Azərbaycanın hərbi qüdrətinin artırılması dövlət siyasətinin prioritetidir

Azərbaycanın hərbi qüdrətinin artırılması dövlət siyasətinin prioritetidir

2020-ci ilin 27 sentyabrından 10 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi! Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və müzəffər Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı.
Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Ümummilli liderimizin müxtəlif illərdə vətən, xalq, ordu, Qarabağ haqqında söylədiyi fikirlər bu gün də öz ziya dolu işığıyla xalqımızı, ordumuzu şanlı qələbələrə doğru aparır: “Xalqımız çoxəsrlik tarixində milli mənliyini, torpağını, Vətəni qoruyub saxlamağa qadir olduğunu dəfələrlə sübut edibdir”, “Hər bir tayfanın, ordunun, dəstənin, hər bir millətin başında duranlar, sərkərdəlik edənlər çox şey həll edirlər”, “Xalqımız bilməlidir ki, biz özümüz özümüzü qorumalıyıq, qüdrətimizi, qəhrəmanlığımızı göstərməliyik”.
Azərbaycanda ordu quruculuğunun istənilən dövrü ərzində Azərbaycan xalqı mürəkkəb, ziddiyyətli, eyni zamanda şərəfli bir yol keçmişdir. Müxtəlif dövrlər ərzində Azərbaycan xalqı müxtəlif siyasi sistem və şəraitlərdə yaşamalı olmuş və çətin sınaqlarla qarşılaşmışdır.
Azərbaycan xalqının son birəsrlik tarixini ordusuz təsəvvür etmək mümkün deyil. Bu bir əsrdə iki dəfə müstəqil dövlətini qurmuş Azərbaycan xalqı ötən dövr ərzində ciddi sınaqlarla qarşılaşmış, qırğın və dağıntılarla rastlaşmış, bir sıra məhrumiyyətlərə məruz qalmış, bununla yanaşı, mövcud olan çətinliklərə baxmayaraq, özünəxas iradə ilə inkişaf edərək yüksəlmiş və dünya xalqları arasında layiqli yerini tutmuşdur. Azərbaycan Ordusu da oxşar tarixi yol keçmişdir. Onun təşəkkülü, formalaşdırılması, bu prosesin qarşısında dayanan vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsi, əslində, xalqın milli mübarizəsinin mühüm bir istiqamətini təşkil etmişdir. Azərbaycanın qərar tutduğu tarixi-coğrafi məkanda milli ordunun mövcudluğu milli mövcudluğun ən etibarlı zəmanəti kimi qəbul edilirdi, ona görə də XX əsrin əvvəllərindən başlayaraq bu məsələ Azərbaycan xalqının bütün milli qüvvələrinin qarşısında dayanan mühüm hədəflərdən biri olaraq qiymətləndirilirdi.
Azərbaycan Ordusunun əsaslarının qoyulması Azərbaycanın hərb tarixində yeni bir mərhələni təşkil edir ki, bu da Azərbaycanın son birəsrlik tarixinin ən dəyərli səhifələrindən biridir. Artıq heç kəsə sirr deyil ki, cəmi bir əsr ərzində bu səhifə son dərəcə zənginləşərək xalqımızın qürur və iftixar mənbəyinə çevrilmişdir.
Əsası Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ordu quruculuğu siyasətinin ardıcıl, davamlı və yaradıcı şəkildə həyata keçirilməsi nəticəsində hazırda Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşayır və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında bu tarix hər gün daha da zənginləşməkdədir. Cənab İlham Əliyevin müstəqil dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də uğurla həyata keçirilən siyasəti nəticəsində Azərbaycan Ordusu yalnız bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutmuşdur.

Vüsalə Hüseynova,
Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin müəllimi
Mədəniyyət