Ənənəvi olaraq hər ilin fevral ayında təşkil edilən Münxen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu olmaqla yanaşı, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayır. Azərbaycan forumun illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir. Bu mötəbər beynəlxalq tədbirə 800 nəfərdən çox iştirakçı rəsmi şəkildə dəvət olunub. Konfransda Azərbaycan Prezidenti İlham Əliyev ilə yanaşı, 40-dan çox ölkənin dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak edirlər. Münxen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçıları arasında Prezident İlham Əliyevin olması Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun, möhtərəm Prezidentimizə göstərilən yüksək hörmət və etimadın əyani təsdiqidir. Prezident İlham Əliyevin 59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərin, verdiyi müsahibələrin hər biri, müxtəlif mövzular ətrafında plenar iclaslarda iştirakı və sair kimi biri-birindən mühüm hadisələr Azərbaycanın, ölkə Prezidentinin nüfuzunun təqdimatı oldu.
Gözlənildiyi kimi, konfransın aparıcı mövzusu Rusiya-Ukrayna müharibəsi olsa da, hazırda dünyanı daha çox düşündürən digər məsələlər də gündəmdə oldu. Onlardan biri də enerji təhlükəsizliyi məsələsidir. Prezident İlham Əliyevin enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada iştirakı, məzmunlu çıxışı Azərbaycanın Avropa üçün əhəmiyyətini göstərir. Dəyirmi masada ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan dövlətimizin başçısı bildirdi ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Prezident İlham Əliyev qeyd etdi ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Ən vacib məqamlardan biri Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasın keçirilməsidir. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Prezident İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistanın baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak etdilər. Bu iclas bir daha Azərbaycanı sülh gündəliyinin müəllifi kimi təqdim etdi. Plenar iclasda dövlətimizin başçısı Vətən müharibəsindən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesi haqqında fikirlərini ifadə etdi. Prezident İlham Əliyev plenar iclasda Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını bəyan edərək hamıdan ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını tələb etdi. Dövlətimizin başçısı Azərbaycanın Qarabağ bölgəsinin mövcud olduğunu və orada məskunlaşan ermənilərin ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin də tam təmin edildiyini bir daha bəyan etdi.
Bir sözlə, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər yeni reallıqlar yaratdı. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən plenar iclas göstərdi ki, bəziləri bu reallıqla barışmaq istəmir. Azərbaycan dövləti ilk gündən bu çağırışı etdi ki, dünya bu reallıqları qəbul etməyə məcburdur. Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər qurumun bu məsələyə xüsusi diqqət göstərməsi Azərbaycanın ədalətli mövqeyinin, haqq mübarizəsinin və qalibiyyətinin təsdiqi və qəbuludur.
Həsən Abdullayev,
Salyan rayon Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, YAP fəalı