Qarabağın bərpası və Böyük Qayıdış strategiyası

Qarabağın bərpası və Böyük Qayıdış strategiyası

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti və məharətli sərkərdəlik qabiliyyəti nəticəsində Vətən müharibəsində - Qarabağ savaşında qazanılmış tarixi Zəfər ölkəmizin çoxəsrlik tarixinin nadir hadisəsidir. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu təcavüzkar Ermənistanın 30 illik işğalına son qoymuş, ədalətli müharibə apararaq torpaqlarımızı geri almışdır. Vətən müharibəsi Azərbaycanın çoxəsrlik tarixinin ən şərəfli hadisəsi olmaqla bərabər, həm də xalqımızın ədalətli mübarizəsinin bariz nümunəsidir.Bu mənada Azərbaycanın Qarabağ savaşı – Vətən müharibəsi dünya savaş tarixinə ədalətli müharibə nümunəsi kimi daxil olmuşdur. Bütün bunlara görə Vətən müharibəsi Azərbaycan xalqının əsl qəhrəmanlıq dastanına çevrilmişdir. Qarabağ savaşında – Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti Qalib Ali Baş Komandan İlham Əliyevin qazandığı tarixi Zəfər uzaqgörən görkəmli dövlət xadimi Heydər Əliyevin göstərdiyi mübarizə yolunun yaradıcı şəkildə davam və inkişaf etdirilməsinin, uğurla başa çatdırılmasının misilsiz nümunəsidir.
İtirilmiş coğrafi ərazilərin bərpa edilməsi, vətən torpaqlarının geri qaytarılması öz növbəsində ölkəmizin ərazi-inzibati bölgüsünün iqtisadi rayonlar üzrə müəyyən edilməsi məsələsinə yenidən baxılması zərurətini meydana çıxarmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyun 2021-ci il tarixli sərəncamı ilə ərazi bütövlüyü şəraitində ölkəmizin coğrafi ərazisində əvvəl mövcud olmuş 10 iqtisadi rayon əvəzinə işğaldan azad edilmiş rayonların əraziləri də nəzərə alınmaqla 14 iqtisadi rayonun yaradılması Vətən müharibəsindən sonra ölkədə yaranmış yeni reallığın obyektiv ifadəsidir. Yeni ərazi-inzibati bölgü əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması Vətən müharibəsində qazanılmış tarixi Zəfərin meydana çıxardığı gerçəklikdən doğan addımlardır. Qarabağ iqtisadi rayonu -ölkəmizin 14 iqtisadi rayonundan biri kimi bu regionu əhatə edən qədim Azərbaycan diyarında müstəqil dövlətimizin müəyyən etdiyi proqram əsasında, burada yaşayan bütün xalqların iştirakı ilə yenidən qurulub inkişaf etdiriləcək tarixi ərazimizdir. Göründüyü kimi, Vətən müharibəsindəki Zəfərin ardınca Qarabağa və ətraf bölgələrə yenidən qayıdış mühüm ictimai-siyasi və iqtisadi əhəmiyyətə malik olan bir prosesə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi Böyük Qayıdış Azərbaycanın xəritəsinin Vətən müharibəsindəki Zəfərdən sonrakı tam mənzərəsinin yaradılmasına, regionda və onun ətrafında yeni nəqliyyat – logistika qovşaqlarının formalaşdırılmasına və iqtisadi-mədəni inkişafın təmin edilməsinə geniş üfüqlər açan hərəkat səviyyəsində mövcud olan dövlət əhəmiyyətli proqramdır.
