XOCALI FACİƏSİ ƏSRİN SOYQIRIMIDIR

XOCALI FACİƏSİ ƏSRİN SOYQIRIMIDIR

XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. SSRİ-nin süqutu ərəfəsində Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət, buna nail olmaq üçün Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırıma və təcavüzə məruz qoyub didərgin salmış, eləcə də Ermənistandan 250 min azərbaycanlını tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya etmişdir. Məhz bunun nəticəsində etnik təmizləmə siyasətinə məruz qalan xalqımız, 90-cı illərin əvvəllərində erməni vandalizminin aramsız hücumlarına məruz qaldı, nəticə etibarı ilə Xocalı soyqrımının baş verməsi bu siyasətin əsl mahiyyətini göstərdi...

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Rayonda 1 şəhər, 2 qəsəbə, 50 kənd olmuşdur.

Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:

63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qocalar olmuşlar. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

487 nəfər yaralanmışdır, onlardan:

76 nəfər uşaqlar idi; 1275 nəfər əsir götürülmüşdür. 150 nəfərin taleyindən bu günədək heç bir xəbər yoxdur.

Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi də şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır. Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.

Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş

azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar.

Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu. Milli Qəhrəman Əlif Hacıyev, Tofiq Hüseynov və Möhsüm Məmmədov kimi qəhrəman igid oğullarımız şəhərin müdafiəsi uğrunda ölüm-dirim mübarizəsində böyük rəşadət göstərdilər.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, ''Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.

Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır faciəsi aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyur . Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə bir sırada durur.

Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır.

Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və ər ı hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir. Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, guya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu

qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçilər əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakın sübutudur! Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək göstərilə bilinməməsi səbəbindən həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyindən xilas ola bilmədi. İstintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeniy Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişlər. Lakin, 1992-ci il martın 2-də Xocalı soyqırımında izlən itirmək üçün ruslara məxsus olan 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürülmüş, martın 10-da isə marşal Şapoşnikovun əmri ilə həmin alay ləğv edilərək tərkibi başqa alaylara paylanmışdır

Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti - başda general Zaviqarov olmaqla Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır.

Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxalq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır.

Bu faciədə həmçinin, Azərbaycanın o vaxtkı siyasi və hərbi rəhbərliyi də günahkardır. Ayaz Mütəllibov Azərbaycanın Prezidenti və Ali Baş Komandanı, olaraq ölkənin ərazi bütövlüyünün, təhlükəsizliyinin və onun vətəndaşlarının mühafizəsinin təminatçısı kimi Qarabağda, o cümlədən Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri olan tədbirləri görməmişdir. Ölkənin ali vəzifəli şəxsi kimi Konstitusiya qaydasının, ərazi bütövlüyünün, insanların hüquq

və azadlıqlarının müdafiəsini təmin edə bilmədi. Onlar hətta qırğın baş verəndən xalqın qəzəbindən qorxaraq acı həqiqəti bildirməkdən çəkindilər və erməni

cinayətkarlarının törətdikləri azğınlıqların həqiqi miqyası barədə məlumatlar gizlətdilər. Hakimiyyət uğrunda aramsız mübarizə nəticəsində əliyalın Xocalılar soyqırıma məruz qaldılar.

Tarix unutmayacaqdır

Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı ’’Xocalı soyqırımı günü” elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.

Xocalı soyqırımının dünyaya çatdırılması, bütün dünyanın gözü qarşısında baş verən bu

dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993- cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cu ılın fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi- hüquqi qiymət vermişdir. 2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırımına əsl qiyməti vermişdir: " Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist- millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyıqırımı öz ağılasığmaz qəddarlığı qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım ,eyni zamanda , bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. " Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatlar qəbul etdiyi bir sıra sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Sonralar Ermənistanda mühüm dövlət postları tutanlar Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Beynəlxalq hüququn tələblərində bu cür cinayətlərə görə məsuliyyətə cəlbetmə müddətinin tətbiq olunmaması isə ona dəlalət edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş dəhşətli cinayətlərdən, o cümlədən Xocalı soyqırımından nə qədər vaxt ötsə də, həmin cinayətləri törətmiş məsuliyyətdən yayına bilməzlər. Beynəlxalq hüquq normalarına görə, soyqırım cinayəti törətmiş şəxslərin mühakiməsi cəzalandırılması labüddür.

Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçılar layiqli cəzalanma çatacaqlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar...

Ancaq xalqımız heç zaman Qarabağın işğalı faktı ilə barışmadı, əksinə xalq- dövlət-Ordu birliyi sayəsində Ali Baş Komandanın ətrafında sıx birləşərək 2020-ci il 27 sentyabr-10 noyabrda “ Dəmir Yumruq” hərbi əməliyyatı nəticəsində 44 gün ərzində təkcə Xocalı soyqırımı deyil, son 100 ildə millətimizə qarşı törədilən müsibətlərin cavabını artıqlaması ilə verməklə, qəhrəman oğullarımız öz cam və qanı bahasına olsa da düşmən ordusunu demək olar ki, tamamilə məhv etdi.

Məhz 44 günlük Vətən Müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Bu gün Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli və müdrik siyasəti nəticəsində biz doğma Qarabağımızı düşməndən azad etdik,

tam əminik ki, qısa müddət ərzində hər bir qarış vətən torpağımız cənnətə dönəcək. Doğma Qarabağımız əbədi olaraq müqəddəs vətən torpağı kimi əsl sahiblərinin sayəsində dünyanın ən füsunkar və inkişaf etmiş mədəniyyət və turizm məkanına çevriləcəkdir!

Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi: Xaləddin Tağıyev

Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi: Fəqanlı Bəhram
Mədəniyyət