Enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək

Enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək

Avropada amansız bir müharibənin tüğyan etdiyi və hər gün minlərlə insanın həyatını udduğu bir zamanda beynəlxalq təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlər bütün dövlətlər üçün prioritet mövzuya çevrilib. Bu sıradan keçirilən beynəlxalq miqyaslı tədbirlərdən biri də Münxen Təhlükəsizlik Konfransı oldu. Hər ilin fevralında keçirilən Münxen Təhlükəsizlik Konfransı həm Azərbaycan, həm də digər iştirakçı ölkələr üçün bir sıra mühüm məqamlarla yadda qalır. 59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin keçirdiyi görüşlər, iştirak etdiyi plenar iclaslarda ona ünvanlanan suallara təmkinlə, diplomatik məharətlə verdiyi cavabları, həmçinin həm xarici, həm də yerli mətbuata müsahibələri postmünaqişə dövrü ilə yanaşı, 30 illik işğal dövrünün reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı. Azərbaycan siyasi rəhbərliyinin bu Konfransda iştirakı çoxsaylı yüksək səviyyəli görüşlərlə və Cənubi Qafqaz bölgəsinin gələcəyi ilə bağlı mühüm müzakirələrlə yadda qaldı.
Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri, eyni zamanda, bir platformada görüşürdülər. Dövlətimizin başçısı İlham Əliyev bu reallıqları diqqətə çatdırdı ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Ərazimizi 30 il ərzində işğal altında saxlayanlar bizi bu gün tamamilə əsassız olaraq işğalda günahlandırırlar. 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistanın kapitulyasiyası aktıdır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın Ermənistanın kapitulyasiyası olduğuna şübhə dolu yanaşmalar ortaya qoyan Ermənistan rəhbəri Azərbaycanın siyasətinin guya qisas olduğunu bildirməklə özlərinin işğalçılıq siyasətlərindən, 30 il torpaqlarımızı işğal altında saxlamalarından yayındırmağa çalışdı.
Torpaqlarımızın 30 ilə yaxın erməni işğalı altında qaldığını və nəhayət, Azərbaycanın öz gücünə işğaldan azad edildiyini bir daha diqqətə çatdıran dövlətimizin başçısı mövcud beynəlxalq təhlükəsizlik sisteminin səmərəsiz fəaliyyətini də tənqid etdi. Azərbaycanın öz torpaqları uğrunda apardığı mübarizədə qalib gəldiyini qeyd edən Prezident İlham Əliyev bu qalibiyyətin qaynaqlarına toxunmağı da unutmadı. Ölkə Prezidenti bildirdi ki, Azərbaycan xalqı işğal faktı ilə heç cür barışa bilməzdi və beynəlxalq təşkilatların münaqişənin həllinə yardım etmədiyinə baxmayaraq xalq öz azadlıq mübarizəsini qalibiyyətli sonluğa qədər davam etdirdi və işğalçı Ermənistan məğlubiyyət aktına imza atmağa məcbur edildi. Dövlətimizin başçısı İlham Əliyev həm plenar iclasda, həm də mətbuata müsahibələrində bu fikri xüsusi qeyd etdi ki, sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Həmin sənəddə Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir.
ABŞ Dövlət katibinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə Azərbaycan Prezidenti tərəfindən Ermənistanla Azərbaycanın sərhəd zolağında nəzarət-buraxılış məntəqəsinin açılmasının zəruriliyi vurğulandı və verilən şərhlərdən bu təklifin siyasi təhlilçilər tərəfindən müsbət qarşılandığını demək olar. Ölkə Prezidentinin bu təklifi ilə Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması hər iki tərəfdən gömrük-nəzarət postlarının fəaliyyətə başlaması ilə şərtlənir ki, bu da öz novbəsində Azərbaycan tərəfindən humanitar məqsədlərlə açılmış Laçın -Xankəndi yolunun Ermənistan tərəfindən qeyri-qanuni istifadə hallarını aradan qaldıracaq. Belə bir vəziyyət Ermənistanın humanitar dəhlizlə bağlı bütün manipuılyasiyalarına birdəfəlik son qoyacaq. Prezident İlham Əliyevin çıxışlarında son iki ay ərzində Laçın – Xankəndi yolunda davam edən etiraz aksiyaları ilə bağlı Ermənistan siyasi rəhbərliyinin Azərbaycana qarşı apardığı əks-təbliğat fəaliyyəti də ifşa olundu. Ermənistan rəhbərliyinin bu məsələ ilə bağlı dünya birliyinə və siyasi liderlərinə yalan məlumatlar verdiyi üzə çıxarıldı. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, ədavət dövrünün arxada qalmasına nail olmaq mümkün olacaq.
Prezident İlham Əliyev bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var və orada məskunlaşan ermənilər ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olacaqlar, onların təhlükəsizliyi də tam təmin ediləcək.
Bir sözlə, Münxen Konfransı Azərbaycanın növbəti diplomatik uğuru kimi tarixə düşdü. Qalib ölkə liderinin bu nüfuzlu beynəlxalq platformada ortaya qoyduğu mövqe ölkəmizin beynəlxalq miqyasda iqtisadi, siyasi, diplomatik üstünlüklərinin açıq-aydın ifadəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq siyasət arenasında daha bir möhtəşəm uğurunun şahidi olduq. Bu isə Azərbaycanın daha inamlı və xoşbəxt gələcəyinə etibarlı zəmin yaradır.

Səmra Əhmədova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, fəal gənc
Mədəniyyət