Müzəffər Prezidentimizin dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarasına işğaldan azad edildikdən sonra etdiyi ilk səfər tarixi keçmişimizə, soykökümüzə Qayıdışın əməli ifadəsidir. Şuşa şəhərindəki Gövhər ağa məscidində və Ağdam şəhər məscidində uzun illərdən sonra ucalan ilk azan səsləri əxlaqi-dini dəyərlərimizə Qayıdışın əks-sədasıdır. Prezident İlham Əliyevin Qarabağ ərazisindəki süni şəkildə erməniləşdirilmiş coğrafi adların - toponimlərin əsl azərbaycanlı adlarının bərpa edilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər, atdığı düşünülmüş addımlar tarixi ərazilərimizin xalqımıza mənsub olmasının özünütəsdiqidir. Qarabağda real Qayıdış istiqamətində addımlar atılmaqdadır. Şuşa və Ağdam şəhərlərində çoxmərtəbəli yaşayış binalarının, Zəngilan rayonunda “ağıllı” kəndin inşası, Cəbrayıl şəhərinin bərpa edilməsi, Hadrutda məscidin tikilməsi bunun bariz nümunəsidir. 2022-ci ilin əvvəllərindən etibarən Qarabağ ərazilərinə Böyük Qayıdışa başlanılıb. Bu, müasir Azərbaycan tarixinin ən mühüm tarixi hadisəsidir. Bununla Azərbaycanda otuz il müddətində davam etmiş məşəqqətli qaçqınlıq həyatına, nəhayət ki, son qoyulması prosesi başa çatacaqdır.
Hazırda Qarabağın və Şərqi Zəngəzurun ayrı-ayrı rayonlarını əhatə edən genişmiqyaslı yollar şəbəkəsi Böyük Qayıdışın və Böyük Quruculuq Hərəkatının mükəmməl yol xəritəsidir. Yüksək dünya standartlarına cavab verən bu yollar şəbəkəsi Qarabağın yenidən qurulmasını və daha da inkişaf etdirilməsini təmin edən, lazım gəldikdə hərbi-strateji vəzifələrin də həyata keçirilməsi üçün əlverişli imkanlar yaradan magistrallardır. Regionda icrasına başlanmış genişmiqyaslı dəmir yolları və hava yolları şəbəkələri Qarabağın və Şərqi Zəngəzurun inkişaf etdirilməsi ilə bərabər, həm də qonşu dövlətlərlə əlaqələrin yenidən qurulmasına və turizmin inkişafına meydan açan möhtəşəm layihələrdir. Artıq Füzuli şəhərində salınmış Füzuli Beynəlxalq Hava Limanı Qarabağda yeni həyatın daha sürətlə qurulmasına xidmət edən böyük imkandır. Füzuli Beynəlxalq Hava Limanı Böyük Qayıdış Hərəkatının Qoşa qanadıdır. Füzuli Aeroportu həm Qarabağ regionunun inkişafına, həm də Azərbaycan Respublikasının digər ölkələrlə əlaqələrinin genişləndirilməsinə, regionda turizmin yenidən qurulmasına və inkişaf etdirilməsinə uğurla xidmət edir. Füzuli Beynəlxalq Hava Limanı həm də işğaldan sonra ən qısa müddətdə Qarabağ ərazisində salınmış ilk aeroport kimi də mühüm hadisədir.
İki ilə yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri Azərbaycan dövlətinin gücünün, Prezident İlham Əliyevin qətiyyətinin göstəricisidir. Bir neçə iri layihənin başa çatdırılması, o cümlədən Şuşaya gedən Zəfər yolunun salınması, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngilanda Ağalı kəndinin bərpası, azad olunmuş bütün ərazilərdə ən müasir texnologiyalara və idarəetməyə əsaslanan yarımstansiyaların inşası, dağ çayları üzərində elektrik stansiyalarının tikilməsi möhtəşəm və sürətli quruculuq əzminin ifadəsidir. Onu da qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 3 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılır. Bu xərclərin növbəti ildə dövlət büdcəsi xərclərində xüsusi çəkisi 9 faiz təşkil edəcək. Beləliklə, işğaldan azad olunmuş ərazilərin bərpası həm də Azərbaycanın iqtisadi gücünün ifadəsidir. Prezident İlham Əliyevin dediyi kimi, necə bahalı olursa-olsun, biz Qarabağ və Şərqi Zəngəzuru bərpa edəcəyik.

Şahmar Sadıqov,
Salyan rayon Aşağı Noxudlu kənd inzibati
ərazi dairəsi üzrə nümayəndə, YAP fəalı
Mədəniyyət