Azərbaycan 44 günlük müharibədə parlaq zəfər qazanaraq 30 il müddətində işğal altında qalan torpaqlarını azad etdi. Bu tarixi qələbə sayəsində dədə-baba yurdundan zorla didərgin salınan yüzminlərlə vətəndaşımızın torpaq həsrətinə son qoyuldu. Vətən müharibəsindən dərhal sonra isə Azərbaycan onilliklər boyu Ermənistan tərəfindən dağıdılaraq viranəyə çevrilən Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq, bərpa işlərinə start verdi. Birbaşa Prezident İlham Əliyevin rəhbərliyi altında çox qısa zamanda sözügedən iqtisadi rayonlarda böyük layihələr gerçəkləşdirildi. Zəfərdən ötən ikiillik zaman çərçivəsində bu ərazilərdə infrastruktur qurulub, nəhəng tunellər, sənaye parkları, yeni yollar salınıb və sosial obyektlər istifadəyə verilib. Ötən il istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı, eləcə də bu il açılışı həyata keçirilən Zəngilan Beynəlxalq Hava Limanı görülən işlərin möhtəşəm nəticələrindəndir. Laçında tikilən daha bir beynəlxalq hava limanının isə 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Artıq bu ərazilərdəki bütün şəhərlərin baş planları da təsdiqlənib.
Göründüyü kimi, zəfərdən sonra Böyük qayıdışla bağlı genişmiqyaslı işlər, meqalayihələr həyata keçirilib. Bunun nəticəsidir ki, artıq bir neçə aydır Zəngilanın Ağalı kəndinin sakinləri "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulmuş kəndlərinə dönüblər.
Dövlətimiz işğaldan azad edilmiş ərazilərə Böyük qayıdışı Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən edib. Bu mühüm qərar Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 16 noyabr 2022-ci il tarixli sərəncamında əksini tapıb. Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamıdır, strateji hədəflərə çatmaq üçün, eləcə də bundan sonra həyata keçiriləcək tədbirlərin mükəmməl yol xəritəsidir. Mükəmməl sənəd olan dövlət proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb.
Kifayət qədər əhatəli olan bu proqram həm də keçmiş məcburi köçkünlərin konstitusion səviyyədə ali niyyət kimi bəyan edilən hüquqlarının və azadlıqlarının, layiqli həyat şəraitlərinin təmin edilməsi istiqamətində ciddi yol xəritəsidir. Nəzərə almalıyıq ki, bizim təxminən bir milyon soydaşımız 30 ildir ki, doğma torpaqlarından didərgin salınmaqla hüquqlarından məhrum olunublar. Qəbul olunan sənəd yalnız çoxsaylı hüquqların bərpasına yönəlməyib, bu iş həm də dövlət proqramının prioritet istiqamətləri kimi sistemli şəkildə təmin ediləcək. Sənəddə ilk növbədə Qarabağ və Şərqi Zəngəzurun təhlükəsiz zonaya çevrilməsi hədəflənir ki, bu həm də ciddi geosiyasi hadisə hesab olunmalıdır. Biz regional təhlükəsizliyə ümummilli məqsəd kimi baxmaqla Ermənistandan, onun təhrikçi havadarlarından fərqimizi ortaya qoyuruq.
Proqramda qarşıya qoyulan digər vacib hədəf sakinlər üçün layiqli həyat şəraitinin təmin olunmasıdır. Bunun üçün müasir yaşayış məntəqələrinin salınması, əhatəli və qabaqcıl standartlara cavab verən infrastrukturun qurulması nəzərdə tutulur. İstifadəyə verilən Füzuli, Zəngilan Beynəlxalq Hava limanları, Ağalı kəndi, həmçinin digər rayonlarımızda başlanan çoxşaxəli işlərin nümunəsində müvafiq istiqamətdə çox ciddi nəticələrimiz var. Eyni zamanda cənab Prezident proqramda kompleks yanaşma ortaya qoyaraq əhalinin yalnız öz ata-baba yurdlarına təhlükəsiz layiqli qayıdışını deyil, həm də dayanıqlı məskunlaşması məsələsini də hədəf qoyur. Bu hədəfə çatmaqdan ötrü isə ərazilərin iqtisadi inkişafının dəstəklənməsi üçün ciddi proqramların icrası nəzərdə tutulur.
Bu kompleks hədəflər planı bölgəyə həyat gətirməklə bərabər, həm də urbisidə, ekosidə məruz qalmış böyük ərazini ən müasir və ən sağlam mühitə malik yaşayış məskənlərindən birinə çevirir. Ən nəhayət, biz quruculuğu, bərpanı təbiətin dostu, yaşıl artım ölkəsi kimi aparırıq. Təmiz ətraf mühit və yaşıl artım ölkəsi olmaq da bizim yaxın 10 il üzrə milli prioritetlərimizdən biridir. Bu mənada sözügedən dövlət proqramında işğaldan azad olunmuş ekoloji təmiz mühitin təmin edilməsi niyyətininin bəyan olunması milli prioritetə doğru inamlı addımdır.
Bir sözlə, yeni mərhələyə qədəm qoymuş Azərbaycan dövləti üçün 2023-cü ildə olduqca nikbin və möhkəm təminatlı yeni dövr başlayır. Bu dövr Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərdə işğaldan azad edilmiş ərazilərimizdə geniş quruculuğun sürətlənməsi şəraitində yeni imkanlar açır. Azərbaycan Böyük qayıdış proqramını icra etməklə, azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasını təmin etməklə müasir iqtisadi çağırışları da uğurla icra edir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi bunun bariz nümunəsidir.
Səidə Əliyeva,
Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, YAP fəalı