Azərbaycanda zəngin neft və qaz yataqlarının istismarı və işlənilməsinin uğurla həyata keçirilməsi ölkəmizin iqtisadi və sənaye potensialının dayanmadan artmasına gətirib çıxartmışdır. Görülən işlərin nəticəsidir ki, ötən il iqtisadiyyatımız 5 faizdən çox, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artmışdır. Yanvar ayının göstəricilərinə görə iqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur.
Bu gün Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir. Azərbaycan özünü və tərəfdaşlarını bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz edə biləcək səviyyədədir. Azərbaycan xarici sərmayə üçün çox cəlbedici və açıq ölkədir. Ölkəmizdə bu gün çox gözəl investisiya iqlimi vardır və eyni zamanda, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini uğurla yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması isə bizim əsas prioritetlərdən biridir.
Bu gün Azərbaycan xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən önəmli ölkədir. Ölkəmizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial vardır. Dörd qonşu ölkəyə ixrac artıq təmin edilmişdir və gələcəkdə digər bazarlara da elektrik enerjisi çıxarılacaqdır. Hər bir yeni stansiyanın inşa olunması ixrac imkanların dahada artırır. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə böyük potensial mövcuddur. Bu ərazilərdə genişmiqyaslı işlərə başlanaraq, o cümlədən elektroenergetika sahəsinə böyük diqqət yetirilir. Aparılan dəqiq hesablamalarla məlum olmuşdur ki, günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. 4 qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana da elektrik enerjisinin ixracatı artmaqdadır. Artıq bu ölkələrə 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilmişdir.
Əminliklə deyə bilərik ki, bu gün həm neft, həm qaz, həm elektrik enerjisi ixracatı Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir. Azərbaycan bu gün dünya miqyasında enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələr sırasında addımlayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyanın nüfuzlu ölkələri ilə həm çoxtərəfli və ikitərəfli münasibətlərdə imza atdığı diplomatik uğurların nəticəsidir ki, bu gün ölkəmizdə nəhəng layihələr gercəkləşdirilir.
Enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əldə edilən böyük nailiyyətlər, rekord göstəricilər ölkəmizin maliyyə və texniki imkanlarından xəbər verir. Həmçinin, Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır. Bu isə ölkəmizi nəinki xam neft, neft məhsulları və təbii qaz, eləcə də, elektrik enerjisinin böyük istehsalçı və ixracatçısı olan ölkələr sırasına daxil edir. Azərbaycan dünyanın neft və qaz təchizatçılarından biri kimi, həm də alternativ və bərpaolunan enerji təchizatçılarından biri olacaqdır. Martın 15-də ölkəmizdə həm iqtisadi, həm də enerji təhlükəsizliyimizin təmin edilməsi istiqamətində daha bir uğura imza atılması isə yolumuzun inkişafa və tərəqqiyə doğru olmasını bir daha təsdiq edir.
Elnur Qəniyev,
Salyan rayon Aşağı Noxudlu kənd inzibati
ərazi dairəsi üzrə nümayəndənin müavini