Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri bir çox cəhətdən olduqca əlamətdar hadisədir.
Səfər Müzəffər Ali Baş Komandanımızın həm işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması, Böyük Qayıdışın təmin olunması, həm sərhədlə bağlı yaranmış vəziyyətə dair və digər bir sıra məsələlərdə Azərbaycanın qətiyyətli mövqeyinin ifadə olunması, həm də erməni vandalizminin, Ermənistanın və onun təxribatçı hərəkətlərə rəvac verən illeqal fəaliyyətinin ifşası, Zəngəzur dəhlizinin reallaşdırılması və digər məsələlərlə əlaqədar verilən konkret və açıq mesajlarla yadda qaldı. Ona görə də bəhs olunan məsələlər kontekstində bir sıra strateji nüanslara xüsusi nəzər yetirmək məqsədəmüvafiqdir.
Dövlət başçısının Kəlbəcər və Laçına səfəri işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması vəzifəsinin strateji prioritetlər sırasında olduğunu, bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha təsdiqlədi.
Kəlbəcər rayonunun bərpası, yenidən qurulması da bu prosesin mühüm tərkib hissəsidir. Hazırda Kəlbəcər rayonunun elektrik enerjisi ilə dayanıqlı təchizatı üçün mühüm addımlar atılır. Bununla yanaşı, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Kəlbəcər-Laçın avtomobil yolunun inşa olunması, “İstisu”ya öz əvvəlki şöhrətini qaytarmaq üçün görülən işlər və digər tədbirlər Azərbaycan dövlətinin siyasi iradəsini və iqtisadi gücünü nümayiş etdirir.
Müzəffər Ali Baş Komandanımız yeni reallıqlar fonunda bir çox məsələlərlə əlaqədar Azərbaycan dövlətinin qətiyyətli mövqeyini, prinsipial yanaşmasını növbəti dəfə ifadə etdi. Xüsusilə də, Prezident İlham Əliyev Ermənistana və onun hamilərinə açıq mesaj verdi, ölkəmizin sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atdığını bildirdi, hazırda sərhədçilərimizin yerləşdiyi ərazilərin Azərbaycan torpaqları olduğunu, yeni sərhədlərin də oradan keçəcəyini diqqətə çatdırdı. Bir daha aydın oldu ki, Azərbaycan öz prinsipial mövqeyindən bir addım belə geri çəkilməyəcək, strateji hədəflərini ardıcıl olaraq reallaşdıracaq. Azərbaycan Prezidentinin “Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq” fikri siyasi iradənin nümayişi, ədalətli və qətiyyətli mövqeyin təntənəsidir.
Ermənistan tərəfindən atəşkəsin daha çox pozulduğu əraziyə Prezident İlham Əliyevlə Mehriban xanım Əliyevanın birgə səfər etməsi erməniləri cızığından çıxmağa təhrik edənlərə həmin cəhdlərinin əbəs olduğuna açıq ismarıcdır. Dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində, Murovdağında inşa olunacaq 11.6 kilometr uzunluğunda tunelin təməlini qoydular, “Kəlbəcər-1” Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri ilə tanış oldular, “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etdilər, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3.4 kilometr uzunluğundakı tunelin təməlini atdılar, Laçın rayonunun Qorçu kəndi ərazisində Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində iştirak etdilər. Prezident İlham Əliyev Qarabağda və Şərqi Zəngəzurda dəyəri milyardlarla ölçülən bu və digər layihələrə start verməklə, onları əyani şəkildə nümayiş etdirilməklə Ermənistana və onu təxribata sürükləyən dairələrə bu mesajı verdi ki, heç kim və heç bir təxribat Azərbaycanı yolundan döndərə və dayandıra bilməz.
Prezident İlham Əliyevin “CNN Türk”ə müsahibəsində Ermənistanla yanaşı, bu ölkələrə də gərəkli mesajlar verildi. Onların hər biri önəmlidir, çünki informasiya savaşı bu gün də davam edir. Prezidentimizin “Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir…Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır…Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq” kimi açıqlamaları yalnız şimal qonşumuza deyil, eləcə də dünya birliyinə ünvanladığı ismarıc və Qafqazda dayanıqlı sülhə xidmət edə biləcək ədalətli yanaşmaya çağırışdır. Prezident İlham Əliyevin “Bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Bakıda olarkən bu məsələ ilə bağlı biz geniş fikir mübadiləsi apardıq və onlar da təbii ki, bu layihəni çox dəstəkləyirlər” kimi Zəngəzur dəhlizinə aid olan bəyanatı Avropa ilə daha dərin iqtisadi-siyasi əməkdaşlığa ölkəmizin verdiyi önəmin ictimai anonsudur.
Dövlətimizin başçısının “Biz Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır”, “Biz harada lazım bilsək, orada da duracağıq” fikirləri isə qalib Liderin qəti iradənin, əzmin və prinsipial mövqeyinin ifadəsidir. Nəticə etibarilə, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin öz qətiyyətli mövqeyindən bir addım da geri çəkilmədiyini, bütün strateji hədəflərinə addım-addım irəlilədiyini göstərir.
Aqil Qurbanov,
Salyan Qarabağlı 2 saylı kənd tam orta məktəbin tarix müəllimi