqlarımız arasında möhkəm təməllər üzərində qurulmuş mədəni sahədə də qarşılıqlı əlaqələr mövcuddur. Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Danılmaz faktdır ki, Tacikistanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi böyük sevgi və hörmətlə anırlar. Gələn ay ulu öndər Heydər Əliyevin 100 illiyinin Tacikistanda rəsmi şəkildə qeyd olunması bu sayğının göstəricisidir. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna çox ağır və çətin günlərdə qədəm qoyublar. Hər iki ölkədə stabillik və əmin-amanlıq bərqarar olduqca əlaqələrin möhkəmlənməsinə zəmin yaranıb. Dövlət başçılarının mətbuata birgə bəyanatları zamanı Prezident İlham Əliyev ölkələrimizin qardaşlıq münasibətlərini vurğulayıb: “Bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir”.
Səfər zamanı baş tutan danışıqlarda təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Dövlət başçıları beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Eyni zamanda iqtisadi, nəqliyyat sahəsində münasibətlər daha da genişləndirilir. Bu gün məhz nəqliyyat-kommunikasiya sahəsində Azərbaycanın qlobal layihələri Orta dəhliz ideyasının inkişaf etdirilməsi, Zəngəzur dəhlizi, Ələt terminalının istifadəyə verilməsi Azərbaycanı Tacikistan üçün daha da cəlbedici edir. Azərbaycan vasitəsilə Tacikistan Qərbə çıxış əldə edə bilər və böyük bir coğrafiyada əməkdaşlıq münasibətlərinin inkişafına səbəb olar. Məhz bu baxımdan görüşlər çox mühüm xarakter daşıyır.
Aygül Abdullayeva,
Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin müəllimi, YAP fəalı