Azərbaycanın beynəlxalq aləmdə rolu daha da güclənir.

Azərbaycanın beynəlxalq aləmdə rolu daha da güclənir.


Məlum olduğu kimi, noyabrın 25-də Bakıda, ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Bu mühüm tədbirə ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri qatılıblar. Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə edilib. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımaların genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə, Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın çoxaldığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və marağının əyani ifadəsidir.
Yeri gəlmişkən, onuda qeyd edək ki, ikinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, diktə edir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təklifləri ortaya qoyur. Bütün görüşlərdəki çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söz açan Prezident İlham Əliyev yeni reallıqların çoxşaxəli münasibətlərin dinamik inkişafına xidmət göstərdiyini bəyan edir. Müstəqil siyasət yürüdərək həyata keçirdiyi uğurlu diplomatiya ilə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyev bu gün postmüharibə dövrünün reallıqlarını müəyyənləşdirir. Ölkəmizin beynəlxalq nüfuzunu gündən-günə yüksəldən dövlət başçısının yeni inkişaf strategiyası Azərbaycana həm də mühüm tərəfdaşlar qazandırmaqdadır. Bu gün həmin tərəfdaşlar işğaldan azad edilmiş torpaqlarımızda reallaşacaq layihələrin iştirakçısı olmaqda maraqlıdırlar. Azərbaycan Prezidenti onları həm İqtisadi Əməkdaşlıq Təşkilatının, həm də Türk Şurasının zirvə görüşlərində Qarabağda reallaşacaq layihələrdə iştirak etməyə çağırmışdı. İnvestorların işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinə cəlb edilməsi iqtisadiyyat, yaşıl enerji, yüksək texnologiyalar və təhsil sahəsində müxtəlif layihələrin dəstəklənməsi imkanları baxımından da faydalıdır.
Xüsusilə vurğulamaq yerinə düşər ki, Azərbaycanın qonşu dövlətlərlə əlaqələri yaxşılaşıb, Gürcüstan mühüm iqtisadi tərəfdaşa çevrilib, Qazaxıstan və Özbəkistanla siyasi, ticari-iqtisadi əməkdaşlıq genişlənib. Türkiyə Respublikası ilə qardaşlıq və müttəfiqlik münasibətləri Azərbaycanın dünya geosiyasətində ön sıralarda olmasına imkan verir və Avrasiyadakı rolunu gücləndirir. Azərbaycan bir neçə il öncə təcrübəli ekspertlərin belə proqnozlaşdıra bilmədiyi uğurlar qazanır, işğaldan azad olunmuş ərazilərdə, Prezidentin təbirincə desək, xarüqələr yaradılır. Artıq ölkəmiz dünyanın ən modern ordularından birinə sahibdir, güclü iqtisadiyyatı, geniş xarici əlaqələri, etibarlı tərəfdaşları var. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 7 üzvündən 6-sı Azərbaycanı daha etibarlı tərəfdaş kimi qəbul edir. Ölkəmiz bu gün ciddi enerji böhranı riski ilə üz-üzə qalmış Avropanın enerji təhlükəsizliyi zəncirinin son dərəcə mühüm halqasına çevrilib.
Siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib. Azərbaycan həm də Aİ ilə münasibətlərini gücləndirib və Avropanın ərzaq çatışmazlığı və enerji böhranı fonunda getdikcə fəal və vacib ölkə kimi tanınır. Azərbaycanın Balkan yarımadası ölkələri ilə də ikitərəfli münasibətləri getdikcə daha çox səmimi dostluq zəminində inkişaf etməkdədir. Prezident İlham Əliyevin bir müddət əvvəl Albaniyaya, noyabrın 23-də isə Serbiyaya etdiyi səfərlər də bunu təsdiq edir. Qeyd etmək lazımdır ki, Azərbaycanın əksər ölkələrlə dostluq əlaqələrinin qurulması bir çox hallarda məhz bu ölkələrin dövlət başçıları ilə Prezident İlham Əliyevin şəxsi münasibətləri zəminində formalaşır.
Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçib. Ölkəmizin təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin liderlik səylərinə verilən yüksək qiymətdir.
Qlobal təhlükəsizlik məsələsinin dünyanın gündəmini zəbt etdiyi müasir dövrdə kiçik dövlətlərin öz milli maraqlarını müdafiə etmək imkanları heç vaxt olmadığı qədər məhduddur. Beynəlxalq münasibətlərdə manevr imkanları azalır, tərəfsizliyi qorumaq mümkünsüz, tərəf olmaq isə təhlükəli həddə çatır. Münaqişələrin, ziddiyyətlərin, hərbi toqquşmaların, güzəştsiz iqtisadi mübarizələrin həyat normasına çevrildiyi mürəkkəb tarixi mərhələdə Azərbaycan inamla, qətiyyətlə və son dərəcə dəqiq hesablamalara əsaslanan siyasətlə öz strateji hədəflərinə doğru gedir. Bu ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində, oktyabrın 6-da Praqada "Avropa Siyasi Birliyi"nin sammitində, həmçinin Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısında iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, onun çevik xarici siyasət yürütməsinin bariz göstəricisidir.
Ən əsası, Azərbaycan beynəlxalq mövqelərini gücləndirmək üçün milli maraqlara əsaslanan fəal, çevik, bir-birini tamamlayan xarici siyasət yürüdür, eyni zamanda, multilateralizmə, beynəlxalq əməkdaşlığa mühüm önəm verir. Azərbaycan Prezidenti bildirib ki, heç bir xarici aktorun öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza diktə etməsinə imkan verməyəcəyik. Biz hər zaman ləyaqətimizin, müstəqilliyimizin və ənənələrimizin müdafiəsində dayanacağıq.

Əliqaya Namazov,
YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının sədr müavini
Mədəniyyət