Münhen Təhlükəsizlik Konfransı dünyanın yeni təhlükəsizlik arxitekturasına doğru gedən yolda mühüm bir mərhələ kimi səciyyəvi hesab edilir. Qeyd edək ki, yeni hərbi-siyasi arxitekturanın mümkün çərçivəsi həm də bu konfransda irəli sürülən təklif, ideya və təşəbbüslərlə müəyyənləşə bilər. Bu mənada ən önə çıxan ən aktual problematikalardan biri heç şübhəsiz ki, geniş mənada Avropanın, yaxud Avrasiyanın təhlükəsizliyi məsələsidir. Azərbaycan artıq həm bu siyasi coğrafiyanın mühüm aktorlarından biri, həm də hərbi-siyasi və enerji təhlükəsizliyi baxımından mühüm ölkəsidir. Azərbaycan həm də Avropa ilə Asiya arasında təbii-tarixi geosiyasi körpü rolunu bir qədər də dərinləşdirərək onu yeni nəqliyyat və enerji infrastrukturu ilə zənginləşdirməyi bacarıb. Üstəlik 2020-ci ildən sonra yaratdığı yeni reallıqla regionun strateji açarına sahib olub. Yəni təkcə geoiqtisadi baxımdan deyil, hərbi-strateji baxımdan da bu gün təhlükəsizliyi təmin edən əsas ölkəyə çevrilib. Eyni zamanda bütün bu üstünlüklərə baxmayaraq, Azərbaycan sülh və əməkdaşlıq gündəmi formalaşdırır. Ona görə də həm Avropanın, həm də Asiyanın təhlükəsizliyi üçün mühüm rol oynayan bir ölkənin lideri və bu yeni reallıqların strateji müəllifi olan siyasətçi kimi Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı və fikirləri demək olar ki, bütün iştirakçıların diqqət mərkəzində idi.
Qeyd eedək ki, Azərbaycan Prezidenti Konfransda öz çıxış və təşəbbüslərini konseptual əsalarda təqdim edərək ilk növbədə yol verilən hansı səhvlərdən sonra bugünki təhlükəsizlik təhdidlərinin ortaya çıxdığını açıqlayıb: “Tarixi xronoloji ardıcıllıqda aydın oldu ki, vaxtında işğalçılıq siyasəti dəstəklənməsəydi, yəni ilk növbədə ötən əsrin 90-cı illərindən başlayan Ermənistanın Azərbaycana təcavüzü qınansaydı, işğalçı ölkəyə sanksiyalar tətbiq edilsəydi, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsəydi, ATƏT-in Minsk Qrupu öz missiyasını yerinə yetirsəydi, 2020-ci ildə baş verən müharibə də olmazdı. Yaxud daha sonra işğalçılığın dəstəklənməsinin motivasiya etdiyi Moldova, Gürcüstan hadisələri, hətta hazırkı Rusiya-Ukrayna müharibəsi üçün də tamamilə fərqli şərtlər ola bilərdi. Azərbaycan Prezidentinin irəli sürdüyü fikirlərin ümumi paradiqması ondan ibarət idi ki, daha təhlükəsiz dünya qurmaq istəyiriksə, bizi bugünkü təhlükələrə gətirən xətalara bir də yol verməməliyik. Ancaq real mənzərə ondan ibarətdir ki, gələcəkdə yeni müharibə ocağı yaratmaq üçün yeni səylər hələ də davam edir.
Azərbaycanın Qarabağ ərazisinə oliqarx cinayətkarlar göndərilir, olmadığı halda hansısa nəqliyyat blokadasından danışılır və çox təəssüf ki, belə mövqeni dəstəkləyənlər də tapılır. Ona görə də regionda və dünyada sülh yalnız ədalət və beynəlxalq hüquq əsasında formalaşa bilsə, davamlı olar. Azərbaycan Prezidenti Cənubi Qafqazda təhlükəsizlik panelində də, üçtərəfli ABŞ-Azərbaycan-Ermənistan görüşündə də Ermənistan-Azərbaycan sərhədində nəzarət-keçid məntəqələrinin yaradılması təklifini irəli sürməklə bir daha dövlətlərin öz ərazilərində suveren hüquqları və beynəlxalq hüququn tələblərini yada saldı. Əsas məslə isə ondan ibarətdir ki, Azərbaycanın bu cür mövqeyi Avropa və ABŞ tərəfindən başadüşülən hesab edilərək dəstəkləndi. Bu, şübhəsiz ki, Azərbaycan diplomatiyasının böyük uğuru kimi yadda qaldı. Eyni zamanda gələcək dünya nizamının da yalnız hüquq və ədalət üzərində bərqərar olmasının mümkünlüyünü ifadə etmiş oldu.
Ən əsası, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakını və Cənubi Qafqazda mümkün sülhlə bağlı mövqeyini regional təhlükəsizliyin yeni və dayanıqlı prinsipləri kimi qəbul etmək olar.
Anar Süleymanov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədri