İkinci ildir dövlətçiliyimizin ən şərəfli səhifəsi olan, xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan Zəfər bayramını sonsuz sevinc və qürur hissi ilə qeyd edirik. Ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş, Ermənistanı diz çökdürmüş, darmadağın etmiş müstəqil Azərbaycan Qələbə işığına bürünüb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun, müqəddəs, ölməz şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, xalqımızın birliyi hesabına qazanılan parlaq Qələbə müstəqil, güclü Azərbaycan dövlətinin hərbi qüdrətinin əyani təsdiqidir. Azərbaycan övladlarının qəhrəmanlığı və şücaəti əsl vətənpərvərlik nümunəsidir.
Xüsusi vurğulamaq lazımdır ki, Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan eyni zamanda, güclü ordu yaradırdı. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn, 2003-2020-ci illərdə ən müasir hərbi texnika, avadanlıq, silah-sursatla təchiz edilən, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa, qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik, dünyanın ən güclü orduları ilə bir sırada qərarlaşan rəşadətli Azərbaycan Silahlı Qüvvələri təcavüzkar Ermənistanın illərlə yaratdığı "məğlubedilməz ordu" mifini 44 gün ərzində dünyanın gözü qarşısında darmadağın etdi. Vətən müharibəsinin ilk günlərindən taktiki üstünlüyü ələ alan Azərbaycan Ordusu hər gün yaşayış məntəqələrini, strateji yüksəklikləri azad etməklə yeni qələbələr qazanırdı. Erməni faşizminə qarşı Vətən müharibəsində beynəlxalq təzyiqləri qətiyyətlə neytrallaşdıran, şanlı ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik edən dövlətimizin başçısı, eyni zamana diplomatiya, informasiya və siyasi fəaliyyət yönlərində də misilsiz addımlar atırdı. Son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytaran Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi ədaləti bərpa etdi, "Qarabağ Azərbaycandır və nida" həqiqəti "dəmir yumruq" əməliyyatında Böyük Qələbəmizin, Zəfərimizin rəmzinə çevrildi. Vətən müharibəsi zamanı Ermənistanın 30 illik işğalına son qoyulmaqla 300-dən çox şəhər, kənd, qəsəbə döyüş meydanında işğalçılardan azad olundu. Döyüş meydanından vahimə içində qaçan düşmənin 10 mindən çox fərarisi oldu, minlərlə canlı qüvvəsi, saysız-hesabsız müxtəlif döyüş texnikası, silah-sursatı məhv edildi və qənimət kimi ələ keçirildi. Hərbi Qənimətlər Parkına gələn hər bir insan burada müharibənin miqyasını, Qələbənin möhtəşəmliyini, Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü və iradəsini aydın görür.
Qüdrətli Azərbaycan Ordusunun erməni faşizmini məhv etməsi, işğalçıları darmadağın edərək layiqincə cəzalandırması Azərbaycan Silahlı Qüvvələrinin gücünü, əzmini və peşəkarlığını göstərən çox mühüm faktdır. Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. Azərbaycan dövləti XXI əsrin müharibəsini aparmaqla beynəlxalq hüquq normalarının tələblərini yerinə yetirdi, 27 il ərzində kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinin döyüş meydanında hərbi-siyasi yolla həllinə nail oldu. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanının, dövlətinin ətrafında sıx birləşdi və bu birlik, həmrəylik "dəmir yumruğa" çevrildi, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi. Bu Zəfər sayəsində "Ermənistanın güclü ordusu var" və "erməni xalqı döyüşkən xalqdır" kimi miflərə birdəfəlik son qoyuldu. Düşmənlərimizin illərlə qurduğu, qürurla öyündükləri "yarılmaz istehkam"lar, "keçilməz sədd"lər, xərclədiyi vəsaitlər və pulsuz aldıqları hərbi texnikalar Azərbaycan Ordusunun qarşısında aciz qaldı. Nəinki ermənilərin özləri, hətta onlara bu müharibədə havadarlıq edən, silahlandıran qüvvələr də belə tez bir vaxtda igid hərbçilərimizin, ağır texnikasız, bıçaqla, süngü ilə Şuşaya qalxmasını və üçrəngli bayrağımızı Şuşada dalğalandırmasını güman edə bilməmişdi. Böyük Qələbə münasibətilə xalqımızı təbrik edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xüsusi vurğulayıb ki: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir".
Noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Taleyüklü məqamlarda hər zaman olduğu kimi, 44 günlük Vətən müharibəsində də regionda və dünyada Türkiyə kimi güclü bir dövlətin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi bizə çox böyük siyasi və mənəvi dəstək oldu, gücümüzə güc qatdı. Qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biridir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır",- deməsi Azərbaycana əlavə güc verdi. Vətən müharibəsində Azərbaycanın Qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilən Zəfər paradını Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Hər iki qardaş ölkənin bayraqlarının paradda birgə dalğalanması, kədərimiz, ağır günlərimiz kimi sevincli Zəfər günümüzü də birlikdə yaşamağımız, Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisədir. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Müharibədən sonra birlikdə Şuşa Bəyannaməsinin imzalanması Türkiyə ilə Azərbaycanın tarixən özülü qoyulmuş mənəvi birliyinin həm də sənədlər üzərində rəsmi təsdiqi oldu. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsində göstərdiyi inanılmaz qətiyyət, müdriklik, rəşadətli Azərbaycan Ordusunun döyüş meydanlarında göstərdiyi qəhrəmanlıqlar dünya hərb tarixində yenilik kimi qəbul olunub, müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.
Bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi Böyük Qayıdış proqramı həm Qarabağımızın və Şərqi Zəngəzurun, həm də geniş mənada ölkəmizin yeni işıqlı sabahlarından xəbər verir. Tamamilə dağıdılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurulur, şəhər və kəndlərimizdə quruculuq-bərpa işləri böyük sürətlə həyata keçirilir. Ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər görülür. İcra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaqdır. Bölgədə yeni iqtisadi münasibətlər və beynəlxalq itqisadi çağrışlar mühiti formalaşdıran müstəqil Azərbaycan yeni dəhliz layihələrini ortaya qoyub. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Dünyada nüfuzu artan, iqtisadi və hərbi cəhətdən güclü bir dövlətə çevrilən müstəqil Azərbaycanın haqlı mövqeyi birmənalı şəkildə Qafqazın və həm də bütün dünyanın təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Beynəlxalq aləm, dünya dövlətləri müstəqil Azərbaycanla hesablaşır, onun qüdrətini, təsir gücünü yaxından hiss edir.
Allahyarov Elmir Burcalı oğlu,
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Füzuli rayon sədri